Modern.az

“Prezident eyhamla söylədi ki, özünüzü yığışdırın” - Dövlət başçısının mesajları kimlərə ÜNVANLADI

“Prezident eyhamla söylədi ki, özünüzü yığışdırın” - Dövlət başçısının mesajları kimlərə ÜNVANLADI

17 Oktyabr 2019, 19:29

Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə bir sıra mühüm məsələlərə toxunub. Ölkə başçısı mətbuatla bağlı da iradlar səsləndirib:

“Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Onların Prezidentin tapşırığı ilə apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik”.


Ölkə başçısının media ilə bağlı  dedikləri xüsusi diqqət çəkir. Çünki bəzi məmurlar illərdir bir-birlərinə qarşı  “qara piar” kampaniyası, kompromat savaşı aparmaqla məşğuldurlar. Təbii ki, qarayaxma kampaniyasının aparılması üçün mediadan xüsusi alət kimi istifadə edilir.

Bu zaman bir məmur digər məmuru həm hakimiyyətin, həm də xalqın gözündən salmaq üçün hansısa sayt, qəzet, yaxud da, agentlik rəhbərinin əli ilə “vurdurur”. 


İş ondadır ki, məmurların “vurulması” məsələsi böyük KİV-lərdə daha çox diqqət çəkir.


Özünü ciddi mətbuat adlandıran hansısa sayt, qəzet, agentlik rəhbərinin məmurların savaşında alətə çevrilməkdə marağı, mqəsədi nədir?!

Bu məsələdə toqquşan maraqlar kimə xeyir gətirir?!

Prezident İlham Əliyevin müşavirəsində media ilə bağlı səsləndirdiyi iradlar dünəndən başlayaraq sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib. Əksər sosial şəbəkə istifadəçiləri Prezidentin səsləndirdiyi bu fikirləri dəstəkləyir və tələb edirlər ki, medianı ölkə başçısının da dediyi kimi, mübarizə alətinə  çevirənlər qanun qarşısında cavab versinlər.

Modern.az saytı mövzunun aktuallığını nəzərə alaraq, müxtəlif media adamlarının fikirlərini öyrənməyə çalışıb.

 
Bundan irəli gələn hansısa tədbirlər olacaq...

 

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, o, öncədən də belə halların mövcud olduğunu bilirdi:

“Oliqarx adlandırılan şəxslərin hərəsi bir qəzet, sayt, yaxud da  informasiya agentliyi təsis edərək, onları maliyyələşdirirlər. Həmin strukturlarda çalışan jurnalistlərə  ilk növbədə tapşırıqlar verilir ki, filan məmur haqqında kompromat  toplamalı  və onları çap etməlisiz. Bu hallar var idi. Görünür, bu halların geniş  vüsət alması o dərəcəyə çatıb ki,  dövlət başçısı öz  çıxşında məsələyə diqqət yetirməli olub. Söhbət ondan gedir ki, media və bugünkü jurnalistikanın vəziyyəti  heç də ürəkaçan deyil. İndi vəziyyət o yerə çatıb ki,  ənənəvi Kütləvi İnformasiya Vasitələri artıq ictimai rəyə təsiretmə imkanından öz-özünü məhrum edib.  Cənab prezidentin səsləndirdiyi kimi, KİV-ləri bu istiqamətə sürükləyən müxtəlif məmurlar var. Həmin məmurlar aparılan islahatların əleyhinə çıxırlar.  İslahatların əleyhinə çıxmaq açıq-aşkar yox, altdan-altdan aparılır. Cənab prezident də açıq şəkildə bildirib ki,  məmurların  bir-birini mediada şantaj etməsi halları dözülməzdir. Bu kəlməni 2 dəfə təkrar etdi. Cənab Prezident müşavirədəki çıxışında çox da dərinə getmək istəmədiyini qeyd etdi. Hər halda o, eyhamla söyləyir ki, “özünüzü yığışdırın”. Güman ki,  bundan irəli gələn hansısa  tədbirlər olacaq:
“Əgər islahatlarda  bizimlə birgə olmayan adamlar varsa, yollarımızı ayıracağıq. Əgər islahatlara gedəcəklərsə, qalıb işləyəcəklər, əleyhinə olacaqlarsa onlarla sağollaşacağıq”.

Dövlət başçısının həmin fikirlərinə bundan artıq və açıq şəkildə nəsə əlavə etməyə ehtiyac yoxdur”

 

Müstəqil  saytlara kim reklam verir?!

 

“Şərq” qəzetinin baş redaktoru  Akif Aşırlı qeyd edib ki, Prezident mediadakı mövcud vəziyyəti analiz edərək və bu problemləri bilərək, diqqətə çatdırıb:


“Mediada bu hallar  var və saytlarda özünü əks elətdirir. Hər bir məmurun, nazirin özünün təsir dairəsində olan maliyyələşdirdiyi saytlar var. Məsələ bundadır ki, məmur savaşı saytlarda öz əksini tapdığı kimi, bu mübarizənin sosial şəbəkələrdə də ən acı nəticələrini görürük. Hətta təhqiramiz  ifadələrdən tutmuş şərhlərdə trolluq edənlərə qədər hamısını əldə saxlayırlar. Bu hallar 1990-cı illərin əvvəllərində klassik mətbuatda da vardı. İndi  çap mətbuatının təsir imkanları azaldığından  saytlar aparıcı  mövqedədir. Həmçinin, saytlar ucuz başa gəlir və 5-6 otağı zəbt edib kirayə haqqı, kağızpulu ödəmirlər. Sadəcə, müəyyən məbləğdə texniki imkanlar  və müəyyən qruplarda bəlli halı yaradırlar. 15-20 il əvvəlki çap mətbutatına nəzər salsaq, bu halları görə bilərik. Əsas məsələ budur ki, biz artıq peşə dəyərlərini itirməyə başlamışıq. Jurnalistikada peşə dəyərlərinə hörmət qalmayıb. Bu dəyərləri  qoruyub-saxlayan az-çox peşəkar kollektivlər  var idi ki, maddi imkansızlıq  ucbatından dağılır. Jurnalistlər ayrı-ayrı sahələrə üz tuturlar və  onların da əvəzinə qeyri-peşəkarlar gəlir. Qeyri-peşəkarlar da gələndə anormal vəziyyət yaranır. Peşə dəyərlərinə sayğı olmadığı və bu ənənələr qırıldığı və bilərəkdən bu ənənəkləri qırdıqları üçün belə vəziyyət yaranıb. İkinci məsələ ondan ibarətdir ki, ölkədə medianın  vəziyyəti onun reklam bazarı ilə  müəyyənləşməlidir. Bu gün Azərbaycanda həmin saytlara reklam verənlər, həmin o reklamı verib maliyyələşdirən oliqarxların, məmurların, nazirlərin təsir dairəsində olan şirkətlərdir.  Müstəqil  saytlara kim reklam verir?! Bunun analizini aparıblarmı?!. Ona görə də cənab Prezidentin apardığı islahatalara dəstək verə biləcək  güclü və müstəqil mətbuata ehtiyac var”.

 


Deputat saytların maliyyələşməsinin əleyhinədir

 

Milli Məclisin deputatı Vahid Əhmədov düşünür ki, mütləq media sahəsində islahatlar aparılmalıdır:

“Cənab Prezident müşavirədə media ilə bağlı çox ciddi danışdı. Hər oliqarx özünə bir sayt  açıb və orada hansısa məmuru “vurdurmaq”la məşğuldur. Ona görə də mütləq media sahəsində islahatlara gedilməlidir. Çünki ölkədə iqtisadi, hüquqi islahatlar gedirsə, niyə media kənarda qalsın?!

Öncə araşdırmaq lazımdır ki, bu söyüş ritorikası mediaya hardan gəlib çıxdı?! Bir neçə il bundan qabaq Azərbaycan mediasında söyüş məsələsi yox idi. Mentalitetə də yaraşan hallar deyil. Müəyyən qruplar peyda oldu. Hətta bizim tanıdığımız adamlar var ki, kim onları söyüş məsələsinə getməyə məcbur etdi?!. Ümumiyyətlə, medianı bazar tənzimləməlidir. Necə ki iqtisadiyyatı bazarın ixtiyarına buraxırıq, bunu media üçün də mümkün etməliyik. Dövlət baçşçısı media sahəsində müsbət işlər görür. Jurnalistlər üçün evlər tikilir. Bunları alqışlayıram. Bu yaxınlarda eşitdim ki, Mətbuat Şurası saytlara maliyyə ayrılmasını təklif edir. Axı niyə?!  Hansı əsasla bunu etməliyik?! Ona görə də bu işləri bazarın ixtiyarına buraxmaq lazımdır. Yaşaya bilirsə, yaşasın, yaşaya bilmirsə, gedib başqa işlə məşğul olsun. Belə hal baş verəndə məmurların peyda olmasına gəlincə, guya, Azərbaycanda hansısa saytı hansısa  məmurun, nazirin maliyyləşdiriyi bəlli deyil?!”.

 

“Prezidentin fikirlərinə heç bir əlavəm yoxdur...”

 

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının şöbə müdiri Aydın Mirzəzadə məsələyə qısa və lakonik cavab verib:

“Cənab Prezident müşavirədə kifayət qədər açıq və sərt danışdı. Mənim onun səsləndirdiyi fikirlərə heç bir əlavəm yoxdur”.

 

“Mətbuatı sifariş oylağı edənlər müstəqilliyimizə qarşı olanlardı...”

 

Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının rəhbəri  Elşad Eyvazlı məsələyə belə yanaşma sərgiləyib:

“Mediada baş verən neqativlərə dövlət başçısı münasibət bildirirsə, artıq bu, ciddi problemlərin olduğunu göstərir. Çox təəssüfləndirici haldır. Burada iki tərəf var: hər hansı bir sayt “reketçilik”lə məşğuldursa, yaxud da kimsə həmin media qurumuna sifariş verirsə,  bu zaman sifarişçi ilə sifarişi yerinə yetirənin məsuliyyəti eyni olmalıdır. Jurnalist prinsiplərinə əməl edən şəxs ona 100 sifariş versələr belə, onu yerinə yetirməməlidir. Məsələn, Modern.az İnformasiya Agentliyinə də sifariş vermək istəyənlər olub, amma bunun baş tutmayacağını  dərk ediblər. Artıq hər kəs anlayır ki, Modern.az sifariş yerinə yetirən ünvan deyil. Təəssüf ki, Azərbaycan media qurumunu sifariş qəbul edən məkana çevirən tanınmış KİV-lər belə var. Görünür sifarişi yerinə yetirmək üçün mediada münbit şərait yaradılıb. Dəfələrlə şahidi olmuşam ki, belələri bütün tədbirlərdə bizdən önə keçirlər. Sual olunur: Necə?!

Məsələnin digər tərəfi də odur ki, sifarişi yerinə yetirən, daxili intriqalara yol açan media qurumları “ar olsun onlara” deyib hay-küy salacaqlar və əsl hədəfin istiqamətini dəyişəcəklər. Bu da yolverilməzdir. Sifarişi yerinə yetirənlər o dərəcədə utanmaz olublar ki, geyindikləri libasları başqalarının əyninə biçirlər. Bu da təəssüfedici haldır. Sosial şəbəkələrin dünyanı idarə etdiyi bir vaxtda silahdan daha çox, informasiya savaşı diqqət çəkir. Təəssüf ki, belə bir vaxtda sifarişçi medianın böyük bir hissəsi üçün daxili intriqalar yaratmaq, hansısa görülən işlərə qara yaxmaq tendensiya halını alıb. Açıq deyəcəm: normal jurnalistlərimiz, jurnalistikanın təəssübkeşləri bu məsələdə mütləq önə çıxmalıdırlar.

Jurnalistikamızla bağlı həlledici məqamlarla bağlı dövlət başçısı təşəbbüs göstərir, ancaq biz bu təşəbbüsə adekvat işlər görə bilmirik. Bu da bizim problemimizdir. Cənab Prezident məsələni gündəmə gətiribsə, niyə ona ciddi şəkildə dəstək göstərməyək?! Bu dəstək yalnız sözdə deyil, əməldə də olmalıdır.
Ölkəmizdə aparılan hər bir işə göz yummamalı, hamılıqla dəstək olmalıyıq. Bu, dövlətimizin gələcəyi üçün çox önəmlidir. Bu cür məsələlərə göz yummaq, işləyən adamı sifarişlə yerə vurmaq gələcəyimizə zərbədir.

Bir müddət əvvəl cənab Prezident demişdi ki, bütün  jurnalistləri özünə köməkçi hesab edir. Bu o deməkdir ki, siz doğrunu yazın, mən sizin verilişlərinizi, yazılarınızı izləyirəm.

Sonuncu müşavirədə isə dövlət başçısı xüsusi mesaj verdi. Ona görə də media nümayəndələri bu məsələdə birgəlik nümayiş etdirməlidir. Biz gələcəyimizi fikirləşməli, daxili intriqalardan uzaq olmalıyıq. Medianın fəaliyətinin intriqalara hesablanması Azərbaycanın gələcəyinə, müstəqilliyinə, inkişafına vurulan zərbədir.  Cənab Prezidentin bu mesajından sonra bir olmasaq, jurnalistikamızı böyük bəlalar gözləyir.

Azərbaycan müharibə şəraitində olan ölkədir. Azərbaycan jurnalistləri erməni jurnalistlərə qalib gəlməlidir. Bunsuz qələbə çətindir. Daxili intriqalara hesablanmış enerji, vaxt itkisi, informasiya müharibəsində ancaq fəlakət gətirə bilər. Belə bir vaxtda mətbuatı yanlış istiqamətə sürükləyənlər mütləq Azərbaycanın müstəqilliyinə, inkişafına, bütövlüyünə, Qarabağın işğaldan azad edilməsinə qarşı olanlardır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir