Modern.az

Dövlət Neft Şirkətindən xəbərdarlıq: “Fırıldaqçılar, dəllallar var, aldanmayın!”

Dövlət Neft Şirkətindən xəbərdarlıq: “Fırıldaqçılar, dəllallar var, aldanmayın!”

26 Sentyabr 2012, 14:38

Dövlət Neft Şirkətində (ARDNŞ) 2011-ci ilin  aprel ayında yaradılmış İnsan Resursları Departamenti kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi, stimullaşdırılması, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması və insan resurslarının idarə edilməsi üzrə işlər keçirməkdədir.

ARDNŞ İnsan Resursları Departamentinin rəisi Asif Bəkirlinin Modern.az saytına bildirdiyinə görə, Departamentin fəaliyyətə başladığı dövrdən etibarən 1880 ədəd vakant yer elan edilib,  həmin vakant yerlər üzrə 28908  nəfər namizədin müraciəti qəbul edilərək onların ilkin tələblərə uyğunluğu yoxlanılıb. İlkin tələblərə cavab verən  7252 nəfər test və peşə sınaq imtahanında, onlardan da  3924 nəfər  müsahibələrdə iştirak edib və nəticədə 1036 nəfər müsabiqədə uğurla iştirak edərək ARDNŞ-də müvafiq işlə təmin olunması üçün iş təklifləri alıblar.

“Hər kəs buna  şahiddir ki, ARDNŞ-nin İnsan Resursları Departamenti qanunun tələblərini ali tutaraq obyektivlik və şəffaflıq  prinsipləri əsasında öz  fəaliyyətini davam edir. Lakin təəssüf ki, kənarda qeyri-aidiyyatı olan şəxslərin “işədüzəltmə” adı altında fırıldaqçılıq, dələduzluq işləri ilə məşğul olması faktları hələ də mövcuddur. Məlumdur ki,  Respublika Baş Prokurorluğunun operativ işi nəticəsində dələduzluq, rüşvətxorluq,  korrupsiya kimi hallar aşkar olunmuş və qanun qarşısında qiymətləndirilmişdir.  İnsan Resursları Departamenti dəfələrlə KİV vasitəsilə çıxış edərək bu kimi  halların yolverilməz olduğunu bildirmiş və bu cür dələduzluq edən “dəllallar”a aldanmamaq barədə əhalini məlumatlandırmışdır. Bununla yanaşı, təəssüf ki, yenə də belə hallar baş verir.  Departament bu gün də ictimaiyyəti xəbərdar edir ki, ARDNŞ-yə işə qəbul olunmaq istəyən vətəndaşlar yalnız və yalnız  ARDNŞ-nin korporativ internet səhifəsinə (www.socar.az) daxil olaraq müvafiq vakansiyalar haqqında məlumat ala və ixtisasları üzrə müraciət edə bilərlər. Obyektivlik və şəffaflıq prinsipi əsasında müsabiqə yolu ilə həyata keçirilən işə qəbul prosesində isə yalnız bilik, bacarıq, səriştə və fərdi keyfiyyətlər rol oynayır”-deyə Asif Bəkirli vurğulayıb. 

O, bildirib ki, hazırda Departament öz fəaliyyəti çərçivəsində dünya təcrübəsi əsasında yerli qanunvericiliyə uyğun olaraq insan resurslarının idarə edilməsi ilə bağlı karyera inkişafı, motivasiya, təlim və işə qəbul üzrə tədbirlərin həyata keçirilməsi planları üzərində iş aparır.
“Bunun nəticəsində daha məhsuldar işçiləri əldə etmək və onların Dövlət Neft Şirkətindəki fəaliyyətinin  yüksək səviyyədə təzahürünü görmək mümkün olacaq. Bu tədbirlər testlərlə, çağdaş texnoloji vasitələrlə və praktik şəkildə ən istedadlı işçilərin müəyyən edilməsinə imkan yaradacaq”.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir