Dövlət İmtahan Mərkəzi (DİM) Hakimlərin Seçki Komitəsi ilə birgə hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Modern.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 339 nəfərdən 2 nəfər imtahana gəlməyib. 175 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.
Nəticələrlə bağlı Apellyasiya Komissiyası 29, 30 iyun və 1 iyulda saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç., 50) fəaliyyət göstərəcək.