Ermənistan parlamentinin vitse-spikeri Aram Vardevanyan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) mümkün təhdidlər barədə müzakirə zamanı Azərbaycana qarşı həqiqəti əks etdirməyən bir sıra ittihamlar səsləndirib. O, Qarabağdan köçən ermənilərlə bağlı məsələni manipulyasiya edərək təqdim edib.
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Avropa Parlamentində və Avropa Şurasında Azərbaycana qarşı çıxış edən şəxslər arasında Ermənistanın keçmiş rəhbərliyi ilə bağlı siyasi qüvvələrin nümayəndələri də var:
“Koçaryan, Sarkisyan kimi separatçıların və cinayətkarların nümayəndələri parlamentə daxil olublar. Bununla da,deməli, Avropa Parlamentindəki nümayəndə heyətinin sırasına daxil olublar. Böyük ehtimalla Avropa Şurasında hətərən-pətərən danışanlar da onlardandır. Avropa Şurasında gedən proseslərlə bağlı dəfələrlə münasibətimi bildirmişəm. Siyasi terrorçular tərəfindən girov götürülmüş bir təşkilatın daxilində baş verənləri şərh etməyi isə özümə sığışdırmıram”.
Qeyd edək ki, Aram Vardevanyan 2005–2011-ci illərdə Rusiya–Ermənistan Universitetində hüquq, 2011–2014-cü illərdə isə aspirantura təhsili alıb. 2016–2018-ci illərdə Ermənistan Baş nazirinin köməkçisi işləyib. 2021-ci ildə “Ermənistan” blokundan deputat seçilib, 2022-ci ildə mandatından imtina edib. 2026-cı il seçkilərində “Güclü Ermənistan” partiyasının siyahısında yer alıb və avqustun 10-da müxalifətin namizədi kimi 53 səslə parlamentin sədr müavini seçilib.