Kəlbəcər şəhərində səhər saatlarında açıq havada gimnastika məşqi təşkil olunub.
Modern.az xəbər verir ki, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi təşkilatçılığı ilə “Səhər İdmanı” layihəsi çərçivəsində keçirilən məşqə gənclər və şəhər sakinləri qoşulublar. Dumanlı dağların ətəyində, Kəlbəcərin füsunkar təbiəti fonunda baş tutan səhər gimnastikası iştirakçılar üçün həm fiziki aktivlik, həm də fərqli bir atmosfer yaradıb.
Böyük Qayıdışın ünvanlarından olan Kəlbəcərdə bu cür tədbirlər şəhərin sosial həyatına da yeni rəng qatır. İdman aksiyası bir tərəfdən sağlam həyat tərzinin təşviqinə xidmət edirsə, digər tərəfdən doğma yurda qayıdan insanların gündəlik həyatında fəallığın və birgə iştirak mühitinin formalaşmasına töhfə verir.
Açıq hava şəraitində keçirilən səhər məşqi xüsusilə gənclərin iştirakı ilə yadda qalıb. Kəlbəcərin dağ mənzərəsi fonunda təşkil olunan idman saatı şəhərdə canlanan həyatın növbəti nümunələrindən biri kimi diqqət çəkib.




