Modern.az

Tarixi-dini abidələrin rəqəmsal xəritəsi yaradılacaq 

Tarixi-dini abidələrin rəqəmsal xəritəsi yaradılacaq 

Mədəniyyət

Bu gün, 10:59

Azərbaycanda tarixi-dini memarlıq abidələrinin vahid məlumat bazasının və rəqəmsal xəritəsinin yaradılması təklif olunur.

Modern.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tarixi-dini irsin qorunmasına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Komitə sədri qeyd edib ki, tarixi-dini abidələrin hüquqi statusu, texniki vəziyyəti, istifadə forması və mövcud problemləri barədə məlumatların aidiyyəti qurumlar arasında operativ şəkildə bölüşdürülməsi prioritetlərin düzgün müəyyənləşdirilməsinə və görüləcək işlərin daha səmərəli planlaşdırılmasına imkan verə bilər.

“Bu baxımdan, tarixi-dini memarlıq nümunələrinin vahid məlumat bazasının və rəqəmsal xəritəsinin formalaşdırılması birgə fəaliyyətin başlanğıc nöqtələrindən biri ola bilər”, – deyə Ramin Məmmədov bildirib.

Onun sözlərinə görə, hər bir dini memarlıq nümunəsinin özünəməxsus quruluşu, yaranma və formalaşma tarixi, eləcə də əsrlər ərzində həmin məkanda formalaşmış istifadə və ibadət ənənələri mövcuddur.

Ramin Məmmədov bildirib ki, zəruri hallarda memarlıq, tarix, arxeologiya və bərpa-konservasiya üzrə mütəxəssislərlə yanaşı, ilahiyyatçı ekspertlərin də prosesə cəlb edilməsi faydalı ola bilər.

Komitə sədri vurğulayıb ki, dini abidələrin bərpası zamanı onların tarixi orijinallığının, dini-mənəvi məzmununun və özünəməxsus xüsusiyyətlərinin mümkün qədər qorunması vacibdir.

O, həmçinin tarixi-dini abidələrin bərpasından sonrakı mərhələdə onların qorunması və yaşadılması üçün aidiyyəti dövlət qurumlarının, mütəxəssislərin, dini icmaların və ictimaiyyətin əlaqələndirilmiş fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Ramin Məmmədov bildirib ki, Mədəniyyət Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında tarixi-dini irsin qorunması sahəsində sıx əməkdaşlıq və qarşılıqlı fəaliyyət təcrübəsi formalaşıb.

Lamiyə Cənnətzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada