ABŞ və İran arasında Körfəz bölgəsində qarşılıqlı hərbi əməliyyatlar davam edir. Tərəflər iki həftə əvvəl imzalanmış və dörd aydır davam edən müharibəyə son qoymalı olan müvəqqəti razılaşmanın pozulmasına görə bir-birini ittiham edir.
Modern.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın ölkəsinin "işi hərbi yolla tamamlaya biləcəyi" barədə xəbərdarlığından qısa müddət sonra İran Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumların ABŞ-ın son hava zərbələrinə cavab olaraq həyata keçirildiyini bildirib. Bəyanatda Vaşinqtonun atəşkəs razılaşmasını pozduğu və bunun diplomatik prosesləri iflic etdiyi vurğulanıb. SEPAH-ın dəniz komandanlığı isə bölgədəki ABŞ bazalarının "yaxın günlərdə cəhənnəmi yaşayacağını" bəyan edib.
ABŞ rəsmiləri Küveyt və Bəhreyndəki hərbi obyektlərə hücumları təsdiqləsələr də, insan tələfatı və ciddi dağıntı qeydə alınmadığını bildiriblər.
Bəhreyn hakimiyyəti İranın hücumu nəticəsində Mühərrək vilayətində yaşayış binasının zədələndiyini, lakin xəsarət alan olmadığını açıqlayıb. Rəsmi Manama məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.
Küveyt ordusu isə iki ballistik raketin zərərsizləşdirildiyini, nəticədə itki və dağıntının olmadığını bəyan edib.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı Panama bayrağı altında üzən tankerin İran dronu tərəfindən vurulmasından sonra İrana qarşı yeni zərbələr endirdiyini açıqlamışdı. ABŞ tərəfi bildirib ki, hədəflər İranın hərbi müşahidə, rabitə, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar və mina yerləşdirmə obyektləri olub.
İran dövlət televiziyası isə ölkənin cənubundakı Sirik bölgəsində partlayış səslərinin eşidildiyini xəbər verib.
Bu arada, İsrail ordusu Livanın cənubunda İranın dəstəklədiyi "Hizbullah" hərəkatının üzvlərinə və raket buraxılış qurğularına zərbələr endirdiyini açıqlayıb. İran Vaşinqtonu Livanda atəşkəs öhdəliklərini pozmaqda ittiham edir.
Bütün bunlar fonunda Hörmüz boğazında vəziyyət gərgin olaraq qalır. Dünyanın ən mühüm enerji nəqli marşrutlarından biri hesab olunan boğazda gəmilərin hərəkəti davam etsə də, bölgədə təhlükəsizlik riski yüksək olaraq qiymətləndirilir.