Modern.az

İsmayıl Şıxlı oğlanlarına niyə “adam olun, kişi olun!” demişdi? - Məşhurların VƏSİYYƏTİ

İsmayıl Şıxlı oğlanlarına niyə “adam olun, kişi olun!” demişdi? - Məşhurların VƏSİYYƏTİ

Reportaj

7 May 2019, 09:19

Modern.az saytı “Məşhurların son günü” adlı rubrikaya start verir.  Yeni rubrikamızda hər kəsin tanıdığı simaların ölümündən az öncə ailəsinə, övladlarına dediyi son sözlər və ya vəsiyyəti barədə danışılacaq.

Rubrikamızın ilk təqdimatı görkəmli ziyalı, mərhum deputat, Azərbaycanın Xalq yazıçısı İsmayıl Şıxlıya həsr olunur. İsmayıl Şıxlının son xatirələrini bizə onun oğlu, tanınmış jurnalist, “Ayna” - “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı danışacaq.


- Elçin müəllim, atanız barədə ən çox yadınızda qalan xatirələr hansılardı?


- İlk olaraq dərs dediyi İnstitutdan (Azərbaycan Pedaqoji İnstitunun Filologiya fakültəsi)-red.) başlamaq istəyirəm. Tərifləmək kimi çıxmasın, atamın mühazirələrini dinləmək üçün hətta Tarix fakültəsindən gələnlər olurdu. Atam pedaqoq idi, atası da pedaqoq olub.
Mənə bir dəfə gəlib dedilər ki, yazıçılar mühitində İsmayıl Şıxlı feodaldır, sərtdir.
Əslində İsmayıl Şıxlı sərt deyildi, sadəcə olaraq prinsipial insan idi. Müəyyən prinsipləri var idi. Bunlara əxlaq kodeksi, pedaqoq kodeksi, insan kodeksi daxil idi. Onun çərçivələrindən heç vaxt kənara çıxmırdı. Hətta pedaqoq kimi onun özünün bir hekayəsi var, adı “Zərbə”dir.

Atam deyirdi ki, mən həmişə başım çıxan, gördüyüm, şahidi olduğum hadisələr barədə yazıram. Atam tələbəni kəsən müəllim olmayıb. Tələbə nəyisə oxuyub, başa düşərdisə, atam həmişə həmin tələbəyə güzəştə gedib. Lakin heç nə oxumayan tələblər də olub, atam həmin tələbənin də insani keyfiyyətlərinə baxıb münasibət qururdu.

Bir dəfə həmin tələbələrdən biri atamın səmimiyyətini görərək elə düşünüb ki, imtahana hazırlaşmaya bilər. Həmin “Zərbə” adlı hekayəsində bu əhvalat barədə  hər bir incəliyinə qədər danışılıb. O tələbə bir bilet götürür suala cavab verə bilmir, ikiniciyə də eyni ilə... və belə davam edir. Atam ən sonunda “nəyi bilirsən, onu danış” deyib, lakin tələbənin deyəcək sözü yox imiş. Məcbur olur atam həmin tələbəni imtahandan kəsir. Yeni sessiya başlayanda auditoriyaya göz gəzdirəndə atam görüb ki, həmin tələbə otaqda yoxdu. Soruşur ki, hardadır, deyirlər ki, iki həftədi dərsə gəlmir. Rayondan gələn oğlan imiş və təqaüdlə dolanırmış. Atam öz məvacibindən təqaüd ayırır həmin tələbəyə ki, gəlsin dərsini oxusun. Sonra həmin tələbə gəlir bütün müəllimlərlə salamlaşır, atamla salamlşmır. Tələbələr onu qınayırlar ki, “sən niyə belə elədin? Həmin müəllim sənə öz cibindən təqaüd verir”. O da deyir ki, “imtahandan kəsməyəydi, indi də öz cibindən verməyəydi”. Hekayənin adı məhz buna görə də “Zərbə”dir.

İsmayıl Şıxlıya feodal, yaxud sərt adam deyəndə mənim üçün “feodallıq” onun prinsipiallığından irəli gəlirdi. Onun tələbələri olmuş, sonradan elmlər doktoru adını qazanmış bəzi şəxslər var. Deyirdilər ki, tələbə ağzını açıb bir-iki kəlmə dərs danışsaydı, İsmayıl müəllim o tələbəni kəsməzdi. Onun kim olduğunu biz ağlımız kəsəndən sonra bilmişik. Biz yazıçıların həyətində böyümüşük.  Bəxtiyar əmi, İlyas əmi, Qabil əmi deyirdik. Böyüyəndən sonra bildik ki, Bəxtiyar Vahabzadə kimdi, İlyas Əfəndiyev kimdi...

Ailədə isə olduqca təmkinli adam idi. Bu olsun ki, bu onun pedaqoqluğundan irəli gəlirdi.


