Modern.az

DTX rəisi: “Ermənistan Silahlı Qüvvələri dinc əhaliyə qarşı müxtəlif təhdidedici hərəkətlərə yol verir”

DTX rəisi: “Ermənistan Silahlı Qüvvələri dinc əhaliyə qarşı müxtəlif təhdidedici hərəkətlərə yol verir”

Aktual

25 İyun 2016, 11:20

 "Təcavüzkar Ermənistanın Silahlı Qüvvələri daim təxribat törətmək planları qurur, cəbhəboyu ərazilərdə dinc əhaliyə qarşı müxtəlif təhdidedici hərəkətlərə yol verir”.

 Modern.az saytı xəbər verir ki, bu haqda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə yazdığı məqaləsində bildirib.  

DTX rəisi yazdığı məqalədə aprel döyüşlərinin nəticələrinin hərbi-siyasi əhəmiyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinə təsirinin böyük olduğunu qeyd edib:

“Silahlı Qüvvələrimizin azsaylı bir heyəti düşmənin illər boyu gücləndirdikləri mövqeləri elə birinci həmlədə məhv etməyi və qısa müddətdə orada möhkəmlənməyi bacarıb. Bundan başqa, Ermənistanın işğal etdiyi ərazilərdəki komanda-qərargah məntəqəsi hərbçilərimizin dəqiq cavab atəşi ilə darmadağın edilib ki, bu da ordumuzun yüksək texniki-taktiki hazırlığını bir daha təsdiqləyir. Beləliklə də, düşmən təbliğatının “erməni əsgərinin məğlubedilməzliyi” barədə “mif” yaratmaq cəhdləri növbəti dəfə puça çıxıb. Azərbaycan əsgəri istənilən mürəkkəb döyüş şəraitində qələbə qazanmağa qadir olduğunu bir daha sübuta yetirib”.

 

M.Quliyev həmçinin bildirib ki,günün tələbləri nəzərə alınaraq, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli, məqsədyönlü və çevik təşkilinə təkan verib:

“Ölkəmizin milli maraqlarına qarşı təhdidlərin vaxtında aşkar edilərək müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, dövlətçiliyin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi, cinayətkarlığa qarşı təsirli və səmərəli mübarizə aparılması bu baxımdan ən ümdə vəzifələrimizdir. Müharibə vəziyyəti ilə yanaşı, ölkəmizin xarici kəşfiyyat orqanlarının diqqətini cəlb etməsi, beynəlxalq miqyasda terrorizm hallarının artması da təhlükəsizlik xidməti əməkdaşlarından daim ayıq-sayıq olmağı, dövlətimizin, xalqımızın, vətəndaşlarımızın təhlükəsizliyini peşəkarlıqla təmin etməyi tələb edir.

Bu gün Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini, milli inkişaf strategiyasını müasir dövrün çağırışlarına uyğun olaraq daha da zənginləşdirən və uğurla gerçəkləşdirən  möhtərəm Prezidentimiz, Ali Baş Komandan, Zati-aliləri cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, məqsədyönlü, düşünülmüş və praqmatik siyasəti nəticəsində dövlət müstəqilliyimiz gündən-günə möhkəmlənir, ölkəmiz istər siyasi-iqtisadi, istərsə də hərbi baxımdan getdikcə daha da qüdrətlənir”. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü