“Əgər pandemiya Azərbaycanda da geniş vüsət alarsa, bizdə də faciəvi inkişaf dinamikası qaçılmaz olacaq”.
Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bildirib. Prezident deyib ki, hazırda bütün dünya səhiyyəsi lazımi xidmətləri göstərməkdən çətinlik çəkir:
“Dünyanın bir çox ölkələrində artıq xəstəxanalar dolub və xəstələr dəhlizlərdə yerləşdirilir. Bir çox insanlar ona görə vəfat edir ki, onlara vaxtında operativ tibbi xidmət göstərilmir. Bu da ona görədir ki, xəstələrin sayı kəskin şəkildə artır. Heç bir ölkənin səhiyyə sistemi artan xəstə sayına uyğun fəaliyət göstərə bilməz. Çünki bütün ölkələrin səhiyyə sistemləri normal şəraitə uyğunlaşdırılıb, o cümlədən də Azərbaycan. Ona görə də dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız və güzəştsiz tətbiq edilməlidir. Vətəndaşları bir daha məsuliyətli olmağa, bütün qaydalara əməl etməyə çağırıram. Ümid edirəm ki, Azərbaycan vətəndaşları məsuliyyətli davranış göstərəcəklər”.