Bu xatirəmizi heç bir yerdə danışmamışam. İlk dəfə olaraq Modern.az üçün danışıram: Bakıya nadir hallarda yağan qar ələnmişdi, çovğun idi. Mən təxminən 5-ci sinifdə oxuyardım. Biz məktəblə yaxın məsafədə yaşayırdıq. Qardaşım isə birinci sinifə gedirdi. Atam qardaşımın əlindən tutdu, getdik məktəbə. Amma güclü yağan qar səbəbiylə məktəb bağlı idi, dedilər evə qayıdın. Bizim bir pedaqoq var idi. Atam ayaq saxlayıb onunla söhbət elədi. Mən həyətə çıxdım. Bakıda qar nadir hallarda belə güclü yağırdı və mən həvəsli idim. Həyətdə 1-ci və ya 2-ci sinifdə oxuyan uşaqlar var idi. 5-6 uşaq 1 uşağı  döyüb qarın içinə sıxışdırmışdı. Uşaq pis vəziyyətdəydi. Mən bir az iribədənli idim. Bunları qovdum, uşağı xilas elədim. O, bizim məhləyə yaxın yerdə yaşayırmış. Mənim bir səhvim o idi ki, atama hara gedəcəyimi demədim. Uşağın əlindən tutub aparıb anasına təhvil verdim. Öz aləmimdə çox böyük qəhrəmanlıq göstərmişdim. Məktəbə qayıdanda təbii ki, artıq atam orda yox idi. Qaça-qaça evə gəldim və onun həddindən çox özündən çıxdığının şahidi oldum. Mənə çox hirslənmişdi. Xeyli danladı məni. Təsəvvürünüzə gətirin ki, heç danışmadım. Öz aləmimdə qəhrəmanlıq etmişdim. Bu da “çox sağol”.

Eyni ilə oxşar hadisə: atam rəhmətə getmişdi. Elə onun haqqında bizdə film çəkilirdi. Operatoru isə əvvəldən tanıyırdım. Həmin şəxs “Dəli Kür”də ikinci operator olmuşdu - Yura Varnovski. Oğlunu da özüylə gətirmişdi. Nə isə, çəkiliş zamanı 2 balaca öz aralarında danışıblar. O zamanlar da kompüter salonları çox dəbdəydi. Yuranın oğlu soruşub ki, məndə pul var, buralarda harda komputer salonu olar? Mənim oğlum da deyib ki, onda pul yoxdu, amma kompüter salonunun yerini bilir. Və biz bunları 1 saat qorxu içində axtarmışıq. Evdə anam, yoldaşım ağlaşırdı. Bir də gördüm ikisi də kefi kök vəziyyətdə gəlirlər. O məqamda mən atamın o zaman hansı hisslər keçirdiyini anladım. Atam həmişə yanımızda olub, hər məqamda bizə dəstəkçi, məsləhətçi idi.

- Əsərlərini sevərək oxumusunuz, yoxsa atanızınkı olduğuna görə?

- Mən “Dəli Kür”ü oxuyanda 10 ya da 11 yaşım olardı, amma oxumuşdum. O zamankı qavramayla indiki təbii ki, başqadı. Mən Azərbaycan dilini bir Mehdi Hüseynin dilindən, əsərlərindən öyənmişəm, bir də atamın. Bizdə tanınmış yazıçılar var ki, baxırsan budaq cümlələr bir-birini  arxasınca gəlir. Az qala kitabın bir səhifəsini tutur. Amma bunlarda tamam başqa cür idi. Sözlər, ifadələr, təsvirlər-hər şey qaydasında olub. Atamın əsərlərini sevə-sevə oxumuşam. Sonuncu - “Ölən dünyam” romanını mən “Dəli Kür”dən daha çox sevirəm. Demirəm bu ondan güclüdür, amma zəif də deyil. “Ölən dünyam”ı mən 31 yaşımda oxumuşam, redaktəsində, hazırlanmasında da iştirak etmişəm. Hər epizodu oxuduqca, yaşayırdım. Buna görə də “Ölən dünyam”ı daha çox sevirəm.

- İsmayıl Şıxlının son vaxtlarında övladlarından böyük bir istəyi olubmu?

- Atam rəhmətə gedəndə məndən də, qardaşımdan da soruşurdular ki, vəsiyyəti nə olub?
Onun konkret vəsiyyəti yox idi. Həmişə eyni sözləri təkrarlayardı: “Adam olun, insan olun, kişi kimi yaşayın”. Bir də onun bir sözü var idi. Deyirdi ki, nifrət içində yaşamaq olmaz. Nifrət içində yaşadınsa, şəxsən öz həyatını zəhərə çevirirsən. Elə məqamlar olurdu ki, nəsə bir pislik edirdilər atama. Aradan illər ötür. Həmin adamın işi atamın bir sözündən aslı olub. Atam həmişə kömək göstərərdi və mən onunla həmişə mübahisə edərdim. Elə məqam olanda düşünürdüm ki, yəqin indi əvəzini çıxacaq, amma əksinə, atam ona kömək edirdi. Deyirdim ki, ata, sənin yadındadı, o pislik etdi? Cavab verirdi ki, yadımdadı. Deyirdim bəs, bu adam sənə pislik edib axı. Deyirdi ki, sən hələ cavansan, başa düşmürsən. Biraz kobud çıxır, amma görünür elə düşünürdü ki, bu da onun etdiyi kimi etsə, elə həmin adamın tayı olar.
Atam mömin adam deyildi, amma deyirdi ki, “Allah görür və ona görə də onun işini məndən aslı elədi”.


Atam üçün vəzifə heç vaxt önəmli olmayıb. Belə bir əhvalatı danışım sizə: Yazıçılar İttifaqının sədri idi. Onun vaxtilə tələbəsi olmuş məşhur bir tənqidçi alim atamın işi barədə qeyri-obyektiv fikirlər yazıb. Atam həmin vaxt ərizəsini yazıb vəzifədən çıxmışdı. O deyirdi ki, insanların vəzifə üçün bu qədər “iyrəncləşmə”sinə dözə bilməz: “İstəyirlər gəlib otursunlar vəzifədə, amma mən insanlara olan güvənimi daha çox itirməyim”. Onun üçün vəzifə heç vaxt önəmli olmayıb. Adamlar var ki, kürsüyə əyləşir və qalxmaq istəmir. O, üç dəfə Yazıçılar İttifaqında 3-cü katib olmuşdu, amma  ərizəsini yazdı çıxdı. “Azərbaycan” jurnalının baş redaktoru olmuşdu, ərizəsini yazdı və çıxdı.
1981-ci ildən 1987-ci ilə kimi birinci katib vəzifəsində çalışdı, yenə ərizəsini yazdı və çıxdı. Lakin yeganə təəssüfləndiyi müəllimliyinə son qoyması idi. Deyirdi ki, “pedaqoq olanda özümü xoşbəxt hiss edirdim, bilirdim ki, kiməsə nəsə öyrədirəm, xeyir verirəm”. Lakin burda belə onu istəməyənlər var idi. Mən bir dəfə o zamanlar Pedaqoji İnstitutun qarşısından keçəndə arxadan 2 müəllim gəlirdi. Təsadüfən danışdıqlarına şahid oldum. Deyirdilər ki, “bu İsmayıl Şıxlı nə özü pul alır, nə də qoymur biz alaq”. Bizim cəmiyyətin ən böyük problemi məhz budur. Buna görə də çıxırdı işdən və deyirdi dağıdın, məhv edin. Dağıdılıb, təhsilimiz məhv olub.

- Elçin müəllim, İsmayıl Şıxlı vaxtını daha çox işinə sərf edirdi, ya ailəsinə?

- Həm ailəsinə, həm işinə zaman ayırırdı. Məişət işləriylə məşğul olmurdu. Onu anam öhdəsinə götürmüşdü. Amma atamın əlindən hər iş gəlirdi. Müharibə zamanı sapyor batalyonunda olub. Müharibədə tikinti işləri, müdafiə redutları hazırlamaq, tikmək onun öhdəsində olub deyə,  əlindən hər şey gəlirdi. Atam otağının qapısını bağlayanda evdə tam səssizlik olurdu. Artıq bilirdik ki, nəsə işləyir.

Atam qardaşıma da, mənə də daim deyirdi ki, dərs oxuyun. Yadımdadır ki, mənim üçün bir dəfə nazirdən xahiş eləmişdi. O zamanlar – SSRİ dövründə - ilk dəfə olaraq Azərbaycana xaricdən dərs demək üçün müəllim gəlmişdi. Mən Azərbaycan bölməsində oxuyurdum. Həmin ingilis müəllim bir dəfə bizim bölmədə dərs demişdi və imtina etmişdi. Artıq rus bölməsində dərs deyəcəkdi. Dekan bizə dedi ki, o, yalnız ingilis dilini bildiyi üçün artıq Azərbaycan bölməsində dərs deməyəcək, onun üçün çətin olur. Mən onun qrupuna düşmək istəyirdim. Məni rus bölməsinə keçirmək üçün atam 2 ay nazirin qəbuluna düşməyə çalışdı.

- Atanızın ölüm anı xatirinzdə necə qalıb?

- Atam 1 il yataq xəstəsi oldu. Gözləri tutulmuşdu. Son əsəri olan “Ölən dünyam” romanını xəstəykən diktə edirdi, anam da yazırdı. Son dəfə romanı martın 10-da oxutdurdu və nöqtəsini qoydu. Dedi ki, artıq rahat ölə bilər. İtki ağırdır. Qəfil ölüm də ağırdır, amma uzun müddət bir insanın gözlərrinin önündə sönüb getməsi çox ağırdır.

Nuranə DAXİLQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub