Modern.az

Münhendəki tarix və hüquq dərsini nə tez unutdun, Paşinyan

Münhendəki tarix və hüquq dərsini nə tez unutdun, Paşinyan

Ölkə

Bu gün, 09:24

Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura bugünlərdəki ənənəvi səfəri, Azərbaycan xalqının tarixi torpaqları üzərində qurulmuş Ermənistanda əsassız çaxnaşmaya və təşvişə səbəb olub. Dünən erməni mətbuatında eləcə də, Zartonik Media saytında bu haqda az qala ucqar bölgələrdə, adını yaza bilməyən qoca Hayqanuşun, Mkrtçın da fikirləri verilib.

Bir tərəfdən keçən il paraflanmış Sülh gündəliyi, bir tərəfdən aclıq və yoxsulluq durumunda olan, qonşu bildiyimiz erməni xalqına Azərbaycan dövlətinin başçısının humanizmi Ermənistana ən ucuz qiymətlə taxıl və neft məhsullarının göndərilməsi… bir tərəfdən düşünürsən ki, qədim atalar sözü “çörəyi dizi üzərində olanlar”, “çörək itirənlər”. Məncə elə bu atalar sözü də ermənilər üçün deyilib. Bu, durumu təhlil etdikcə erməni xalqının revanşizm xəstəliyindən heç vaxt sağalmayacağı düşüncəsinə qayıdırsan. İqtidarlı, müxalifətli Ermənistanın bütün kəsimlərindəki bu hay şüvanı sülhsevər Azərbaycan xalqının gələcəkdə erməni hiyləgərliyinə qarşı ayıq-sayıq olmağa çağırır. Ermənistanın beynəlxalq təşkilatlar tərəfindən hələ də işğalçı və təcavüzkar kimi tanınmasına baxmayaraq, erməni siyasətçilərinin bu siyasi isteriyada fəal rol oynaması göstərir ki, Paşinyan və onun iqtidar kamandası da revanşist əhval-ruhiyyədən azad deyil.

Bu mənada Ermənistandakı siyasi revanşist dalğalarında sanki boğulmaq təhlükəsində olan Paşinyanın Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin fikirlərinə cavab vermək cəhdi onu bir daha gülünc və utancverici duruma salır. Əslində, Ermənistanın Baş naziri 15 fevral 2020-ci il tarixində keçirilmiş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində möhtərəm cənab Prezident İlham Əliyevin də iştirak etdiyi paneldən sonra nəinki saxta erməni tarixindən, hətta tarixdən danışmamalı idi. Avropa ictimaiyyətində bu paneldə Paşinyanın tragikomik və aciz vəziyyəti haqqında hələ də danışılır.

Paşinyanın bu paneli unutması da, onun xroniki revanşizm xəstiliyindən sağalmamasının əlamətidir. Məhz bu panel müzakirəsi zamanı moderatorun hər iki dövlət rəsmisinə ünvanladığı suallara cavab verərkən Prezident İlham Əliyev hər zaman olduğu kimi, mötəbər müəlliflərin, etibarlı və nüfuzlu arxivlərdə saxlanan mənbələrə əsaslanmış faktlarla, Paşinyanın kəkəliyərək səsləndirdiyi yalan və uydurma erməni faktları bütün dünyanın gözü qarşısında ifşa etmişdi. Həqiqətən də, həmin panel Münhen Təhlükəsizlik Konfransı tarixində beynəlxalq ictimaiyyətin yaddaşına "Münhendə Paşinyana tarix və hüquq dərsi" kimi yazılıb. Artıq Eməni xalqı da, erməni yalanından bezmiş dünya ictimaiyyəti də erməni tarixinin uydurma və saxta olduğunu çoxdan bilir. Hərçənd ki, Paşinyan özü də erməni tarixinin saxtalaşdırılması haqda dəfələrlə etiraf edib.

Mən Ermənistandakı bu durumu geniş şərh etmək istəmirəm. Çünki qeyd etdiyim kimi möhtərəm Prezidentimiz hətta ən yüksək kürsülərdə dəfələrlə saxta erməni tarixi ilə, bölgənin tarixi ilə bağlı ən etibarlı mənbələrə əsaslanmış faktları beynəlxalq auditoriyalarda səsləndiribdir və bu izahatından sonra geniş şərhə ehtiyac qalmır. Eləcə də məlum səfər zamanı hörmətli Hikmət Hacıyev ətraflı məlumat verib. Bütün dünya da bilir ki, Matenadarandakı hər bir eksponat bu bölgənin xalqlarının minillər boyu yaratdığı tarixin saxtalaşdırılmış, feyk nümunələridir.

Mən bir neçə çox sadə sualla erməni siyasətçilərinə müraciət etmək istərdim: Əgər Qarabağ həqiqətən erməni torpağıdırsa, niyə otuz illik işğal dövründə “öz ərazinizdə” belə vəhşilik və vandalizm törətdiniz? Niyə tarixi olaraq Qərbi Azərbaycan kimi tanınan bölgədə — Ermənistanda — Azərbaycan türkləri tərəfindən minilliklər ərzində yaradılmış tarixi və mədəni irsə qarşı cinayət kampaniyası aparırsınız? Unutmayın ki, tarix ona qarşı amansız olanları heç vaxt bağışlamır və nə də rəhm etmir. Bu, dünyanın sadə və danılmaz məntiqidir.

1987-1991-ci illər arasında Ermənistanda erməni vandalları tərəfindən deportasiyaya və etnik təmizləməyə məruz qalmış 300 min Qərbi azərbaycanlıdan biri kimi erməni həmkarlarıma bəyan edirəm. Qərbi Azərbaycan İcmasının məqsəd və məramının əks olunduğu konsepsiyada da qeyd olunduğu kimi biz mütləq ata-baba torpaqlarımıza və doğma kəndlərimizə qayıdacağıq. Sizdən fərqli olaraq, biz öz yurduna bağlı və sadiq xalqıq və biz bu dəfə sülh yolu ilə, ləyaqətli şəkildə və beynəlxalq hüquq çərçivəsində gələcəyik. Çünki bu, Allahın və beynəlxalq hüququn bizə vermiş olduğu təminatdır.

Məlahət İbrahimqızı,
Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
O yollardan heç tank da keçə bilməz! - Bunun adını nə qoyaq?!