Arxiv
8 Oktyabr 2020, 21:34 | İQTİSADİYYAT
Xərclənən milyonlar, quruyan torpaq, susuz qalan insanlar...

Su itkiləri 40-50 faizə çatsa da, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC islahatlara tələsmir


Respublikamızda son illər daha da artan su çatışmazlığı iqtisadiyyata, kənd təsərrüfatının inkişafına böyük ziyan vurur. Dövlət fermerlərə subsidiyalar, güzəştli kreditlər ayırır, texnika, gübrə, yanacaqla təminatını öz üzərinə götürür. Həmçinin, onlar torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilib.Amma bu sahədən gözləntilər özünü doğrultmur ki, bunun da bir səbəbi su çatışmazlığı ilə izah olunur. Təkcə suvarma suyu deyil, elə əhalinin içməli suya olan təlabatı da son illər tam ödənilmir. 2020-ci ilin yayında Neftçala sakinlərinin içməli su ilə təminatındakı problemlər yəqin ki, heç kimin yadından çıxmayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə təqribən 15 faiz azalıb. 2050-ci ilədək su resurslarımız təqribən daha 15 faizə qədər azala bilər. Hazırda respublikamızda  əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,1 milyard kubmetr su mövcuddur. Bunun da 8,6 milyard kubmetri ölü həcmdir. Əsas su anbarlarında suyun həcmi 2019-cu ildə 12,9 milyard, 2018-ci ildə 14,1 milyard, 2017-ci ildə 14,2 milyard, 2016-cı ildə isə 16,5 milyard kubmetr olub.

 


Amma respublikamızda su ehtiyatlarında azalma davam etdikcə bu istiqamətə ayrılan dövlət vəsaitinin həcmi artıb. Hələ 2017-ci ildə apardığımız bir jurnalist araşdırması (https://www.gununsesi.info/milyon-manatliq-satinalmalar-h%C9%99yata-kecir%C9%99n-qapali-sirk%C9%99tl%C9%99r/) nəticəsində məlum oldu ki, bu sahəyə cavabdeh qurumlardan olan “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin həmin ilin ilk 6 ayında elan etdiyi 33 dövlət satınalmasının (Dəyəri - 1 925 940, 26 manat) qalibi nizamnamə kapitalı cəmi 10 manat olan "İNPEKS.N" MMC olub. Bu kimi hallar nəticəsində su təminatına cavabdeh iri dövlət müəssisələrinin fəaliyyətin təkmilləşdirilməsi, su çatışmazlığının həlli üçün ayrılan milyonlar nəinki problemi həll etdi, hətta itkilərin həcmi 50 faizə qədər artdı. Uzun illər davam edən bu kimi fəaliyyətlərin nəticəsində yaranan böhran o həddə çatdı, ölkə prezidenti su problemi ilə bağlı ayrıca müşavirə keçirməyə məcbur oldu.

Prezidentdən tənqid: "Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir"

Prezident İlham Əliyevin yanında bu il iyulun 23-də keçirilən su təsərrüfatının vəziyyətinə həsr olunan müşavirədə çıxış edən dövlət başçısı bildirdi ki, ölkədə müntəzəm olaraq su balansı hazırlanmalıdır: "Bu, bizim üçün əsas “yol xəritəsi” olacaq. Su balansı tərtib olunmadan biz öz işimizi planlaşdıra bilmərik. Bizim əsas su obyektlərində müasir ölçü cihazları quraşdırılmalıdır və bir neçə obyektdə artıq quraşdırılıb. Amma bu, çoxdan olmalı idi. Necə ola bilər ki, bizim əsas su anbarlarında ölçü cihazları yoxdur. Nə qədər su gəldi, nə qədər su çıxdı, dədə-baba üsulu ilə baxırlar, səviyyəyə baxırlar, orada xətlərə baxırlar, ondan da nəticə çıxarırlar".
Prezident itkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməsinin vacibliyini vurğuladı: " Əlbəttə, itkilərin əsas mənbəyi torpaq kanallardır, amma təkcə torpaq kanallar deyil. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir".
"İçməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar var. Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır. Amma elə bil ki, bu itkilər kiməsə sərf edir. Çünki itkilər olan yerdə uçot olmur. Nəyi istəyirsənsə, itkilərə silmək olar. Ona görə ayrıca bir proqramın içində xüsusi bir istiqamət olmalıdır və qrafik tutulmalıdır ki, itkilərin azaldılması hansı templə gedəcək, hansı ildə hansı səviyyəyə düşəcək və əgər düşməyəcəksə, buna məsuliyyət daşıyan qurumların rəhbərləri cəzalandırılmalıdır. Yoxsa ildən-ilə mən bunu eşidirəm - itkilər, itkilər. Yaxşı, itkilər var, amma bunun qarşısını almağın yolu da var. Bu illər ərzində məgər bu yolu tapmaq mümkün deyildi?! Deməli, kimsə maraqlıdır ki, bu itkilər olsun. Hər kəs nəticə çıxarsın",- deyə dövlət başçısı vurğulayıb.
Bu il avqustun 6-da keçirilən müşavirədə Prezident İlham Əliyev bu problemə yenidən toxundu: "Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Fakt odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur".
Bundan başqa Prezident İlham Əliyev "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 15 aprel tarixli Sərəncam imzalayıb. Sərəncama əsasən  ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılıb. Daha sonra  “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC iki dövlət proqramı hazırlayaraq komissiyaya təqdim edib ki, bunlardan da biri “Azərbacyan Respublikasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin inkişafına dair 2020-2030-cu illər üzrə” Dövlət Proqramıdır.  İkincisi isə “Suvarma suyundan səmərəli istifadə edilməsinə və su itkilərinə qarşı ilkin mübarizə tədbirləri haqqında” Dövlət Proqramıdır.



"Həmin müəssisələr tərəfindən milyonlar göyə sovrulur"


 

 

İqtisadçı, sabiq millət vəkili Nazim Bəydəmirli deyir ki, iri dövlət müəssisələrinə əsaslı investisiya qoyuluşu büdcə vəsaitləri hesabına edilir: "Yeni avadanlıqların alınması, infrastrukturun təkmilləşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilir. Həm də gələcək nəsl üçün nəzərdə tutulan vəsait  Dövlət Neft Fondundan Büdcəyə transfer olunur və həmin müəssisələr tərəfindən milyonlar göyə sovrulur. Xüsusən, dövlət satınalmalarında yol verilən qanunsuzluqlar jurnalist araşdırmaları ilə də üzə çıxıb. Mənim qonşuluğumda - yaşadığım Qara Qarayev prospektində 3 otaqlı mənzildə 200-dən artıq müəssisə qeydiyyatdan keçib. Həmin müəssisələr də dövlət satınalmalarında iştirak edərək milyonlarla vəsaitin kağız üzərində udulmasını həyata keçirib. Adətən bu "proxy" şirkətlərin yaranmasında əsas məqsəd dövlət vəsaitini mənimsəməkdir. Amma pandemiya şəraitində həmin müəssisələri özəlləşdirməkdən daha çox ictimai nəzarəti artıraraq fəaliyyəti təkmilləşdirmək üzərində düşünməliyik. Çünki hazırda özəlləşdirilmə aparılarsa, dövlətə əlavə problemlər yarana bilər. Həmin müəssislərə illər boyu yatırılan vəsait geri qayitmaya və  pandemiya dönəmində dövlətə əlavə ziyan dəyə bilər".

 


İqtisadçı ekspert Rəşad Həsənov da deyir ki, dövlət müəssisələrində uzun illər itkilər adı ilə dövlət vəsaiti mənimsənilib: "Yaranan problemlərin çoxu maliyyə-təsərrüfat fəaliyyətinin şəffaf olmamasıdır. Problemin aradan qaldırılması üçün dövlət müəsisələrində maliyyə-təsərrüfat fəaliyyəti şəffaflaşdırılmalı, ictimai nəzarət gücləndirilməlidir. Dövlət idarəetməsi dəyişməli, idarəetmədə mülkiyyətçi yanaşması tətbiq olunmalıdır. Nə qədər ki, şirkətləri idarə edənlər orada mülkiyyət sahibi olmayacaq şəffaflıq və hesabatlılıq təmin edilsə belə, problem aradan qalxmayacaq. Dövlət idarəetməsi zamanı düşünürlər ki, dövlətin puludur, borclananda da dövlət borclanır. İşçilərin əmək haqqısını dövlət ödəyir və şirkətin işçilər qarşısında cavabdehliyi yoxdur. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”  ASC kimi qurumlar özəlləşdirilməli və mülkiyyətçilik hüququnun kombinə olunduğu, siyarət etdiyi mezanizmlər olmalıdır".



Cavabdeh qurum itkiləri kanalların 73 faizinin torpaq olması ilə əlaqələndirir



Baş nazirin müavini, Su ehtiyatlarından səmərəli istifadənin təmini üçün yaradılan Komissiyanın sədri Şahin Mustafayevin açıqlamalarına görə, son dövrlər Fövqəladə Hallar Nazirliyi tərəfindən 12 ədəd müasir ölçü cihazı alınıb: "Suya nəzarəti təmin etmək üçün onlardan 4-ü artıq quraşdırılıb. Bunlar Mingəçevir Su Anbarının çıxışları - Yuxarı Qarabağ, Yuxarı Şirvan kanalları və Mingəçevir SES-ə gedən Varvara Su Anbarına tökülən yerdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də 25 cihaz əldə olunub və quraşdırılır".
Şahin Mustafayev   bildirir ki, suvarma sahəsində itkilərin əsas səbəblərindən biri də suvarma kanallarının əksəriyyətinin torpaq məcralardan olmasıdır: "İtkilərin azaldılması və su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə suvarma kanallarının əsaslı təmiri və yenidən qurulması üzrə prioritet layihələrlə bağlı təkliflər hazırlanır. Eyni zamanda, ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan sututarlar üzrə də prioritet layihələrə, habelə içməli su təchizatı üçün yeni mənbələrin müəyyən edilməsinə dair təkliflər hazırlanır".
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin məlumatlarında qurumun balansında olan kanalların 73 faizinin torpaq kanallar olduğu bildirilir. Məlumata görə, “Prezident İlham Əliyevin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq olunan  “Qurum tərəfindən bütün maliyyə mənbələri hesabına 2004-2019-cu illərdə 4,4 min kilometr uzunluğunda suvarma kanallarının, 3 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 443 min hektar sahədə torpaqların su təminatının və 286 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib. Bu müddətdə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2618 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib.

 

 

Amma qurumun rəsmi internet səhifəsində "Maliyyə hesabatları" bölməsinin yalnız adı (http://mst.gov.az/az/hesabat) olduğundan, ayrılan və xərclənən vəsaitlərlə bağlı hansısa məlumat əldə etmək çətindir.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC rəsmiləri mediaya açıqlamalarında "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üzrə Tədbirlər Planı”na əsasən 22 yerdə hidroqovşaq, kollektor və suvarma kanallarının yenidən qurulmasının planlaşdırıldığını bildirib.


Kənd Təsərrüfatı Nazirliyinin məlumatında isə bildirilir ki, təkcə nazirliyin xətti ilə son iki il ərzində 9,3 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 28,8 milyon manat subsidiya verilib.


Prezidentin tənqidindən sonra görülən işlər və aparılacaq islahatlarla bağlı məsələyə münasibət öyrənmək üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifovla əlaqə saxladıq. Dilqəm müəllim suallarımızı dinlədikdən sonra əlaqədar şəxslərlə dəqiqləşdirib 2-3 saata cavab verəcəyini bildirdi. Amma sonrakı 2 gün müddətində bir neçə dəfə zəng etsək də, telefon zənglərimizə cavab vermədi. Görünür, bu qurumda mediadan qaçmaq, problemləri ört-başdır etmək, həyata keçirdikləri fəaliyyətlərlə bağlı maliyyə məlumatlarını gizlətməyi hələ də problemlərdən çıxış yolu kimi görürlər...


Xalid VAHİDOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pakistan Azərbaycana növbəti DƏSTƏK 26 Oktyabr 2020, 17:26 Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən qovuldu 26 Oktyabr 2020, 17:20 Nazirlikdən Daşkəsəndəki yanğınla bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 17:14 Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? - Xalqa müraciətin TAM MƏTNİ 26 Oktyabr 2020, 17:10 Sahibə Qafarova Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verib 26 Oktyabr 2020, 17:04 Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06 Fransa milli komandasının məşhur futbolçusundan Makrona ETİRAZ 26 Oktyabr 2020, 15:00 İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb 26 Oktyabr 2020, 14:54 Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir - FOTO 26 Oktyabr 2020, 14:48 Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı 26 Oktyabr 2020, 14:42