Modern.az

Deputatın professor olması parlamentə nə verir?  – Yeni model axtarışı

Deputatın professor olması parlamentə nə verir?  – Yeni model axtarışı

Parlament

Bu gün, 11:01

Azərbaycan Milli Məclisində maraqlı tərəflərindən biri də odur ki, parlamentdə kifayət qədər elm adamı, professor, dosent, elmlər doktoru və fəlsəfə doktoru təmsil olunur. Bu, ilk baxışda ciddi üstünlükdür. Səbəbi odur ki, professor auditoriyada dərs deyən müəllim anlayışı ilə məhdudlaşmır. O, müəyyən sahədə illərlə araşdırma aparmış, elmi metodologiya formalaşdırmış, müxtəlif problemləri səbəb-nəticə əlaqələri içərisində təhlil etməyə alışmış mütəxəssisdir. Deputat isə bu mənada daha çox qanunvericilik işləri ilə məşğuldur. Məsələnin maraqlı tərəfi odur ki, professor parlamentə gələndə onun elmi potensialı qanuna çevrilirmi?

Təqdim olunan Milli Məclisin rəsmi bioqrafik məlumatlarının təhlilinə görə, hazırkı 124 deputatın 66-sının bioqrafiyasında elmi dərəcə göstərilir. Bu, parlamentin təxminən yarısı deməkdir. Daha diqqətçəkən göstərici isə professor və dosentlərdir. 31 deputatın bioqrafiyasında professor və ya dosent elmi adı qeyd olunur. Yəni hər dörd deputatdan biri akademik titula malikdir. Rəqəmlərdən daha maraqlı olan başqa məsələdir: Deputatların elmi potensialı parlamentin qanunvericilik məhsulunda nə qədər görünür?

Professor deputat olanda nə dəyişməlidir?

Xarici təcrübə göstərir ki, professorun parlamentdə olması avtomatik olaraq qanunun daha keyfiyyətli olması anlamına gəlmir, bunun üçün əlavə imkan yaradır. Elmi düşüncənin parlamentə gətirdiyi əsas üstünlüklərdən biri problemin emosiyadan çıxarılıb sistemli təhlilə keçirilməsidir. Professorun əsas üstünlüyü məhz burada görünür. Demək ki, burada deputatlar arasında elmi titullu şəxslərin olması ümumi işə yarayır. Nəzərə alsaq ki, parlament qanun qəbul etməklə yanaşı, həm də dövlət siyasətinin intellektual laboratoriyası rolunu oynayır, o zaman məsələnin əhəmiyyəti ortaya çıxır. Deputatın parlamentdəki real çəkisini yalnız tribunadakı çıxışının uzunluğu ilə ölçmək olmaz. Əgər həmin bilik qanunvericilik prosesinə daxil olursa, artıq başqa mənzərə yaranır.

Hansı komitədə alim daha çox lazımdır?

Burada Milli Məclisin komitələri üzrə ayrıca araşdırma aparmaq xüsusilə maraqlı nəticələr verə bilər. Məsələn, Elm və təhsil komitəsində elmi dərəcəli deputatların çoxluğu təbiidir. Bəs, bu komitədə alimlərin çoxluğu ölkənin elm və təhsil qanunvericiliyinin keyfiyyətinə necə təsir edir? İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində iqtisadçı alimlərin iştirakı necə nəticə verir? Hüquq siyasəti və dövlət quruculuğu komitəsində hüquq elmləri üzrə alimlərin təcrübəsi qanunların hüquqi texnikasına nə qədər təsir göstərir? Sosial siyasət komitəsində tibb, psixologiya, pedaqogika və sosial elmlər üzrə mütəxəssislərin olması hansı üstünlük yaradır? Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində siyasi elmlər, beynəlxalq münasibətlər və tarix üzrə alimlərin potensialından necə istifadə olunur?

Oxucular üçün ən maraqlı məsələ “Milli Məclisin hansı komitəsində neçə alim var və həmin alimlərin elmi potensialı qanunlara necə düşür?” məsələsindən başlayır. Bu, məqama adi statistik yazı kimi baxmaq olmaz, səbəbi də çox sadədir, qeyd edilən məqam  parlamentin intellektual xəritəsidir.

Türkiyədə professor deputat modeli

Türkiyədə parlament siyasi institut olmaqla yanaşı, müxtəlif peşə və akademik keçmişə malik şəxslərin də təmsil olunduğu bir qurumdur. Amma professorun deputat olması öz-özlüyündə ona ayrıca qanunvericilik səlahiyyəti vermir. Onun üstünlüyü parlament komitəsində müzakirə olunan məsələyə illərlə topladığı elmi təcrübə ilə yanaşma bacarığındadır. Deməli, akademik titul parlamentdə hüquqi imtiyaz sayılmır, o, intellektual resursdur.


ABŞ-də məsələ bir qədər fərqlidir

ABŞ Konqresində də akademik keçmişə malik siyasətçilər mövcuddur. Lakin Amerika modelində deputatın professor olması heç cür ayrıca status yaratmır. Əsas məsələ onun hansı komitədə çalışması, qanunvericilik təşəbbüsləri və siyasətin hazırlanmasına verdiyi töhfədir. ABŞ modelinin maraqlı tərəfi budur ki, qanunvericilik prosesi geniş ekspertiza ekosisteminə söykənir. Konqres üzvü şəxsi biliyi ilə kifayətlənmir. Bunu cəmiyyət də bilir. Komitələr, qanunvericilik işçiləri, tədqiqat strukturları və müxtəlif ekspert mənbələri qanun layihələrinin hazırlanması prosesinə daxil olur.

Yaponiyada başqa bir dərs var

Yaponiyanın parlament təcrübəsində də akademik keçmişə malik siyasətçilər mövcuddur. Yaponiya parlamentinin rəsmi deputat profillərində üzvlərin yalnız təhsili deyil, universitetlərdə müəllimlik və professorluq fəaliyyəti də ayrıca göstərilir. Məsələn, hazırkı deputatlardan Tatsuya Ito Kwansei Gakuin Universitetinin magistraturasında professor, Itsunori Onodera isə universitetdə müəllim və professor kimi fəaliyyət göstərib. Amma burada da əsas məsələ titula ölçülmür, deputatın parlament komitəsində hansı işi gördüyü önə çəklilir. Yaponiyanın Milli Dietində komitə sistemi qanunvericilik prosesinin əsas mexanizmlərindən biridir. Deputatın konkret siyasət sahəsində ixtisaslaşması onun parlament fəaliyyətində mühüm rol oynayır. Deməli, alim parlamentə gələndə “alim deputat” olaraq qalmaq yox, “siyasət istehsal edən alim”ə çevrilmək daha vacibdir.


Rusiyada da elmi titul ayrıca göstəricidir

Rusiya Dövlət Dumasının deputat profillərində də elmi dərəcə və elmi ad ayrıca göstərilir. Məsələn, rəsmi profillərdə deputatların doktorluq və namizədlik dərəcələri, professor və dosent adları ayrıca qeyd olunur. Bu da maraqlı müqayisə imkanı yaradır. Çünki parlamentin intellektual səviyyəsini ölçülməsində əsas məsələ elmi potensialın qərar qəbuletmə mexanizminə nə qədər daxil olmasıdır.

Çin modeli fərqli məntiq üzərində qurulub

Çində akademik və peşəkar ekspertizanın dövlət siyasətinə inteqrasiyası daha geniş institusional mexanizmlərlə həyata keçirilir. Çin qanunvericiliyində ali təhsil müəllimləri üçün professor və dosent kimi peşəkar elmi adlar ayrıca sistemləşdirilir. Burada da bir mühüm dərs var, elm parlamentdə oturan alimlərlə məhdudlaşmır, elm dövlət idarəçiliyinin bütöv qərarvermə sisteminə daxil olmalıdır.


Milli Məclisdə yeni göstərici lazımdır

Deputatların neçə qanun layihəsinə müəllif olması vacib göstəricidir. Xarici təcrübədə bu məsələ qeyd edilir. Deputatın neçə qanun layihəsinin müəllifi olması, neçə təklif verməsi, hansı komitələrdə aktiv iştirakı, neçə ictimai dinləmədə çıxış etməsi, onun təkliflərindən neçəsi qanun mətninə daxil olması və s. kimi məqamlar qeyd edilir. Özlüyündə  66 alim deputat böyük imkan, böyük məsuliyyət deməkdir. Milli Məclisdə elmi dərəcəsi olan 66 deputatın mövcudluğu Azərbaycan parlamenti üçün kifayət qədər ciddi intellektual potensialdır. Rəqəmin özü məsuliyyət yaradır, bu qədər alim parlamentdədirsə, onların elmi biliyi qanunların hazırlanmasında hansı izləri buraxır?

İndi dünya süni intellekt, rəqəmsal iqtisadiyyat, kibertəhlükəsizlik, yaşıl enerji, demoqrafiya, yeni əmək bazarı, təhsil islahatları, səhiyyə texnologiyaları, regional inkişaf, urbanizasiya, sosial müdafiə məsələləri ilə çarpışır. Məsələ ondadır ki, bu problemlərin heç biri siyasi ritorika ilə həll olunmur. Burada data, elmi tədqiqat, proqnozlaşdırma, təsir qiymətləndirilməsi, beynəlxalq müqayisə və sübutlara əsaslanan siyasət lazımdır.

Hesab etmək olar ki, Azərbaycanın növbəti parlament mərhələsində ən çox ehtiyac duyulan bu kimi məqamlar olacaq. 

Milli Məclisdə 31 professor və dosent, 66 elmi dərəcəli deputatın olması özü-özlüyündə elmi cəhətdən uğurun ölçüsü kimi qiymətləndirilə bilər. Əsl ölçü isə sabah qəbul ediləcək qanuna baxanda onun arxasında nə qədər elm, statistika, təhlil, ekspertiza və uzunmüddətli düşüncə görə bilməyimiz olacaq. Xarici təcrübədə yaxşı parlament çox danışan parlament deyil, doğru sualı verən, doğru məlumatı tələb edən və doğru qərarı əsaslandıran parlamentdir.

Görünən odur ki, Azərbaycan parlamenti doğru məlumatı tələb edən və doğru qərarı əsaslandıran ali qanunverici orqan funksiyasını yerinə yetirir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım