İran Prezidenti Məsud Pezeşkian ölkənin yeni Ali Lideri Müctəba Xameneinin tamamilə sağlam olduğunu, lakin təhlükəsizlik səbəbindən ictimaiyyət qarşısında görünməkdən yayındığını bildirib.
Modern.az xəbər verir ki, Pezeşkian bu barədə CBS News telekanalına müsahibəsində danışıb. O, həmçinin Müctəba Xamenei ilə görüşlərindən və Ali Liderin dövlət qərarlarının qəbulundakı iştirakından söz açıb.
Pezeşkianın sözlərinə görə, vəzifəyə gəldikdən sonra İranın yeni yeni Ali Lideri ilə iki dəfə görüşüb. Görüşlərdən biri yeddi saatdan çox davam edib.
Aparıcı Marqaret Brennan Müctəba Xameneinin hakimiyyətə gəldikdən sonra niyə demək olar ki, ictimaiyyət qarşısına çıxmadığını və yeni onun fotolarının dərc edilmədiyini soruşub.
Pezeşkian bunu yeni hücum təhlükəsi ilə izah edib.
“Səbəblərdən biri odur ki, düşmənlər istənilən halda onun harada olduğunu öyrənməyə çalışırlar”, - İran Prezidenti deyib.
Pezeşkian bu narahatlığı ABŞ və İsrailin İrana qarşı əvvəlki zərbələri ilə əlaqələndirib. Onun sözlərinə görə, İran nümayəndələri danışıqlar apardıqları vaxt hücuma məruz qalıblar.
“Biz danışıqlar aparırdıq, onlar həmin şəxsləri öldürdülər. Yenidən danışıqlar aparmağın, onların gəlib bizi bir daha öldürməsinin heç bir mənası yoxdur”, - Pezeşkian bildirib.
O əlavə edib ki, hazırda İranda belə qətllərin təkrarlanmayacağına dair əminlik yoxdur.
Aparıcı Brennan həmçinin ABŞ və İsrailin İrana zərbələri zamanı atasını və digər ailə üzvlərini itirən, özü isə yaralanan yeni Ali Liderin səhhəti barədə soruşub.
İxtisasca həkim olan Pezeşkian Müctəba Xameneinin səhhətində davam edən hər hansı problemin olmadığını bildirib.
“Tibbi baxımdan o, tamamilə sağlamdır. Bunu məndən, bir həkimdən eşidin və qəbul edin. Onun heç bir problemi yoxdur”, - İran Prezidenti deyib.
Pezeşkianın sözlərinə görə, son görüşləri zamanı Ali Lider bir neçə saat otura və bədəninin vəziyyətini dəyişə bilib.
Aparıcının onun ayaqlarının və üzünün aldığı xəsarətlərdən sonra bərpa olunub-olunmadığı ilə bağlı dəqiqləşdirici sualına Pezeşkian müsbət cavab verib.
“Bəli”, - o bildirib.
İran Prezidenti yeni Ali Liderin ölkənin xarici siyasəti ilə bağlı qərarların formalaşdırılmasında da iştirak etdiyini deyib.
Onun sözlərinə görə, İranda müxtəlif dövlət və güc strukturlarının, parlamentin və hökumətin nümayəndələrindən ibarət altı nəfərlik xüsusi qrup yaradılıb. Bu şəxslər məsləhətləşmələr aparır və qərarları birgə qəbul edirlər.
“Haqqında danışdığımız və müzakirə etdiyimiz hər şey koordinasiya prosesi çərçivəsində formalaşdırılıb”, - Pezeşkian vurğulayıb.
O, mövcud vəziyyətə baxmayaraq, ölkədə qərarların qəbulunun davam etdiyini bildirib.
Yeni Ali Liderin ABŞ-la razılaşma əldə etmək istəyib-istəmədiyi barədə suala Pezeşkian birbaşa cavab verməyib. Lakin o, diplomatiya ilə bağlı bütün qərarların razılaşdırılmış mexanizm çərçivəsində qəbul edildiyini bildirib.
“İranda altı nəfərdən ibarət komanda yaradılıb. Onlar qərarların qəbulu prosesi ilə bağlı danışıqlar və məsləhətləşmələr aparır, koordinasiya yolu ilə qərarlar qəbul edirlər”, - İran Prezidenti deyib.