Modern.az

Əsgər anası: “Oğlum Qubadlının 30 ilə yaxın işğal altında qalan kəndinə bayraq sancdı” - MÜSAHİBƏ

Əsgər anası: “Oğlum Qubadlının 30 ilə yaxın işğal altında qalan kəndinə bayraq sancdı” - MÜSAHİBƏ

Qarabağ

25 Noyabr 2020, 09:42

Hər bir ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun ordusu, əsgərinin vətənpərvərlik ruhudur. Əgər ruh yoxdursa, qüdrətdən, vətənin etibarlı müdafiəsindən danışmaq mənasız olar. Qəlbində vətənpərvərlik ruhu olan əsgərin, döyüşçünün qarşısında ən müasir silahlara sarılmış düşmən belə dayana bilməz.

Qəlbində vətənpərvərlik hissini tam olaraq yaşayan əsgərlərimizdən biri Sənan İsmayılov Modern.az-a Qarabağdakı döyüş təəssüratlarından danışıb.


- Sənan, döyüşlərin ilk günündən oradasınız? Könüllü getmisiniz?

- Səfərbərlik elan olunan kimi könüllü olaraq müharibəyə qatıldım.  Sentyabrın 29-dan cəbhədəyəm. İlk gələndə Cəbrayılda və Füzulidə oldum, indi isə Qubadlı istiqamətindəyik.


- Hazırda vəziyyət necədir orada?

- Burada hər şey əladır, tam sakitçilikdir. Qubadlının sərhəd kəndi olan Çərəlidəyik. Artıq bu kənddən sonra Ermənistan sərhədidir, biz buranın müdafiəsindəyik.
Biz burada evlərdən, şəhərdən çox uzaqdayıq, dağda qalırıq . İlk gəldikdə hər birimiz üçün çətin idi, təbii ki, amma artıq vaxt keçdikcə, özümüz üçün hər bir şərait qurmuşuq. Ehtiyaclarımızı qarşılayırlar, çox sağ olsunlar. Hazırda buradakı əsgərlər bir-birimizə hər an dəstək olmağa çalışırıq.


- Orada başınıza gələnlərdən danışaq. Sizinlə birlikdə döyüşən əsgər yoldaşlarınız hamısı sağ-salamatdır?

- Biz sərhəd kəndində olduğumuz üçün sadəcə müdafiə edirik. Bəzi hadisələr baş verdi, ancaq şükürlər olsun ki, aramızda şəhid olan və yaralanan olmadı. Bu günə qədər heç bir səhvə yol vermədik, bayrağımızı Çərəli kəndinə sancdıq.


- Ailənizlə hər gün danışa bilirsiniz?

- Artıq demək olar ki, hər gün danışırıq. Ailəm çox narahat olduğu üçün hər gün vaxt ayırıb, qısaca sağ-salamat olduğumu deməyə çalışıram.


- Gənc əsgərlərimizin bəzilərinin sevdiyi, yolunu gözləyəni var. Bəs sizin necə?

- Xeyr, sevdiyim yoxdur. Əsas yolumu gözləyən ailəmdir.


- Qayıtdıqdan sonra nələr etməyi düşünürsünüz? Yarımçıq qalan planlarınız nələrdir?

- Hələ ki heç bir planım yoxdur. Sadəcə, ailəmin yanına qayıtmağı düşünürəm. Hər kəs orada səbirsizliklə mənim qayıtmağımı gözləyir. Mən hava limanında işləyirdim, düşünürəm ki, yenidən öz işimə qayıdaram, hər şey daha yaxşı olar.


- Qələbə xəbərini necə eşitdiniz? Əsgər yoldaşlarınızla birlikdə hansı hissləri keçirdiniz?

- Cəbhədə Prezidentimizin çıxışına qulaq asdıq. Çox sevindik hər birimiz. Prezidentimiz danışdığı andan etibarən atəşkəs oldu, güllə səsi eşidilmədi, sanki hər şey bir anda dayandı. Cəbhə elə bil sükut elan etdi.


- Qayıdana qədər Qubadlıda qalacaqsınız? Yoxsa, yerdəyişmə edib, başqa istiqamətə göndərilə bilərsiniz?

- Xeyr, bizim ərazi burada bitir, artıq başqa yerə göndərilməyəcəyik.


“Sanki çağırış olmamışdan əvvəl hər şeyi hiss etmişdi
...”


Əsgərimizdən sonra onun anası Yeganə İsmayılova ilə də həmsöhbət olduq. Oğlunun yolunu gözləyən əsgər anası düşüncələrini bizimlə bölüşdü:

“Sənan həqiqi hərbi xidməti də Füzulidə, Horadiz istiqamətində keçib. Əsgərlikdə onun bütün komandirləri Sənandan razılıq ediblər. Sənanın hər zaman bizə yaxşı xəbərləri gəlib.

Müharibə başlayan gündən etibarən hər gün işdən gəlməzdən əvvəl zəng vururdu, soruşurdu ki, məni çağırdılar? Səbirsizliklə gözləyirdi döyüşə getməyi...

Oğlum Qubadlının 30 ilə yaxındır işğal altında olan Çərəli kəndinə bayraq sancdı. Fəxr edirəm, o görüntüləri gördükdə özümdən asılı olmadan kövrəldim, ağladım. İnsan elə bir görüntü qarşısında göz yaşlarına necə hakim ola bilər?! Oğlumla və bütün qəhrəman əsgər balalarımızla fəxr edirəm, qürur duyuram...”.

Mehri QURBAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir