Modern.az

Cənub zonası koronavirusdan necə qorunur? - Deputat: “Biz də narahatıq”

Cənub zonası koronavirusdan necə qorunur? - Deputat: “Biz də narahatıq”

Ölkə

28 Fevral 2020, 13:01

Koronavirus xəstəliyi dünyanı cənginə aldığı bir vaxtda Azərbaycanda virus təhlükəsi daha çox təşvişə səbəb olmaqdadır.

 

İddialara görə, sərhəd qonşumuz olan İranda virusdan dünyasını dəyişənlərin sayı  116 nəfərə çatıb.

 

Cənub rayonlarımızdan İrana gediş-gəlişin çox olduğunu nəzərə alsaq, həmin bölgələrin daha çox yoxlanılmasına ehtiyac var.

 

Biləsuvar, Masallı, Lerik,  Astara, Cəlilabad və Yardımlı sakinlərinin gün ərzində İrana səfər etmələri koronavirusla bağlı şübhələrin yaranmasına səbəb olur.

 

Hazırda cənub zonası necə mühafizə olunur?

 

Modern.az saytı mövzuya münasibət öyrənməyə çalışıb.

 

 

Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayevin sözlərinə görə, virusla bağlı yayılanlar panikadır:

 

“Lerik rayonunda şübhəli xəstələr üçün xüsusi şöbələr ayrılıb. Ümumilikdə, dünən və bu gün 2 xəstə yüksək temperaturla müraciət edib. Həmin şəxslərdə virus əlamətləri aşkarlanmayıb. Ümumi xəstəlikdir. Hazırda elə bir ciddi problemimiz yoxdur. Profilaktik tədbirlər üçün palatalar hazırlanıb və hazır vəziyyətdədir. Dizenfeksiyaedici məhlullar, maskalar, dərman preparatları ilə təmin olunub. Amma xüsusi təşvişə düşəcək hal yoxdur”.

 

 

75 saylı Masallı-Lənkəran seçki dairəsinin deputatı Cavanşir Paşazadə bildirib ki, mütəmadi olaraq rayon rəhbərliyi ilə əlaqə saxlayır:

 

“Son günlər dünya koronavirusla mübarizə aparır. Dünyada artıq ölüm faktları da var. Təbii ki, Azərbaycanda koronavirus rəsmi olaraq aşkarlanmayıb. Ölkə rəsmiləri virusun yayılmaması üçün bütün tədbirləri həyata keçirir. Xüsusilə cənub zonası daha çox mühafizə olunur. Çünki Biləsuvar və Astara sərhəd məntəqələrində qəraragahlar quraşdırılıb. Ölkəyə giriş-çıxış zamanı hər bir vətəndaş fərdi olaraq yoxlanılır. Həkim briqadası da qərargaha ezam olunub. Dünən təmsil olunduğum rayonla əlaqə saxladım. Çünki bizim rayonun əsas gedib-gəldiyi ölkə İrandır. Şükürlər olsun ki, hər şey qaydasındadır. Hesab edirəm ki, insanları təşvişə salmaq doğru deyil. Sadəcə olaraq virusun yayılmaması üçün dövlətimizin yanında olmalıyıq. Şaiə xarakterli məlumatlar yaymamalıyıq.  Həmçinin, bu virusun ölkələrin iqtisadiyyatına vurduğu ziyan da  bəllidir. Elə etməliyik ki, virus ölkəmizdə kütləvi olaraq yayılmasın. Buna görə də gigiyenik qaydalara əməl etməliyik. Kütləvi yerlərdə qoruyucu maskalar taxmalıyıq”.

 

 

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin deputatı Fəzail İbrahimli qeyd edib ki, psixoloji vəziyyəti qaydasına salmalıyıq:

 

“Təxminən dünən saat 6-7 arası baş həkimlə danışdım. Baş həkim kifayət qədər cavabdeh insan olmaqla yanaşı, vətənpərvər və savadlıdır. Bu məsələdə onun ədalətli və obyektiv mövqeyinə çox inanıram. Cənub zonası olan Cəlilabadla İran arasında keçid var. İnsanlar İrana gedib-gəlir. İrandan gələn hər kəs yoxlanılıb buraxılmalıdır. İrandan gələnlər orada karantin müddətə götürülür və xəstəxanada  yoxlanılır. Hər hansı bir virus əlamətləri aşkarlanarsa, dərhal tədbir görüləcək. Xəstəxanada yüksək səviyyədə xidmət və ciddi nəzarət var. Bu günə kimi orada bu əlamətlərin olduğu aşkarlanmayıb.

Həyat davam edir və hər kəs işindədir. Çox zaman xəstəliyin özündən çox onun yaratdığı psixoloji durum çox önəmli olur. Desəm ki, insanlar narahat deyil, doğru olmaz. Hamı narahatdır. Biz də narahatıq. Amma bu narahatlıq  heç bir işə mane olmamalıdır. Əgər narahat olmasaq, yoxlamadan gərək hamını buraxaq. Ona görə də qaydalara əməl etməliyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü