Azərbaycanda telekommunikasiya, o cümlədən internet xidmətlərinin keyfiyyətinə dair tələblərin daha konkret və ölçülə bilən meyarlarla müəyyənləşdirilməsi nəzərdə tutulur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Telekommunikasiya haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihə ilə qanunda istifadə edilən “telekommunikasiya xidmətlərinin standartları” ifadəsinin “telekommunikasiya xidmətlərinin keyfiyyət göstəriciləri” ifadəsi ilə əvəz edilməsi təklif olunur.
Bundan başqa, hazırda operatorların telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərməsi tələb olunur. Dəyişiklikdən sonra operatorlar xidmətləri müvafiq qurum tərəfindən müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun göstərməli olacaqlar.
Layihənin əsaslandırılmasında bildirilir ki, mövcud qanundakı “standart, norma və qaydalar” ifadəsi riayət edilməli konkret və məcburi tələblərin dairəsini birmənalı müəyyən etməyə imkan vermir. “Keyfiyyət göstəriciləri” isə xidmətin keyfiyyət səviyyəsini müəyyən edən ölçülə bilən və yoxlanıla bilən meyarları əhatə edir.
Qeyd olunur ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2023-cü ildə təsdiqlədiyi qərarla rabitə və yüksək texnologiyalar sahəsində, o cümlədən internet xidmətləri üzrə konkret keyfiyyət göstəriciləri artıq müəyyən edilib. Bu göstəricilər operator və provayderlərin fəaliyyəti üçün məcburi tələblər kimi çıxış edir.
Dəyişikliyin telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmununu dəqiqləşdirməsi nəzərdə tutulur.