Modern.az

Şəfiqə Məmmədova: Bu vəzifə mənim üçün ağır məsuliyyətdir - YENİLƏNİB 3

Şəfiqə Məmmədova: Bu vəzifə mənim üçün ağır məsuliyyətdir - YENİLƏNİB 3

Mədəniyyət

Bu gün, 12:39

Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri, Xalq artisti Şəfiqə Məmmədova ittifaq daxilində mövcud problemlərin həlli və yeni layihələrin icrası üçün çalışacağını bildirib.

Modern.az xəbər verir ki, o, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildikdən sonra çıxışı zamanı danışıb.

“Bu vəzifə mənim üçün ağır məsuliyyətdir və mən bunu dərk edirəm. İttifaq daxilində bir çox çətinliklərin, problemlərin olduğu heç kimə sirr deyil. Lakin bütün bunlara baxmayaraq, ittifaqımız yeni layihə və proqramların icrasını davam etdirəcək”, – Şəfiqə Məmmədova deyib.

Xalq artisti ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni edəcəyinə söz verib.

12:28

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri seçilib.

Modern.az xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən seçki konfransına İttifaqın 206 üzvü qatılıb.

Sədr postuna vahid namizəd kimi Şəfiqə Məmmədova təqdim olunub. Səsvermənin nəticələrinə əsasən, o, AKİ-nin yeni sədri seçilib.

12:22

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçkisində Xalq artisti Həmidə Ömərovanın namizədliyi qəbul edilməyib.

Modern.az xəbər verir ki, İttifaqın konfransında sədr postuna vahid namizəd kimi Xalq artisti Şəfiqə Məmmədova təqdim olunub.

Bu qərar AKİ-nin bəzi üzvlərinin etirazına səbəb olub. Onlar Həmidə Ömərovanın da namizədliyinin nəzərə alınmasını tələb ediblər.

Etirazlara cavab verən Şəfiqə Məmmədova onun vahid namizəd kimi irəli sürülməsinin İttifaqın İdarə Heyətinin qərarı olduğunu bildirib.

Qeyd edək ki, Həmidə Ömərovanın sədrliyə namizədliyi konfransdan bir gün əvvəl irəli sürülmüşdü. Buna qədər İdarə Heyəti Şəfiqə Məmmədovanın namizədliyini yekdilliklə təsdiqləmişdi.

Beləliklə, AKİ sədrliyinə seçki yalnız Şəfiqə Məmmədovanın namizədliyi ilə keçiriləcək.
 

12:09

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) növbəti konfransı başlayıb. Nizami Kino Mərkəzində keçirilən konfransın əsas məsələsi İttifaqın yeni sədrinin seçilməsidir.

Modern.az xəbər verir ki, sədr postu uğrunda Xalq artistləri Şəfiqə Məmmədova və Həmidə Ömərova mübarizə aparırlar.

AKİ-də sədr vəzifəsi Xalq artisti Rasim Balayevin 29 mart 2026-cı ildə vəfatından sonra boş qalıb. O, 2024-cü ildə iki kino ittifaqının birləşmə konfransında qurumun sədri seçilmişdi.

Avqustun 28-də keçirilən İdarə Heyətinin iclasında sədr səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi qərara alınıb. Həmin iclasda onun sədr vəzifəsinə vahid namizədliyi də yekdilliklə təsdiqlənib.

İttifaqın İdarə Heyətinin üzvü və icraçı katibi Əli İsa Cabbarovun da namizədlər arasında adı çəkilsə də, o, sonradan namizədliyini geri götürüb və tutduğu vəzifələrdən istefa verib.

Buna görə də konfransadək seçkinin alternativsiz keçiriləcəyi gözlənilirdi. Lakin sentyabrın 10-da, səsverməyə bir gün qalmış Həmidə Ömərovanın da sədrliyə namizədliyi irəli sürülüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?