Bu gün Azərbaycan televiziyasının 70 və radiosunun 100 illik yubileyi qeyd olunur.
Modern.az-ın məlumatına görə, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı kimi keçirilir. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.
Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.
Hazırda Azərbaycanda ümumrespublika, regional, kabel, internet və peyk televiziyası, habelə ümumrespublika və regional radio fəaliyyət göstərir.
Teleradio milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır, xalqımızı dünyaya təqdim etməklə yanaşı, dünya ölkələrinin ən gözəl mədəniyyət, incəsənət, elm, təhsil, mənəviyyat nümunələrini yerli tamaşaçılara çatdıraraq onların intellektual səviyyəsinin, zövqünün zənginləşməsi prosesində iştirak edir.