Modern.az

Başıbəlalı Gəncə - Atalar üçdən deyib...

Başıbəlalı Gəncə - Atalar üçdən deyib...

31 Dekabr 2020, 12:10

Gəncənin tarixi adının bərpa olunduğu gün imiş...

Səfəvi hökmdarı I Şah Abbas Gəncənin adını dəyişib öz şərəfimə Abbasabad adlandırmışdı.

Sonra şəhər adını özünə qaytardı.

Çar Rusiyası Gəncə adını dəyişib Yelizavetpol etdi.

Cümhuriyyət tarixi şəhərin tarixi adını özünə qaytardı.

Bolşeviklər Gəncə adını dəyişib Kirovabad qoydular.

Ölkəmizdə müstəqillik rüzgarı Gəncənin tarixi adını özünə qaytarmaq haqqındakı müzakirələrlə əsməyə başladı.

Atalar üçdən deyib.

Bu dəfə Gəncə öz həqiqi adını əbədiyyətə qədər daşıyacaq.

İkinci şəhərimizin tarixi adının bərpası prosesində Gəncədə Yeni Gəncə yaradan və insanların yaddaşını təzələyən o zamankı şəhər partiya komitəsinin birinci katibi, səfir həmkarım və ağsaqqal dostum Həsən Həsənovun böyük rolu olub.

1987-ci ildə Azərbaycan yazıçılarının VIII qurultayında əslən Gəncədən olan yazıçı Nüşabə xanım Məmmədli şəhərin həqiqi tarixi adının bərpası ilə bağlı təklif verdiyinə görə Azərbaycan KP MK birinci katibi Kamran Bağırovun necə əsəbiləşdiyi indi də gözlərim önündədir.

1988-ci ilin fevralında erməni separatçılarının Dağlıq Qarabağda başladıqları təhlükəli oyunla bağlı camaatı sakitləşdirmək məqsədi ilə dostluq nağılları danışmaq üçün universitetin iki professoru ilə birlikdə ermənilərin də yaşadığı Daşkəsənə ezam olunmuşduq.

Səfərqabağı bizə təlimat verən MK-nın məsul işçisi Daşkəsənə necə gedəcəyimizi soruşdu. Mən:

-Gəncəyə qədər qatarla gedərik, oradan da bir maşın tapıb Daşkəsənə qalxarıq, -dedim.

Məsul yoldaş bərk əsəbiləşdi:

-Gəncə nədir? Azərbaycanda Gəncə adlı yer var? Belə məhlə söhbətlərini yığışdırın. Özünüz də adamlara partiyanın siyasi xəttini izah eləməyə gedirsiniz. Belə düşüncə ilə xeyirdən çox ziyan vura bilərsiniz.

Bilmirəm, həmin məsul yoldaş həyatdadırmı və siyasi səbatlılıq göstərərək yenə də Gəncə əvəzinə Kirovabad deyirmi?

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür