Modern.az

Təbriz Bakıya qürurla baxır - Güneyli soydaşlar

Təbriz Bakıya qürurla baxır - Güneyli soydaşlar

Mədəniyyət

14 Sentyabr 2026, 11:30

Bakıdan Təbrizə uzanan mənəvi körpü həmişə içimizdəki qanayan yara olub. Bir millətin illər önsə iki yerə bölünərək bir-birindən uzaq qalması ən acı həqiqətdir. Quzeyli, güneyli hamı yaxşı bilir ki, Araz çayı illərin qaysaq bağlamayan ayrılığıdır. Güney Azərbaycandakı soydaşlarımızın Bakı ilə bağlı fikir və düşüncələri nələrdir?

Modern.az  mövzu ilə bağlı soydaşlarımızın bir neçəsi ilə danışıb. Onların hər biri qeyd ediblər ki, Təbriz Bakının qardaşıdır.

Güney azərbaycanlı fəal Sayman Aruz:

"Fars-molla rejiminin düşüncələri mətbuatda, televiziyada, rejimə bağlı müəyyən adamların dilində, rəftarında özünü bəlli edir. Əgər bu düşüncə ilə yanaşsaq düşünərik ki, Təbriz Bakını istəmir. Lakin, oradakı soydaşlarımız Bakını qəti şəkildə Təbrizdən ayırmırlar, bakılını təbrizlidən ayrı tutmurlar. Eyni keçmişdən, eyni gələcəkdən danışırlar və üzərindən 200 il də keçmiş olsa, hələ də Türkmənçaydan əvvəlki o birlik, o vəhdət xalqlarımızın arasında vardır".

O qeyd edir ki, Bakı ilə Təbrizin arasında heç bir fərq yoxdur.

"Təbriz Bakını doğma bir vətənin paytaxtı kimi görür. Hər ikimiz də eyni keçmişin, eyni tarixin, eyni mədəniyyətin, eyni atanın və ananın övladlarıyıq. Biz eyni gələcəyin, eyni məqsədin yolçusuyuq."

Tarixçi Məhəmməd Rəhmanifər isə fikirlərini belə ifadə edib:

"Təbrizdən Bakıya necə baxılır? Yaramıza duz basırsınız... Təbriz Bakını demək olar ki, bir doğma qardaşı kimi, can sirdaşı, ürəyinin bir parçası olaraq görür. Əslində bunu anlamaq heç də çətin deyil. Biz bunu Güney Azərbaycanda yazılmış olan şeirlərdə Güney Azərbaycanın idman meydanlarında üçrəngli Azərbaycan bayrağının zaman-zaman dalğalanmasında, səslənən şüarlarda və sloqanlarda görürük".

O qeyd etdi ki, Azərbaycan-Türkiyə bayraqları İran stadionlarına götürmək sıxıntı yarada bilər.

"Azərbaycan bayrağını "Traktor" stadionunda açdığı üçün bizim dostlardan tutulanlar, hətta qamçılananlar olubdur.

Zamanında Qarabağ zəfərindən sonra cənab İlham Əliyevin şəkilləri "Azərbaycan qəhrəmanı" altyazısı  ilə Təbrizin divarlarına yapışdırıldı. Bilirsiniz, bunu Təbriz kimi bir yerdə görmək o qədər də asan iş deyil. Bu işi görənlər tutulsalar, hamısına casusluq ittihamı, çox ağır cəzalar verilir. Bütün bunlara rəğmən Təbriz hər zaman, öz yoluna sadiq qalıb və  böyük mücadilələr veribdir.

"Şəhriyarla birlikdə özgələşməkdən özələşməyə doğru" adlı kitabımda yazmışam ki, Türkmənçay müqaviləsi ilə Azərbaycan ikiyə parçalandı. Amma buna siyasətçilər, ordu komandanları baş əysələr də, xalq baş əymədi. Bu birlik ruhumuzu aşıqların saz havalarında və şairlərimizin şeirlərində yaşatdıq. İstər Azərbaycanın quzeyindən, istər güneyindən nə qədər şeirlər yazıldı ki, bu qardaşlıq ruhunu canlı tutsun, aradan getməsin. Biz bunu ustad Şəhriyarın şeirlərində də görürük. Onun bütün şeirlərini araşdıran və haqqında kitab yazan biri olaraq deyirəm ki, Şəhriyar şeirlərində heç zaman Tehranı vətən adlandırmayıb. Ancaq Bakını iki dəfə vətən adlandırıb, hətta "Qızıl Kəbə" deyib. Şəhriyar Kəbənin nə olduğunu çox yaxşı bilirdi. Bilirdi ki, Məkkədə müsəlmanların qibləgahıdır Kəbə. Amma Şəhriyar Bakını Kəbə adlandırır öz şeirlərində. Nə qədər dəyər verdiyi də buradan ortaya çıxır".

Məhəmməd Rəhmanifər qeyd edib ki, Təbriz meydanlarında bu gün ana siyasət azərbaycançılıq siyasətidir.

"Azərbaycan uğrunda mücadilə vermək, Azərbaycan uğrunda mübarizə eləmək əsas məsələdir. Mən bir üzüntümü də dilə gətirmək istəyirəm. Təəssüflə qeyd edirəm ki, mənə elə gəlir Bakıdan Təbrizə bir o qədər səmimi yanaşılmır. Mən bilirəm, Quzey Azərbaycanda da, Bakıda da bir çox şairlərimiz, yazarlarımız, insanlarımız Təbrizi sevirlər. Mən zaman-zaman Bakıda olmuşam, bunu gözümlə görmüşəm. Güney Azərbaycan haqqında doğru-düzgün bir addım, məqsədyönlü hərəkətlər təəssüflə dilə gətirəcəyəm ki, Quzeydə görmürəm".

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri Əhməd Obalı:

"Cənubi Azərbaycanın Şimali Azərbaycanla bağlı fikri çox müsbətdir. Bunu biz "Traktor"un oyunlarında səslənən sloqanlardan, şüarlardan, Şimali Azərbaycanın bayrağına hörmətdən, 2020-ci ilin Qarabağ savaşına verilən dəstəkdən görmüşük. Yəni bir çox göstəricilər Cənub və Təbrizin ümumiyyətlə Bakıya və Şimali Azərbaycana çox müsbət baxdığını əks etdirir. Bu  baxış getdikcə də həm dərinləşir, həm də bir az müsbət mənada dəyişir".

Əhməd Obalı qeyd edib ki, 2020-ci ilə qədər Təbrizlə Bakı arasında həsrət var.

"44 günlük savaşdan sonra Təbriz fəxr etdi qardaşıyla. Çünki o vaxta qədər Cənub da bir az boynu bükük qalmışdı. Orda düşünürdülər ki, biz fars işğalının altındayıq, Şimali Azərbaycanda da ermənilər Qarabağı işğal ediblər, əhalinin yüzdə 10-u qaçqındır və s. Bu həqiqətən çox çətin vəziyyət idi. Amma o savaşdan sonra Azərbaycan torpaqlarının azad edilməsi və Prezident İlham Əliyevin çox maraqlı çıxışları Cənubi Azərbaycanda da böyük fəxrlə qeyd olundu və millət Şimali Azərbaycana ümidlə baxdı. Artıq millət düşünürdü ki, Qarabağı aldılarsa, yeri gələrsə, Şimali Azərbaycan bizim də azadlığımıza kömək eləyəcək. Bununla yanaşı, Prezident Əliyevin dəfələrlə, dolayısı yolla, bir-iki dəfə də birbaşa Cənubi Azərbaycan haqqında, bizim əzilmiş hüquqlarımızın müdafiəsi barədə danışmağı Güneydə böyük rezonans yaratdı. Hətta bir çoxları "bayrağımız üçrəngli bayraqdır, Prezidentimiz isə İlham Əliyev" dedilər.

Milli hərəkatın üzvləri və xalq Şimali Azərbaycana, Bakıya qürurla baxırlar. Ancaq içimizdə istisnalar da var. Onlar irançılığın əlində əriyiblər və Azərbaycanın hətta əleyhinə işləyirlər. Məsələn, Mənsur Həqiqətpur Ərdəbilin nümayəndəsi idi bir zamanlar. O Azərbaycana ordu təşkil etmək üçün 90-cı illərdə yardıma gəlib. Ancaq bəlli olub ki, həmin şəxs Ermənistana məlumat yığıb ötürürmüş. Yəni Azərbaycanın düşmənidir. Bir vaxtlar Ərdəbilin nümayəndəsi və SEPAH-ın üzvü olub. İndi isə İran rejiminin içində ciddi adamlardan biridir.

Güneydə özünü Şimalla bir yerdə görməyənlərin sayı çox azdır. Amma onlar İran rejimi tərəfindən dəstəklənirlər. Hətta onların saytları, söz deməyə mikrofonları da var. Onlar yeri gələndə televiziyaya çıxıb sözlərini də deyirlər. Mənim şəxsi fikirlərimə gəldikdə isə deyə bilərəm ki, mənim Azərbaycan adlı vətənim var, İran adında vətənim yoxdur. Doğma ana yurdum İran deyil, Azərbaycandır!".

Lamiyə Cənnətzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələr olacaq?