Modern.az

Tariximizdə ən böyük büdcə qəbul olunacaq

Tariximizdə ən böyük büdcə qəbul olunacaq

İqtisadiyyat

Bu gün, 10:52

Azərbaycanın 2027-ci il dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb. İlkin proqnozlara əsasən, gələn il ölkənin dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri yüksək səviyyədə olacaq.

Modern.az xəbər verir ki, Maliyyə Nazirliyinin açıqladığı ilkin göstəricilərə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat təşkil edəcək.

Beləliklə, dövlət büdcəsinin xərcləri nominal ifadədə Azərbaycanın tarixində ən yüksək göstəriciyə çatacaq. 2027-ci il üçün dövlət büdcəsi xərclərinin 2026-cı ilin təsdiqlənmiş proqnozu ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz, 2025-ci ilin faktiki icrası ilə müqayisədə isə 3,8 milyard manat və ya 9,8 faiz artacağı gözlənilir.

İcmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat, xərcləri isə 50 milyard 386,7 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu göstəricilər Azərbaycanın maliyyə imkanlarının miqyasını bir daha nümayiş etdirir.

2027-ci ilin büdcəsi hazırlanarkən neftin bir barelinin orta illik qiyməti 65 dollar götürülüb. Dövlət büdcəsi gəlirlərinin 60,5 faizinin və ya 23,754 milyard manatının qeyri-neft-qaz sektorunun, 39,5 faizinin və ya 15,48 milyard manatının isə neft-qaz sektorunun hesabına formalaşacağı gözlənilir. Bu da qeyri-neft sektorunun büdcə gəlirlərində əsas mənbələrdən birinə çevrildiyini göstərir.

Gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə 11,9 milyard manat transfert nəzərdə tutulur. Dolların orta illik məzənnəsinin isə 1,70 manat səviyyəsində olacağı proqnozlaşdırılır.

Müdafiə və təhlükəsizliyə 8,8 milyard manat

2027-ci ilin büdcəsində Azərbaycanın müdafiə və milli təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət ayrılır.

İlkin göstəricilərə əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 816,4 milyon manat olacaq. Bu, 2026-cı ilin təsdiqlənmiş proqnozu ilə müqayisədə 98,6 milyon manat və ya 1,1 faiz çoxdur.

Bu vəsait müdafiə və təhlükəsizlik sahəsində müxtəlif istiqamətlərin maliyyələşdirilməsini əhatə edir. Büdcənin yekun və daha detallı bölgüsü isə sonrakı mərhələdə açıqlana bilər.

2027-ci ildə dövlət büdcəsindən iqtisadi fəaliyyətə 8,891 milyard manat, ümumi dövlət xidmətlərinə 5,506 milyard manat, təhsilə 5,098 milyard manat, sosial müdafiə və sosial təminata isə 4,916 milyard manat ayrılması proqnozlaşdırılır.

Azərbaycan iqtisadiyyatının gələn il təxminən 3 faiz böyüməsi, ÜDM-in isə 141 milyard manata çatması gözlənilir.

Qeyd edək ki, açıqlanan rəqəmlər hələ ilkin göstəricilərdir. Büdcə layihəsinin ilin sonuna qədər neft qiymətlərinin, ixrac gəlirlərinin və dövlət maliyyəsinin vəziyyətindən asılı olaraq dəqiqləşdirilməsi mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
O yollardan heç tank da keçə bilməz! - Bunun adını nə qoyaq?!