Modern.az

Bakı zooparkına giriş bahalaşacaq - Direktor yeni zooparkın açılışından DANIŞDI

Bakı zooparkına giriş bahalaşacaq - Direktor yeni zooparkın açılışından DANIŞDI

8 İyun 2020, 17:05

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi bir çox sahələr kimi, Bakı zooparkının da işinə təsir edib.

Hazırda zooparkda ümumi vəziyyət necədir? İşçilərin sayında məhdudiyyətlər varmı? Yeni zoopark nə vaxt vətəndaşların ixtiyarına veriləcək?

Məsələ ilə bağlı Bakı Zooloji Parkının direktoru Azər Hüseynov Modern.az-a danışıb.


“Artıq il yarımdan  çoxdur ki, heyvanlar Qaradağda saxlanılr. Hər birinin vəziyyəti normaldır. Hətta aralarında bəziləri var ki, onlardan bala da almışıq. Məsələn Afrika şiri, meymun, canavar və s. heyvanların balaları doğulub. Dəvəquşu, qırqovul da bala verib. Hətta bizim zooparka vaxtilə Qarabağ atı hədiyyə edilib, indi onun da artıq  balası var. Fikrimiz var ki, yeni zooparkın açılışında onu nümayiş etdirək. Baxmayaraq ki, xüsusi karantin dövrünü yaşayırıq, nəticələrimiz çox şükür yaxşıdır”.


Azər Hüseynov zooparkda işləyən işçilərin sayında məhdudiyyətlərin olduğunu da söyləyib:


“Gün ərzində  maksimum 5-6 nəfər işçi zooparkda heyvanlara baxır. Məqsəd həm insanların, eyni zamanda həm də heyvanların sağlamlığını təmin etməkdir. Bildirmək istəyirəm ki, indiyə qədər heç bir heyvanın sağlamlığında problem olmayıb. Ancaq  yeni zooparkın nə vaxt açılacağı ilə bağlı konkret bir məlumat verə bilməyəcəm. Çünki mən özüm də bilmirəm nə vaxt açılacaq. Çox istərdim ki, açılmağı ilə bağlı mənə 20 gün qabaqcadan xəbər versinlər ki, biz də öz işimizi bilək. Hesab edirəm ki, yaxın aylarda, yəni bu ilin sonlarında heyvanlar öz yeni evlərinə köçürüləcək”.


Direktor yeni zooparka giriş qiymətlərindən də danışıb:

“Düşünürəm ki, yeni zooparkda biletlərin qiyməti hər kəsi maraqlandırır. Çünki əvvəlki zooparkda 10 yaşından yuxarı uşaqlar üçün 1 manat, böyüklər üçün isə 2 manat nəzərdə tutulurdu. Bildirmək istəyirəm ki, yeni zooparkda qiymətlər nisbətən baha olacaq. Çünki yeni zooparkın saxlanılması  üçün xərc üçqat artıq olacaq. Düzdür, qiymət məsələsi bizim səlahiyyətimizdə olmasa da, çalışacam ki, biletlər çox da baha olmasın”.

“Zooparkımıza yeni heyvanların gətirilməsi gözlənilir” deyən A.Hüseynovun sözlərinə görə, bir çox ölkələrlə müqavilələr bağlanılıb:

“Məlum vəziyyətə görə, hələ ki o müqavilələr havada qalıb. Sərhədlər açılsa, yaxın zamanlarda təzə heyvanlar ölkəmizə gətiriləcək”.


Qeyd edək ki, Bakı Zooloji Parkı 2019-cu il  fevral ayının 2-sindən etibarən təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar olaraq ziyarətçilərinin üzünə bağlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər