Modern.az

"Bunları sənə atıram, həmişəlik saxla" - Şəhid Nicatın qardaşı ilə SON DANIŞIĞI

"Bunları sənə atıram, həmişəlik saxla" - Şəhid Nicatın qardaşı ilə SON DANIŞIĞI

Ölkə

Bu gün, 16:00

27 Sentyabr... Tarixə qızıl hərflərlə, ancaq bir o qədər də göz yaşları ilə yazılan o müqəddəs zəfərin başlanğıcı.

Analar övladlarını vətən üçün yola saldılar. O oğulların bir qismi zəfər xəbəri ilə ailəsinə qayıdarkən, bir qismi canlarını vətən üçün qurban verdilər.

Müharibənin ilk günü… Hamı üçün həyəcan, qorxu və ümid dolu o anlar, bəzi evlər üçün elə ilk dəqiqələrdən əbədi bir səssizliyə, taqətdən salan bir yoxluğa çevrildi. O səssizlik, o yorğunluğun olduğu bir ev də Nicat Atayevin evi idi. Nicat nəticəsi qələbə ilə bitən müharibənin ilk günündə şəhadətə ucalıb.

Qardaşı Ülvi Atayev Nicatla bağlı xatirələrini Modern.az-a bölüşüb. Onun sözlərinə görə, Nicat uşaqlığından ağıllı, mərd, igid olub, öz yaşıdlarından seçilib:

"Avqust ayında Nicat Gəncəyə gəlmişdi. Dostlarımızla birlikdə maşındaydıq. Kafeyə gedirdik. Maşında dostlarımızdan biri Nicatdan soruşdu ki, "Müharibə gözlənilir?" O da cavabında dedi ki, "Ola bilər. Müharibə də olar, mən də şəhid olaram. Qardaşlar, inanın ki, şəhid olmaq istəyərəm amma düşünəndə ki valideynlərim bu dərdə necə dözəcək bilmirəm nə edim"”.

Qardaşı Ülvi qürur və kədər hissi ilə Nicatla sonuncu danışığından söhbət açdı:

"Məncə o, şəhid olacağını hiss edirdi və məni də buna hazırlayırdı. Onunla köhnə mesajlarımızı oxuyanda görürəm ki, o, məni hazırlayırmış bu xəbərə amma mən başa düşmürəmmiş.

Qardaşımla son danışığımız sentyabrın 26-sı oldu. Onda da mən yığdım ki, hal-əhval tutum. Nicat qəribə danışdı. Ancaq mən heç nə anlamadım. Çünki Nicat döyüş bölgəsində xidmət edirdi deyə fikirləşirdim ki, insandı ağlına nəsə gəlir. Mənə dedi ki, "sabah evdə ol çölə çıxma".

Axşam 8-in yarısı Nicatdan mesaj gəldi mənə. O an başa düşməsəm də, ürəyimdə qəribə bir narahatlıq oldu. Çünki mesajlar normal deyildi. Sanki Nicat bizi atıb gedirdi və mənə son tapşırıqlarını verirdi. Kartının kodunu, vəsiqəsinin yerini yazmışdı. Ardınca da "Əgər mənə bir şey olsa saat aldığım dayıya hər ay 60 manat al evdəkilərdən, ver. 11 ayı qalıb, unutma". Mən cavab olaraq dedim ki, "qardaş niyə belə danışırsan. Gəlib hər işini özün həll edərsən".

Nicatın son sözləri bu oldu: "Burda vəziyyət gərgindi, anama heçnə bildirmə. Səndən əvvəl onunla danışanda dedim biz gərgin mövqedə deyilik. Amma qardaşım, mən qabaqdayam. Sağ qalma ehtimalım 0-dır. Evdəkilərdən muğayat ol, anama heç nə bildirməyin. Xəbər gələndə də çox pis olmağa qoymayın. Sonra da mənə şəkillərini atıb, "bunları sənə atıram, səndə qalsın həmişəlik saxla" yazdı”.

Nicat bilirdi. Bilirdi ki, qardaşına atdığı şəkillər ondan qalan son şəkillər, son baxışlar, son gülüşlər olacaq.

Silahdaşlarının Nicat haqqında danışdıqlarını eşitdikdə isə ailənin qəlbində həm kədər həm fəxr hissi yarandı.

Nicat silahdaşlarına deyib ki, "Siz geri çəkilin mənim evdə iki qardaşım var. Siz analarınızı oğulsuz qoymayın".

Minaları təmizləyən traktor sürücüsünün snayperlə vurulduğunu görən Nicat Atayev onu xilas etməyə çalışarkən minaya düşərək şəhid olub.

Ülvinin sözlərinə görə birdə onların ailəsində xoşbəxtlik anlayışı olmadı. Azərbaycan xalqına zəfər yaşadan Nicat, ailəsindən xoşbəxtliyi almışdı.

Nicat Atayev 1994-cü il martın 5-də Mingəçevir şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. Onun atası polis mayoru və Qarabağ müharibəsinin qazisi Habil Atayevdir.

Azərbaycan Ordusunun leytenantı olan Nicat Atayev 2020-ci il sentyabrın 27-də Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə, Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub. O, II Şəhidlər Xiyabanında dəfn olunub.

 

Lamiyə Cənnətzadə

Whatsapp
Bizə yazın!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az