Modern.az

Öz bacarığı ilə etibar qazanan jurnalist - Müşfiq Ələsgərlinin 46 yaşına

Öz bacarığı ilə etibar qazanan jurnalist - Müşfiq Ələsgərlinin 46 yaşına

15 Mart 2019, 14:20

Onun çalışdığı təşkilat elə bir qrumdur ki, fəaliyyəti birmənalı qarşılanmır. Ondan umub küsənlər də var, xeyirxah olduğunu dilə gətirənlər də. Amma onun çalışdığı təşkilatın müstəqil medianın fəaliyyətini tənzimləmək öhdəliyi götürdüyünün fərqinə varanlar çox azdır…

On ildən çoxdur ki, onu tanıyıram. Sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib, öz bacarığı, qabliyyəti ilə etibar qazanıb, ona ehtimad göstərilib. Əlbəttə ki, onun bu uğuruna sevinməyənlər də var. Bu təbii haldır, necə deyərlər, bar verən ağaca daş atan çox olar…

Haqqında söhbət açdığım Müşfiq Ələsgərli 1973-cü ildə Cəlilabad rayonunun Əsədli kəndində dünyaya gəlib. Orta təhsilini həmin kənddə alıb. 1997-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 2000-ci ildə BDU-nun əyani aspirantura şöbəsini bitirib.
1997-ci ildən etibarən ölkənin müxtəlif KİV-lərində fəaliyyət göstərib. 1997-ci ildə “Olaylar” İnformasiya Agentliyində şöbə müdiri, 1998-2001-ci illərdə “Bu gün” qəzetində siyasət şöbəsinin redaktoru, 2002-2003-cü illərdə “Cümhuriyyət” qəzetində araşdırmaçı jurnalist vəzifələrində çalışıb.
2005-ci ildə ABŞ Milli Demokratiya İnstitutunun "Azərbaycan Milli Komitəsi"nin layihəsi əsasında “Space” TV-də “Nəyi necə?” proqramının redaktoru olub.

1997-ci ildə "Jurnalistlərin Həmkarlar İttifaqı"nın (JuHİ) təsisçilərindən biri, təşkilat sədrinin müavini vəzifəsində çalışıb. 2003-cü ildən bu günə kimi JuHİ-nin sədridir. 1999-2002-ci illərdə ABŞ, Brüssel və Polşada ixtisasartırma kurslarında olub.

2008 və 2013-cü illərdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzv seçilib. MŞ sədrinin müavini, MŞ Şikayətlər üzrə Komissiyasının sədridir.

"Beynəlxalq Jurnalistlər Federasiyası"nın (www.ifj.org) Azərbaycan üzrə təmsilçisi, "Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi"nin (www.ifex.org) üzvüdür. İki dəfə prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. Ailəlidir, üç övladı var…


Deyir ki,- "Atam Cəlilabadda yeddi kəndin əhalisinə xidmət göstərən xəstəxanada həkim işləyib. Orta thsil aldığım illərdə tez-tez məktəbə gələr, dərslərimdə əyləşib, mənə nəzarət edərdi. Və həmişə də söyləyərdi: "Malını, mülkünü, işini, hətta sağlamlığını da itirə bilərsən, amma qazandığın bilik son nəfəsinədək səni tərk etməyəcək""…


Zahirən qaraqabaq görünsə də, daxilən çox gözəl insandır. Problemləri ilə ona pənah gətirən imkansızların müşküllərini həll edəndə xüsusi zövq alır, insanların sevincini öz sevinci bilir. At çapmağı, velosiped sürməyi xoşlayır…

Böyük bir nəslin nümayəndəsidir. Qarabağ döyüşlərində 16-ya yaxın qohumu həlak olub, 4-ü yaralanıb. Aralarında "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüləni də var. İstəyir ki, Qarabağ tezliklə işğaldan azad olsun…

İndiyədək 56 ölkədə səfərdə olsa da, heç birində bir həftədən artıq qala bilməyib, vətənə dönüb. Fəxr edir ki, müstəqil Azərbaycanın vətəndaşıdır. Dövlətimizin müstəqilliyinin əbədi olması isə onun ən böyük arzusudur. 

Bəli, onun bir amalı var - Vətənə xidmət, onun tərəqqisində iştirakçı olmaq…

Martın 16-da Müşfiq Ələsgərlinin 46 yaşı tamam olur. Onu azadlığın beşiyi, sözün sərhəd tanımadığı Amerikadan təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...