Polşada 1939-cu il döyüşləri ilə bağlı maraqlı tapıntılar aşkarlanıb.
Modern.az xəbər verir ki, tapıntılar Soxaçev Tarixi Araşdırmalar Qrupunun və VIS Tarixi və Araşdırma Birliyinin nümayəndələrinin iştirakı ilə aparılan axtarışlar zamanı üzə çıxarılıb.
Birgə fəaliyyət nəticəsində iki ədəd hərbi səhra telefonu aşkarlanıb. Onların ehtimal ki, AP-27 modeli olduğu bildirilir. 80 ildən artıq müddət ərzində torpağın altında qalan bu cihazların təəccüblü dərəcədə yaxşı vəziyyətdə qorunduğu qeyd edilir.

Axtarışlar 1939-cu il Sentyabr kampaniyası ilə əlaqəli meşəlik ərazidə aparılıb. Telefonlardan əlavə, axtarış iştirakçıları İkinci Dünya müharibəsi dövrünə aid digər əşyalar da tapıblar. Tapıntılar arasında tüfəng gilizləri, bel çantası tokası, bir nişan və sikkələr olub. Lakin iki səhra telefonu ekspedisiyanın ən əhəmiyyətli tapıntıları hesab edilir.
Axtarış iştirakçılarının verdiyi məlumata əsasən, ehtimal olunur ki, telefonlar Polşa ordusunda istifadə olunan AP-27 cihazlarıdır. Onların konkret hansı hərbi hissəyə məxsus olduğunu dəqiq müəyyənləşdirmək üçün əlavə araşdırmalar aparılmalıdır. Tapıntının yerləşdiyi ərazi bu avadanlıqların Lodz polkunun bölmələrindən birinə aid ola biləcəyini ehtimal etməyə əsas verir. Telefonlar polşalı əsgərlərin hərəkət marşrutunun və döyüşlər apardığı ərazinin yaxınlığında aşkarlanıb.
Maraqlıdır ki, hər iki cihaz bir-birinə yaxın məsafədə yerləşib. Səhra telefonları hərbi rabitə sisteminin mühüm elementlərindən biri idi və komanda məntəqələri ilə döyüş meydanındakı bölmələr arasında əlaqəni təmin edirdi. Bu telefonların aşkarlanması həmin ərazidə gedən döyüşlər zamanı rabitə sistemi və Polşa bölmələrinin hərəkətləri barədə əlavə məlumat əldə etməyə imkan verə bilər.
Soxaçev və ətraf ərazilər 1939-cu ilin sentyabrında şiddətli döyüşlərin baş verdiyi məkanlardan biri olub. Bu rayon 9 sentyabrda “Poznan” və “Pomorye” orduları arasında başlayan Bzura çayı döyüşünün mərkəzində yerləşirdi. Sonrakı günlərdə Polşa qoşunları Varşavaya doğru irəliləməyə çalışıb və Soxaçev onların marşrutu üzərində strateji əhəmiyyətli məntəqəyə çevrilib. Şəhər ətrafında xüsusilə şiddətli döyüşlər sentyabrın ikinci yarısında davam edib.