Modern.az

Milli Məclis “deepfake” və gizli çəkiliş məsələsini araşdıracaq

Milli Məclis “deepfake” və gizli çəkiliş məsələsini araşdıracaq

Parlament

Bu gün, 10:00

Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı il payız sessiyası üçün iş planı açıqlanıb.

Modern.az-ın məlumatına görə, iş planına ictimai dinləmələrin keçirilməsi, hüquqi monitorinqlərin aparılması və qanunvericilik təkliflərinin hazırlanması daxil edilib.

Sessiya müddətində rəqəmsal suverenliyin qorunması, dezinformasiya, “deepfake” və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institusional mexanizmlərin gücləndirilməsi ilə bağlı ictimai dinləmə keçiriləcək.

Komitə ictimai yerlərdə audio və video çəkiliş hüququ, şəxsi həyatın toxunulmazlığı və məlumatların qorunması arasındakı hüquqi balansı da araşdıracaq. Bu mövzuda müqayisəli hüquqi icmal hazırlanacaq.

Bundan başqa, aşağıdakı məsələlər iş planına daxil edilib:

Xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmənin keçirilməsi;

Regionlarda insan hüquqları, ərazi bərabərliyi və dövlət xidmətlərinə çıxış imkanlarının monitorinqi;

İnzibati orqanların və inzibati məhkəmələrin qərarlarının icra vəziyyətinin öyrənilməsi;

Əlilliyi olan şəxslərin dövlət və özəl xidmətlərə çıxışında fiziki və rəqəmsal əlçatanlığın qiymətləndirilməsi;

Veteranların, müharibə iştirakçılarının və şəhid ailələrinin sosial və hüquqi təminatının beynəlxalq təcrübə ilə müqayisəsi;

Demoqrafik dəyişikliklər və uzunmüddətli sosial qayğı siyasəti üzrə beynəlxalq təcrübənin araşdırılması;

Azad edilmiş ərazilərdə insan hüquqlarının təmin olunması, qayıdış, mülkiyyət, xidmətlərə çıxış və inklüziv məskunlaşma məsələlərinin monitorinqi.

İş planına əsasən, komitə qanunvericilik təşəbbüsü ilə təqdim olunan layihələri də müzakirə edəcək. Sessiya ərzində komitə rəhbərliyi və üzvləri tərəfindən vətəndaşların qəbulu, müraciətlərinin aidiyyəti qurumlara yönləndirilməsi və cavablandırılması nəzərdə tutulur.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı