“Kurtlar vadisi” serialında Polat Alemdar obrazı ilə məşhurlaşan türkiyəli aktyor Necati Şaşmaz uzun müddətdən sonra ictimaiyyət qarşısına çıxıb.
Modern.az xəbər verir ki, aktyor Türkiyənin milli təhsil naziri Yusuf Tekinin qızının toy mərasimində görüntülənib.
Noyabrın 18-də Ankaradakı ATO Congresium-da keçirilən mərasimdə Nihan Elif Tekin və Mehmet Kılıç ailə qurublar. Toyda siyasət, idman və iş dünyasından bir sıra tanınmış şəxslər iştirak ediblər.
Mərasimdən yayılan fotolarda Türkiyənin “Fənərbağça” klubunun sabiq prezidenti Ali Koç, Necati Şaşmaz və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin baş müşaviri Eyüp Yıldız da eyni kadra düşüblər.
Uzun müddətdir mediadan uzaq həyat yaşayan Necati şaşmazın son görüntüsü sosial şəbəkələrdə diqqət çəkib. Fotolarda Şaşmazın əvvəlki görünüşü ilə müqayisədə xeyli çəki aldığı nəzərə çarpıb.
Qeyd edək ki, Necati Şaşmaz “Kurtlar vadisi” serialında canlandırdığı Polat Alemdar obrazı ilə Türkiyədə və Azərbaycanda geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

