Modern.az

Nazirlik xüsusi karantin rejimi dövründə işləyəcək obyektlərin adlarını açıqladı - SİYAHI

Nazirlik xüsusi karantin rejimi dövründə işləyəcək obyektlərin adlarını açıqladı - SİYAHI

Ölkə

30 Mart 2020, 09:52

Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb.

 

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun Modern.az-a verdiyi məlumata görə, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bəzi obyektlərin fəaliyyəti dayandırılır, bir sıra obyektlər isə fəaliyyətlərini davam etdirirlər.

 

E.Zahidov qeyd edib ki, vətəndaşları ən çox maraqlandıran - bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır:

 

“Avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar, Zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət yoxdur”.

 

DİN rəsmisi vətəndaşların şəxsi nəqliyyat vasitələrindən istifadəsinə qadağa qoyulması barədə yayılan məlumatlara da münasibət bildirib. Qeyd edib ki, şəxsi nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar yalandır: “Şəxsi avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb. Bununla belə tövsiyə olunur ki, ciddi zərurət olmadan lüzumsuz yerə nəqliyyatdan istifadə olunmasın. Avtomobil sahibləri və sürücülər yol hərəkəti və rejim qaydalarına ciddi riayət eləsinlər”.

 

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə riayət edilməsinə nəzarətin polis əməkdaşları tərəfindən gücləndirilməsi məqsədi ilə tədbirlər Bakı şəhəri, eləcə də digər şəhər və rayonlarda tədbirlər davam etdirilir.

 

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 29-da saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilib.

 

Operativ Qərargahın yaydığı məlumata əsasən, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

 

Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.

 

Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılır, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

 

Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılır və evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

 

Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu