Modern.az

“Pakistan parlamenti bir dəfə də olsun bizi ölkəsinə dəvət etməyib” – Cavanşir Paşazadə

“Pakistan parlamenti bir dəfə də olsun bizi ölkəsinə dəvət etməyib” – Cavanşir Paşazadə

7 Noyabr 2019, 09:10

“Pakistanla Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur. Bu münasibətlər səmimi əlaqələrə söykənir. Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabr ayında tanıyan ilk üç dövlətdən biridir. Diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulub. İki dövlət arasındakı əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və s. sahələri əhatə edir”.

 

Bu fikirləri Modern.az-a  Milli Məclisin Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Paşazadə bildirib.

 

İşçi qrupunun üzvü qeyd edib ki,  Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman öz mövqeyini açıq şəkildə ortaya qoyub:

 

“Pakistan Azərbaycana dəstək verməklə və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb. Bu, Pakistan dövlətinin böyüklüyünü göstərir. Hətta bu günə kimi Ermənistanı bir dövlət kimi tanımayıb. 2012-ci ilin fevral ayında Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün "Xocalı faciəsi”ni genosid kimi tanıyıb”.

 

Cavanşir Paşazadə iki ölkənin parlament əlaqələrindən də söz açıb:

“Hər iki dövlətin parlament əlaqələri mövcuddur. Ancaq bir məqamı xüsusi olaraq qeyd etmək istərdim. 15 ildir ki, Milli Məclisin deputatıyam, ancaq bir dəfə də olsun Pakistan dövlətinin parlamenti bizi ölkəsinə dəvət etməyib. Təbii ki, dəvət gəlsə işçi qrupunun üzvləri  olaraq hamımız gedərik. Azərbaycan parlamenti  isə 2018-ci ildə Pakistan parlamentini rəsmi olaraq ölkəmizə dəvət  edib. Belə ki, 2018-ci il “Cümhuriyyət ili” çərçivəsində Pakistan parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edərək Milli Məclisdə olmuşdu. Düşünürəm ki, qarşı tərəfin parlamenti də belə bir dəvət həyata keçirtsə, biz də məmnuniyyətlə gedərik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır