Modern.az

Tahir Mirkişili İlqar Məmmədova cavab verdi: qərəzlidir...

Tahir Mirkişili İlqar Məmmədova cavab verdi: qərəzlidir...

İqtisadiyyat

Bu gün, 11:47

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmraslanovun bu günlərdə Modern.az saytına verdiyi müsahibə müzakirələrə səbəb olub.

REAL Partiyası Siyasi Komitəsinin üzvü İlqar Məmmədov sosial şəbəkədəki açıqlamasında Azərbaycanın iqtisadi böhran vəziyyətinə daxil olduğunu qeyd edib, ümumi daxili məhsul (ÜDM) istehsalında azalma baş verdiyini, qiymətlərin qalxdığını, işsizliyin artdığını bildirib. İlqar Məmmədov bu məsələlərə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindən cavab istəyib.

Modern.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili İlqar Məmmədova cavab verib.

T.Mirkişili İ.Məmmədovun qərəzli və manipulyativ çıxış etdiyini bildirib:

“İlqar Məmmədov ixtisasca iqtisadçı olmasa da, xeyli irəli gedərək Azərbaycan iqtisadiyyatında staqflyasiya, böhran olduğunu iddia edib, deyib ki, "staqflyasiyanın hər 3 parametri üzrə biz rəsmən iqtisadi böhrana giririk. Yeni Azərbaycan Partiyasının rəhbərliyi sayəsində".

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iqtisadçı üzvü olaraq bu iddialara aydınlıq gətirmək istərdim. İqtisadiyyat elmdir, rəqəmlərlə, iqtisadi savadla və məntiqlə danışmağı tələb edir, nəinki populist çıxışlarla”.​

T.Mirkişili qeyd edib ki, peşəkar iqtisadi təhlil datalara və faktlara əsaslanmalıdır, ümumi sözlərə yox:

“Əvvəla, bütün iqtisadçılara aydındır ki, iqtisadiyyatda staqflyasiyanın 3 mərhələsi (parametri) deyəndə eyni vaxtda iqtisadi durğunluq (ÜDM artımının uzun illər 0%-ə yaxın olması), yüksək inflyasiya (10%-dən çox) və ciddi işsizlik (20%-dən yuxarı) başa düşülür.

Gəlin indi Məmmədovun iddialarına aydınlıq gətirək:

1) O yazır ki, bu il Azərbaycanda illik ÜDM artımı 0% ətrafında olacaq. Halbuki, bu ilin 8 ayı ərzində ÜDM-in artımı 1.2%, qeyri-neft-qaz ÜDM-i 2.1%, qeyri-neft sənayesi 5.4%, nəqliyyat 8.7%, İKT 10%, əsas kapitala investisiyalar isə 10.7% artıb. Beynəlxalq Valyuta Fondu da bu ilin sonuna ÜDM artımını 0 deyil, 2.1% proqnozlaşdırıb. Yəni, onun iddia etdiyi kimi, durğunluq yoxdur.

2) Məmmədovun iddia etdiyi kimi, bu ilin 8 ayında inflyasiya 6.1% deyil, 5.7% olub. Üstəlik, bu göstərici Mərkəzi Bankın +4-2%-lik diapazonu daxilindədir. Nəzərə alsaq ki, bu dövrdə ölkədə orta əmək haqqı 7.2% artıb, onda deyə bilərik ki, əhalinin real gəlirləri 1.5% artıb. Yəni iddia edildiyi kimi, yüksək inflyasiya da yoxdur.

3) O iddia edir ki, kütləvi işsizliyi ölkədən müşahidə olunan köç sübut edir. Əvvəla deyim ki, miqrasiya (olsa da belə) işsizliyin göstəricisi sayılmır. Dünya Bankının göstəricilərinə görə, Azərbaycanda işsizlik 5.5%, Gürcüstanda 12.1%, Ermənistanda isə 12.9%-dir. Üstəgəl, Dünya Bankının 2025-ci ilin net miqrasiya göstəricilərində Azərbaycan üzrə + 8731 nəfər göstərilir (yəni gələnlər gedənlərdən çoxdur). Yəni iddia edildiyi kimi, kütləvi işsizlik də hesabatlarda öz təsdiqini tapmır.

Bu iddiaların heç biri öz təsdiqini tapmadığı üçün, Azərbaycan iqtisadiyyatını "böhrana girir", "staqflyasiyadadır" kimi adlandırmaq səhvdir və bu iddia doğru deyil.

"Böhran" adlandırılan iqtisadiyyatda strateji valyuta ehtiyatlatı 15.7% artaraq 90.8 mlrd. dollara çata, xarici dövlət borcu 7.8% azalaraq dünyada ən aşağı səviyyələrdən birinə düşə, büdcədə 3.7 mlrd. manatlıq profisit yarana, əhalinin bank depozitləri 15.8%, kreditlər 12.9%, investisiyalar isə 10% arta bilməz. Yəni, Məmmədovun bu "iqtisadi" iddiaları da doğru deyil.

Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan iqtisadiyyatı qarşısında olan çağırışlar (məhsuldarlığın artırılması, qeyri-neft sektorunun inkişafı, maliyyə dərinliyi, ixracın artırılması, biznes kreditlərinin payının artırılması, özəl investisiyaların artırılması və s) hər zaman həm Milli Məclisdə, həm də Nazirlər Kabinetində geniş müzakirə edilir, heç kim bunları inkar etmir və hər il yeni addımlar da atılır. Elə bu günlərdə cənab Prezident İlham Əliyevin imzaladığı "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı" iqtisadiyyatın inkişafına mane olan amillərin aradan qaldırılmasına yönələn siyasi iradənin bariz nümunələrindən biridir.

Əmin olun ki, Prezident İlham Əliyevin iqtisadi siyasəti Azərbaycan iqtisadiyyatını ciddi böhranlardan qoruyub və bundan sonra da qoruyaraq inkişaf etdirəcək”.

Tahir Mirkişili qeyd edib ki, İlqar Məmmədov tərəfindən göstərilən bir çox faktlar və iddialar siyasi manupulyasiya və iqtisadi cəhətdən qeyri-peşəkar olduğundan onlara toxunmağa lüzum görmür:

“Məsələn, peşəkar iqtisadçılar heç vaxt ayrı-ayrı ölkələrdə olan maaşları dollara çevirib, vergi, qiymət səviyyəsi, PPP, real əmək haqqı nəzərə alınmadan müqayisə etmirlər. Və ya Cənubi Qafqazda Azərbaycan iqtisadiyyatının nisbi payının azalmasını iqtisadiyyatın kiçilməsi kimi təqdim etmək metodoloji manipulyasiyadır. Burda aşağı və yuxarı bazadan artma məntiqi var. Adambaşına bank vəsaiti ümümiyyətlə standart iqtisadi göstərici sayıla bilməz və s...”

Deputat bildirib ki, bu cavab İlqar Məmmədovun şəxsinə qarşı deyil, məqsəd onun dediklərinin doğru olmadığını göstərməkdir.

“Partiyalar arasında siyasi dialoq mühitinin ruhuna uyğun olaraq ümid edirəm ki, o da bunu konstruktiv qəbul edəcək, doğruları öyrənəcək və növbəti çıxışlarında iqtisadiyyatdan, ona yad olan bir sahədən bir daha danışmayacaq.

Ümumiyyətlə, fürsətdən istifadə edib, iqtisadçı olan və olmayan müxalifət və ya müstəqil şəxsləri dövlətin iqtisadi siyasəti ilə bağlı fikirlərində daha peşəkar olmağa, doğru metodologiyadan istifadə etməyə, rəqəmlərə doğru istinad etməyə və iqtisadi məntiqin ardıcıllığına söykənməyə çağırıram".

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland