Modern.az

Azərbaycanda ən çox koronavirus yayılan bölgələrin deputatları: Vəziyyət hələ ki, həyəcanlı deyil

Azərbaycanda ən çox koronavirus yayılan bölgələrin deputatları: Vəziyyət hələ ki, həyəcanlı deyil

5 Aprel 2020, 09:39

Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası açıqlanıb. İnfeksiya daşıyıcıları ən çox Lənkəran (18 nəfər), Cəlilabad (15) və Salyandadır (12).

 

Bundan başqa, Qusar (9), Tovuz (5), Neftçala (4), Astara (3), Naftalan (3), Daşkəsən (3), Füzuli (3), Xaçmaz (3), Zaqatala (3), Ucar (3), Ağdam (2), Ağdaş (2), Quba (2), Masallı (1), Siyəsən (1), Xızı (1), Qəbələ (1), Tərtər (1), Qax (1), Qazax (1) və Biləsuvarda (1) koronavirusa yoluxma halı qeydə alınıb.

 

Bakının  rayonları üzrə göstəricilər isə belədir: Xətai rayonu - 13,  Səbail rayonu- 10, Qaradağ rayonu - 9, Sabunçu rayonu - 7, Suraxanı rayonu - 5, Pirallahı - 2, Xəzər rayonu - 3, Nizami rayonu - 2, Qeyri-müəyyən – 6.

 

Modern.az mövcud vəziyyət haqqında yoluxma halının daha çox qeydə alındığı rayon və bölgələrin deputatları ilə əlaqə saxlayıb:

 

 

Lənkərandan seçilən deputat Rüfət Quliyev bölgədə virusa yoluxan şəxslərin sayında gələcəkdə artım olsa da bu rəqəmlərin yüksək olmayacağını bildirib:

 

“Bu gün Lənkəranda həm ağaqqallarla, həm gənclərlə, həm də polis əməkdaşları ilə əlaqə saxlayıram. Hazırda vəziyyət stabildir və inanmıram ki, bu rəqəmlər artsın. Virusun yayılmasının səbəbi də hamıya məlumdur. Lənkəran İrana yaxındır, və İrandan qayıdan insanlar özləri ilə birbaşa virusu gətirdiyi üçün bölgədə yoluxma faktı çox qeydə alınıb.

 

Hazırda rayonda vəziyyət sabitdir və artım olsa da, çox insan yoluxmayacaq. Çünki karantin rejimi ilə əlaqədar olaraq artıq bölgədə kütləvi görüşlər olmur, gəliş-gediş yoxdur”.

 

 

 

Cəlilabad şəhərini təmsil edən deputat Malik Həsənov Cəlilabadda karantin qaydalarına tam riayət olunmadığını deyir:

 

“Azərbaycan Prezidenti tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan xalqının sağlamlığı və rifahı hər şeydən üstündür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məsələyə necə həssas yanaşması da göz önündədir. Hətta ümumən Azərbaycanın koronavirusla bağlı gördüyü tədbirlər bir çox ölkələr üçün örnəkdir. Bütün bunlar bir daha onu deməyə əsas veriri ki, Azərbaycanda vətəndaşların sağlamlığı dövlətimiz üçün bir nömrəli məsələdir. İnsanlarımızın həyatlarının qorunmasına nail olmaq üçün zəruri addımlar Cəlilabadda da atılır. Ancaq insanlar belə məqamda gərək sosial məsuliyyət məsələsini unutmasınlar.

 

Bu gün Azərbaycan bölgələrində xeyli sayda xəstəxana xüsusi rejimdə işləyir. Cəlilabadda da xəstəxanalarda ciddi iş qrafiki ilə həkimlər çalışır. Bu gün əhali karantin qaydalarına tam riayət etmir. Bir daha insanları Operativ Qərargahın çağırışlarına birmənalı olaraq əməl etməyə çağırıram. O qərarlar insanların özləri üçündür. Biz kronavirusla bağlı dünyanın son mənzərəsinə diqqət etsək,  digər ölkələrlə müqayisədə Azərbaycanda yoluxma faktları aşağıdır”.

 

 

 

Nəsimi rayon seçki dairəsindən deputat Məlahət İbrahimqızı yoluxma sayının çoxalmasınmı insanların qaydalara qeyri-ciddi yanaşması ilə əlaqələndirib:

 

“Dünyada ən güclü könüllü hərəkatı hazırda Azərbaycandadır. Onlar indiki vəziyyətdə insanlara yardım üçün əllərindən gələni edirlər, özlərini riskə atırlar. Amma insanlar ehtiyac olmadığı halda karantin qaydalarını pozaraq küçəyə çıxır. Ölkə prezidenti də bildirir ki, evdə qalın. İnsanlar ümumi qaydalara riayət etməlidir. İnzibati qaydada cəza tətbiq olunsa da baxırsan ki, yenə də rejimi pozurlar və sonra da gileylənirlər ki, cəriməni necə verək. Təbii ki, cərimə olunmaq istəmirsənsə, evdə qalmalısan”.

 

 

 

Salyan-Neftçala seçki dairəsindən deputat Fəzail Ağamalı Salyanda vəziyyətə ciddi nəzarətin olduğunu diqqətə çatdırıb:

“Təəssüf edirəm ki, Salyan da bu ümumbəşəri bəladan sığortalana bilmədi. Salyanın Qarabağlı kəndində ilkin olaraq 1 nəfər virusa yoluxdu. Artıq o müalicə olunur və insanlara da televiziya vasitəsilə müraciət etdi. Həmin şəxsin təmasda olduğu şəxslər də artıq karantindədir. Beləliklə, mənim aldığım məlumata görə hazırda Salyanda 15 nəfərə yaxın insan virusa yoluxub. Bölgədə dezinfeksiya işləri aparılır. Mən telefonla görüntülü olaraq əhaliyə evdə qalmalarını tövsiyə etdim. Köməkçim gündəlik olaraq maska geyinərək insanlar arasında olur və mənə bildirir ki, yerli əhali qaydalara əməl edir. Rayon başçısı ilə də gündəlik əlaqə saxlayıram. Çox şükür olsun ki, Salyanda həyəcanlı vəziyyət hələ ki, yoxdur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir