Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən Ceyhun Bayramov–Ararat Mirzoyan görüşü fərqli mesajlar verir. Görünən odur ki, sülh prosesi danışıqlar masasından çıxaraq konkret infrastruktur layihələri fazasına keçir.
Proses dünya mediyasının da gündəmindədir. Reuters yazır ki, iki xarici işlər naziri BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində görüşərək, 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan birgə bəyanat və paraflanan sülh sazişindən sonrakı irəliləyişi müzakirə ediblər. Diqqətçəkən məqam budur ki, beynəlxalq agentlik bu prosesi imzalanmış hüquqi sənədin icra mərhələsi kimi təqdim edir.
Görüşdən sonra yayılan rəsmi məlumatlarda əsas cəhət Bakı və İrəvanın bəyanatlarında demək olar ki, eyni ifadələrin işlədilməsidir. Ermənistanın rəsmi Armenpress agentliyi yazır ki, nazirlər sülhün əhəmiyyətini vurğulayaraq, xüsusilə iqtisadi və nəqliyyat infrastrukturunun blokdan çıxarılmasına diqqət yetiriblər. Public Radio of Armenia bu fikri tamamlayaraq bildirir ki, tərəflər birbaşa dialoqu davam etdirmək qərarına gəliblər.
İki ölkənin eyni prosesi üst-üstə düşən ifadələrlə təqdim etməsi ciddi diqqət çəkir. Diplomatiyada bu, tərəflərin hətta ictimaiyyətə çatdırılacaq mesajı belə əvvəlcədən razılaşdırdığının işarəsidir. Bütün bunlar sülh prosesinin nə qədər institusionallaşdığının göstəricisidir.
Beynəlxalq hüquq dilində “unblocking” ifadəsi birbaşa 2020-ci il noyabr bəyanatının müddəalarına gedib çıxır. Praktikada bu, tam sərhəd liberallaşması anlamını verməsə də, sərhəd-keçid məntəqələrinin, gömrük protokollarının və nəqliyyat dəhlizlərinin mərhələli, nəzarətli açılması deməkdir.
Reuters-in yaydığı materialda başqa bir incə məqam diqqəti çəkir. İki nazir ticarət və tranzit əlaqələrini sülhün faydalarının “praktiki nümunəsi” kimi təqdim ediblər. Bu formula diplomatik ritorikadan fərqlənir. Demək ki, masadakı sülh mücərrəd prinsip olmaqdan çıxaraq ölçülə bilən iqtisadi göstəriciyə çevrilməyə başlayır.

Maraqlıdır ki, elə həmin gün Bayramov ayrıca görüşdə ABŞ şirkətlərinin nümayəndələri ilə TRIPP təşəbbüsünün genişlənməsi barədə danışıb. Azərbaycan mətbuatı bu mövzunu daha çox konkret iqtisadi imkan kontekstində işləyir. Beynəlxalq media isə prosesi daha geniş regional əlaqəlilik çərçivəsində görür. Qərb üçün Cənubi Qafqaz vahid geosiyasi arxitekturanın tərkib hissəsi kimi görünür.
Erməni rəsmi mediası Armenpress və Public Radio of Armenia həmin faktları təxminən eyni mətnlə, lakin fərqli milli çərçivədə təqdim edir. Proses baş nazir Paşinyanın “Crossroads of Peace” (“Sülh Yolayrıcı”) konsepsiyasının davamı kimi işlənir. Burada maraqlı bir tarazlıq görünür. Bakı üçün proses ərazi bütövlüyünün və tranzit suverenliyinin bərpası, İrəvan üçün isə təcriddən çıxış deməkdir. İki tərəfin eyni infrastrukturu öz milli maraqları prizmasından fərqli oxuması, əslində, sazişin dayanıqlılığı üçün nadir rast gəlinən sağlam əlamətdir. Hər iki cəmiyyət prosesi özününkü kimi qəbul edə bilir.
24 sentyabr görüşünün əsl əhəmiyyəti ondan ibarətdir ki, baş verənlər Bakı ilə İrəvanın öz auditoriyası üçün yaydığı yerli xəbər çərçivəsindən çıxaraq beynəlxalq nəzarət dairəsinə daxil olub. Yaranmış situasiya sülhün geriyə dönməzliyinin siyasi qiymətini də yüksəldir.
Bu məqamda Ermənistanın baş naziri Nikol Paşinyanın fərqli məkanlarda eyni məsələlərlə bağlı verdiyi açıqlamalar ciddi maraq doğurur. TRIPP layihəsi ilə bağlı Ermənistanda “bu, bizim çoxdankı arzumuzdur” deyir, xaricdə isə bu layihənin sülhə apardığını qeyd edir.
Ermənistan da sülh məsələsində yekdil deyil. Bu ilin sentyabrın 11–12-də Azərbaycanın təşkil etdiyi, 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 diplomatın Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanda ciddi narahatlıq doğurub. Bəzi dairələrdə hətta diplomatlara qarşı sərt reaksiyalar da səslənib. Amma niyə?
Bu reaksiyaların təkcə kilsə, diaspor və müxalifət nümayəndələri ilə məhdudlaşmaması, əksinə, hakimiyyət daxilində də bənzər notların eşidilməsi göstərir ki, sülh prosesinə tam yekdil dəstək hələ formalaşmayıb.

Konstitusiya məsələsi isə hələ də açıq qalan düyündür. Ən həssas məqamlardan biri Ermənistan Konstitusiyasındakı ərazi iddialarını ehtiva edən müddəalardır. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, yekun sülh sazişinin imzalanması üçün bu maddələrin ləğvi zəruri şərtdir. Paşinyan bu məsələdə ehtiyatlı manevr nümayiş etdirir. Bir tərəfdən beynəlxalq platformalarda sülhə sadiqliyini vurğulayır, digər tərəfdən daxili auditoriyaya “Konstitusiyanı bizə kimsə diqtə edə bilməz” mesajını da ötürür. Bu ikili dil, əslində, Paşinyanın həm xarici tərəfdaşlarını inandırmaq, həm də daxildə oyun qurmaq arasında tapdığı kövrək tarazlığı əks etdirir.
Paşinyan paralel olaraq Rusiya ilə münasibətləri də “təzə baxışla” gücləndirməyə çalışır. Bölgədə sülh bərqərar olduqdan sonra Ermənistan–Rusiya əlaqələrinin yeni məzmun qazanmalı olduğunu bildirib, hətta Rusiya ilə birgə atom elektrik stansiyası tikintisindən söz açıb. Eyni zamanda Avropa Şurası Parlament Assambleyasında Ermənistanın Avropa istiqamətini vurğulayır, ABŞ şirkətləri ilə də danışıqlar aparır. Bu, kiçik və geosiyasi cəhətdən həssas mövqedə olan bir dövlətin təbii instinktidir. Əsas odur ki, sülh prosesi masadan çıxaraq daha ciddi fazaya keçir. Növbəti dayanacağın hara olacağını isə yaxın günlər göstərəcək.
Elnur ƏMİROV