Modern.az

Mübariz Mənsimov SOCAR-a 63 milyon dollar ödəməlidir - Məhkəmə QƏRARI

Mübariz Mənsimov SOCAR-a 63 milyon dollar ödəməlidir - Məhkəmə QƏRARI

Hadisə

4 Fevral 2021, 12:09

SOCAR və “Palmali” şirkəti arasında mövcud mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Qərar London Dəniz Arbitrləri Assosiasiyanın şərtləri altında SOCAR qrupunun lehinə verilib.

Məhkəmə işində təxminən 63 milyon ABŞ dolları məbləğində zərərin “Palmali” və Mübariz Mənsimov tərəfindən ödənilməsi barədə qərar çıxarılıb. Qeyd edilən məbləğə həmçinin zərər məbləği, faizlər və hüquqi xərclər də daxildir. Bu məhkəmə işində də “Palmali”nin çoxmilyonlu qarşılıqlı iddiası bütünlüklə rədd edilib.

“SOCAR və “Palmali” arasında əvvəllər kommersiya münasibətləri mövcud olsa da, “Palmali”nin iddia etməsinə baxmayaraq, bu şirkətlər heç vaxt birgə müəssisə yaratmayıblar”,-deyə SOCAR-ın açıqlamasında vurğulanıb.

Bildirilib ki, 2018-ci ildə “Palmali”nin öz öhdəliklərini pozması nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər qarşı tərəfə və Mübariz Mənsimova qarşı üç arbitraj iddiası qaldırıb.

“Bundan əvvəl keçirilmiş birinci məhkəmə prosesində London Beynəlxalq Arbitraj Məhkəməsi “SOCAR Overseas” şirkətinə 49,5 milyon ABŞ dolları məbləğində vəsaitin ödənilməsi barədə qərar verib. Beləliklə, üç məhkəmə işindən ikisi artıq SOCAR-a ümumilikdə təxminən 112,5 milyon ABŞ dolları məbləğində cərimənin ödənilməsi barədə qərarlarla nəticələnib. Şirkətlər arasında üçüncü mübahisə də arbitraj prosesinin predmetidir. Artıq həmin proses də başa çatıb, arbitraj qərarı gözlənilir”,-SOCAR bildirib.

Xatırladaq ki,  “Palmali” şirkətinin rəhbərio Mübariz Mənsimov 2020-ci ilin martında Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən  saxlanılıb. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.

Mübariz Mənsimov ilk gündən ittihamları rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bildirir. İş adamı həbsdə olduğu müddətdə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.

Mübariz Mənsimov onu da vurğulayıb ki, özü və rəhbərlik etdiyi “Palmali” şirkəti hər zaman Azərbaycanın və Türkiyənin dövlətçiliyini dəstəkləyib.

M.Mənsimovla bağlı sonuncu proses 2021-ci il yanvarın sonunda İstanbul Ağır Cəza Məhkəməsində keçirilib. Məhkəmə martın 5-dək təxirə salınıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı