Xalq artisti Aleksandr Şarovski II Fəxri xiyabanda dəfn edilib.
Modern.az xəbər verir ki, dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Aleksandr Şarovski ilə vida mərasimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçirilib.
Xatırladaq ki, Xalq artisti bu gün səhər saatlarında Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
***
10:35
Xalq artisti, tanınmış rejissor və aktyor Aleksandr Şarovski ilə vida mərasiminin vaxtı və yeri açıqlanıb.
Modern.az xəbər verir ki, vida mərasimi sentyabrın 9-da saat 14:30-da Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçiriləcək.
Mərhum sənətkar İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Aleksandr Şarovski uzun illər Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru vəzifəsində çalışıb. O, 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.
09:44
Aleksandr Şarovski vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında paylaşım edilib.
Paylaşımda deyilir:
“Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!”
Qeyd edək ki, Aleksandr Şarovski 1948-ci il fevralın 10-da Bakıda anadan olub. O, 1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb, 1976-cı ildən isə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb.
Şarovski 1993-cü ildən sözügedən teatrın baş rejissoru olub. Uzunmüddətli yaradıcılığı ərzində səhnədə 50-dən çox obraz yaradıb, 50-dən artıq tamaşaya quruluş verib. O, həmçinin “Qorxma, mən səninləyəm”, “Lətifə”, “Hökmdarın taleyi” və digər filmlərdə rol alıb.
Aleksandr Şarovski 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. Görkəmli sənətkar “Şöhrət” və “Şərəf” ordenləri, eləcə də Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
O, həmçinin Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü olub.