Hər bir rəssamın özünəməxsus dünyası, bu dünyanı ifadə etmək üçün seçdiyi fərqli rəngləri və cizgiləri var. Bəziləri duyğularını sözlərlə, bəziləri isə fırça və boyalarla ifadə edir. "Nigar Moon" təxəllüsü ilə tanınan Nigar Məmmədova da düşüncələrini və hisslərini kətan üzərinə köçürən rəssamlardandır. O, əsərlərində hər bir detalın incəliklə işlənməsinə, rənglərin və cizgilərin özünəməxsus məna daşımasına çalışır.
Bəs Nigar Məmmədova rəsm çəkərkən hansı hissləri yaşayır? Onun əsərləri indiyədək xarici ölkələrdə nümayiş etdirilibmi? Rəssamlığın həyatındakı yeri nədir?
Modern.az bu və digər suallara cavab tapmaq üçün Nigar Məmmədova ilə həmsöhbət olub.
Nigar Məmmədova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitab tərtibatı və illüstrasiyası ixtisasında təhsil alıb. Onun sözlərinə görə, bir çox tablo, loft üslublu interyer üçün abstrakt əsərlər işləyib:
"Hazırda üzərində işlədiyim mənzərə və digər yeni janrda əsərlər də var. Düzünü desəm, çalışarkən fərqli hisslər keçirirəm. Bəzən elə iş prosesində nəsə yeni ideyalar ağlıma gəlir. Bir də hər işlədiyim əsərdən fərqli enerji alıram. Demək istəyirəm ki, hər rəssamın öz enerjisi və işləmə qaydası var. Nə qədər oxşar olsa da, əsərlər yenə də bir-birindən seçilir və fərqli olur. Bir neçə rəssam eyni işi hazırlasa belə, hamısı fərqli olacaq. Biz bunu universitetdə eyni naturadan portret işləyəndə aydın şəkildə görürdük”.
N.Məmmədovanın sözlərinə görə, əsərləri hələ ki xarici ölkələrdə keçirilən sərgilərdə nümayiş olunmayıb.
“Amma yaxın zamanda xarici sərgilərdə iştirak etməyi planlaşdırıram" - deyə o bildirib.
Rəssamın diqqətçəkən əsərləri arasında "Life-giving sun", "Macro Velvet Figs", "Golden Sunset", universitetin son kursunda oxuyarkən çəkdiyi Çexovun “Sərxoş adamın ayıq şeytanla söhbəti” qısa hekayəsinə aid illüstrasiya var.
Gülbüdam Cümşüdova