Modern.az

Azərbaycanın Şəhid qardaşları - Bu hekayələri oxumaq asan deyil

Azərbaycanın Şəhid qardaşları - Bu hekayələri oxumaq asan deyil

Reportaj

Bu gün, 14:47

26 İyun – Silahlı Qüvvələr Günündə hər kəs Azərbaycan Ordusunu təbrik edir. Bu ordunun ən müqəddəs rütbəsi nə generaldır, nə polkovnik, nə də əsgər... Bu ordunun ən uca adı Şəhiddir.

Şəhidlik elə bir zirvədir ki, orada nə yaşın fərqi var, nə rütbənin. O zirvədə təkcə bir amal var – Vətən. Vətən sevgisi - öz həyatını, şəxsi mənafeyini xalq, millət, torpaq yolunda qurban verməyə qadir olan milli-mənəvi dəyərdir. Qəlbi ilə, ruhu ilə Vətəni sevən minlərlə oğlumuz göz qırpmadan Azərbaycan uğrunda canlarından keçməyə hazır olublar.

Birinci və İkinci Qarabağ müharibələrinin tarixində elə ailələr var ki, bir yox, iki döyüşən oğlunu torpağa əmanət edib. Elə analar var ki, iki dəfə qara yaylıq bağlayıb. Elə atalar var ki, iki oğlunun tabutunun arxasınca eyni göz yaşı ilə addımlayıb.

Onlar Azərbaycanın ən ağır yükünü çiyinlərində daşıyan insanlardır.

Birinci Qarabağ müharibəsində minlərlə gənc Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçdi. O dövrün ağrısı illərlə davam etdi.

2020-ci ilin Vətən müharibəsində isə həmin ailələrin övladları yenidən silaha sarıldı.

Sanki tarix onlara ikinci dəfə eyni imtahanı verdi...

Modern.az saytı şəhid qardaşlar haqqında yazını təqdim edir:

Qasımov qardaşları…


Qubadlının igid övladlarından olan Həsənqulu Qasımov (Həsən Qorxmaz) Birinci Qarabağ müharibəsinin qəhrəman şəhidlərindən idi. Onun döyüş yolu Şuşadan başlamış, Laçında davam etmiş, Qubadlıda isə sona çatmışdı. Subay idi. Qarabağ müharibəsi zamanı alnına bağladığı yaşıl lentdə "Həsən Qorxmaz" yazısı var idi. Həsən Qorxmaz ölümündən sonra - 1994-cü ildə "Azərbaycan Bayrağı " ordeni ilə təltif olunmuşdu.

Həsənqulu Qubadlıda şəhid olandan sonra kiçik qardaşı Faiq onun qisasını alacağına əhd etmişdi. Buna görə də hərbçi olmağı qərara aldı. Faiq Vətən müharibəsinə qədər 30 ilə yaxın müddət idi Azərbaycan Ordusunda xidmət edirdi. Vətən müharibəsi başlananda döyüşlərə Füzuli rayonu istiqamətindən qoşulan Faiq Qasımov sentyabrın 27-dən 28-nə keçən gecə elə həmin rayon uğrunda aparılan hərbi əməliyyatlarda şəhid oldu.  Polkovnik-leytenant Faiq Qasımov ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Qeyd edək ki, Qasımovlar ailəsindən Qarabağ uğrunda 5 qardaş döyüşüb: 2-si şəhid olub, 3-ü qazi…

Bir ailədən üç şəhid qardaş...


Aslanovlar Azərbaycanın şəhidlik tarixində bənzəri çox az olan ailələrdəndir. Hətta qeyd etmək olar ki, eyni ailədən üç şəhid verən nadir ailələrdən biridir.

Ağdamın Şelli kəndindən olan Aslanovlar ailəsinin taleyi Qarabağ müharibəsinin ən ağır səhifələrindəndir. Ata Kazım Aslanov dörd oğlunu – Vidadi, Xaqani, Hasil və Sabiqi Vətən uğrunda döyüşə yola salmışdı. Bu dörd qardaşdan üçü – Vidadi, Xaqani və Hasil şəhidlik zirvəsinə ucaldı. Xaqani Aslanov 1992-ci il fevralın 26-da Xocalıda dinc sakinlərin xilas edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Bir il sonra – 1993-cü il iyulun 23-də, Ağdamın işğal edildiyi gün Vidadi və Hasil Aslanov qardaşları da Şelli kəndinin müdafiəsi zamanı son nəfəsinədək vuruşaraq şəhid oldular.

Dördüncü qardaş Sabiq Aslanov isə döyüşlərdə ağır yaralansa da sağ qaldı və qazi oldu. Bir ailə üç oğlunu Vətənə qurban verdi.

Çoban Xanışın nəvələri


Lerik rayonunda olan Elgün və Altay Mövlanov qardaşlarının taleyi isə tamam başqa bir dastandır.

Elgün 2020-ci il sentyabrın 30-da Goranboy rayonunun Ağcakənd yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə şəhid olub. Elgün həm də İkinci Qarabağ müharibəsində Lerikin ilk şəhidi idi.

O vaxt müddətdən artıq hərbi xidmət edən 20 yaşlı Altay qardaşının şəhid olduğunu eşitsə də, döyüş yoldaşlarını tək qoymamaq üçün Elgünün dəfnində iştirak etmək istəməyib.

Ona dəfn üçün məzuniyyət veriblər. Altay qardaşının dəfninə gəlib tez də geriyə - ön cəbhəyə qayıdıb.

Qardaşının ölümündən bir ay sonra, Altay özü də şəhidlik zirvəsinə ucalıb. O, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Hər iki qardaş Lerikdə yan-yana dəfn olunublar.

Şəhid Elgün və Altay Mövlanov qardaşları Lerikdən olan, bir vaxtlar ümummilli lider Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhurlaşan, "çoban Xanış" kimi tanınan mərhum Xanış Şahıyevin nəvələridirlər.

İmanla Bəhramın hekayəsi


Vətən müharibəsinin ən təsirli hekayələrindən biri də İman və Bəhram Məmmədzadə qardaşları ilə bağlıdır. Vətən müharibəsi başlayanda qardaşlara deyiblər ki, biriniz arxa cəbhədə qala, digəriniz ön cəbhəyə gedə bilərsiniz. Hər iki qardaş bu təklifdən imtina edib. Onda qardaşlara bildirilib ki, hər ikiniz arxa cəbhədə də qala bilərsiniz. Onlar bu təklifdən də imtina ediblər.

Məmmədzadələr ön xətti seçərək deyiblər: "Ya birlikdə qayıdacağıq, ya da birlikdə şəhid olacağıq".

Qardaşlar sözlərinə əməl etdilər. Hər iki qardaş eyni döyüşdə şəhid oldu.

Noyabrın 2-də Xocavəndin Qırmızıbazar qəsəbəsi istiqamətindəki döyüşdə 14 nəfərlik şəxsi heyətdən 11 nəfər şəhid olmuş, 3 nəfər isə yaralanmışdı... İman və Bəhram Məmmədzadə qardaşları da şəhid olanlar arasında idilər.

Əkiz qardaşlar – Şəhid qardaşlar


Nazir və Tacir Allahverdiyevlər
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən əkiz qardaşlardı. Bir ailənin iki oğlu...

Eyni ocağın istisi ilə böyüyən, eyni çörəyi bölüşən, eyni arzularla yaşayan iki qardaş...

Onlar uşaqlıqda bəlkə də eyni həyətdə futbol oynayıb, eyni məktəb yollarını addımlayıblar. Həyat onları müxtəlif dövrlərdə sınağa çəksə də, tale hər ikisinə eyni müqəddəs missiyanı yazdı – Vətəni qorumaq.

Ağdam rayonundan olan əkiz qardaşlar - Nazir və Tacir Allahverdiyevlər 2020-ci ilin oktyabr ayında şəhid olublar. Oktyabrın 22-də onların üzərinə minamyot mərmisi düşüb və hər iksi canlarını tapşırıblar. Hər ikisinə “Vətən uğrunda” və “Xocavəndin alınmasına görə” medalı verilib.

Cavid və Çingiz Məmmədovlar


Şəmkirin Yeniabad kəndindən olan Cavid və Çingiz Məmmədov qardaşlarının taleyi də Vətən müharibəsinin ən ağrılı səhifələrindəndir. Hər ikisi peşəkar hərbçi idi. Böyük qardaş Cavid 2020-ci il sentyabrın 28-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid oldu. Cəmi bir neçə gün sonra, oktyabrın 1-də kiçik qardaşı Çingiz də Murov-Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına həlak oldu.

Şəhdilərin anası Faya Məmmədovanın dediyi "Məni oğulsuz qoydular, amma Vətənsiz qoymadılar" sözləri təkcə bir ailənin deyil, bütün Azərbaycanın ağrısını və qürurunu ifadə edir. Hər iki qardaş ailə başçısı idi. Onların hər birinin iki övladı vətənə əmanət qalıb.

Böyük qardaş Cavid “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, kiçik qardaş Çingiz Məmmədov isə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunublar.

2023-cü ilin sentyabrında çox sevindici bir hadisə gerçəkləşdi: Çingiz və Cavid Məmmədov qardaşlarının əkiz bacı-qardaşı dünyaya gəldi. Yeni doğulan körpələrə Hüseyn və Zəhra adı verilib.

Mingəçevirli qardaşlar


Mingəçevir də şəhid qardaşların uyuduğu şəhərdir. Əli və İslam Əhmədov qardaşları Vətən müharibəsinin ilk günündə eyni amal uğrunda döyüşə atılmışdılar. Onlar fərqli istiqamətlərdə vuruşsalar da, tale hər ikisini eyni gündə – 27 sentyabr 2020-ci ildə şəhidlik zirvəsində qovuşdurdu. Biri Tərtər-Ağdərə, digəri isə Suqovuşan istiqamətində son nəfəsinə qədər Vətən uğrunda döyüşdü. Birinin 27, digərinin 26 yaşı vardı. Biri nişanlı, digəri subay. 

Övladlarını atasız böyüdən Sevinc ana Əlinin toyuna hazırlaşırdı. Bir ananın iki oğlunu eyni gündə itirməsi bəlkə də sözlə ifadə olunacaq dərd deyil. Amma Sevinc ananın göz yaşları ilə yanaşı qüruru da var idi. Çünki o, oğullarını itirsə də, onların qanı ilə Vətənin azadlığına yazılan tarixə iki qəhrəman övlad bəxş etmişdi.
Əli və İslamın yarımçıq qalan arzuları bu gün azad Qarabağın səmasında dalğalanan üçrəngli bayrağımızda yaşayır.

Xüsusi təyinatlı qardaşlar


Masallının yetirdiyi qəhrəman qardaşlar – Nurlan və İntiqam Əsgərlilər Vətən sevgisinin qan qardaşlığından da güclü olduğunu sübut etdilər. Onlar Masallının Viləş kəndində doğulub boya-başa çatmışdılar. Hər ikisi Xüsusi Təyinatlı Qüvvələrin giziri idi. Kiçik qardaş Nurlan 2016-cı ilin Aprel döyüşlərində Talış kəndi istiqamətindəki döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. 21 yaşlı döyüşçü qardaşı İntiqamın gözləri önündə şəhid olub.Onun nəşini güllə yağışı altından çiyinlərində döyüş meydanından çıxaran böyük qardaş İntiqam idi.

İntiqam o gün qardaşını torpağa tapşırdı, amma ürəyində bir and içdi – Nurlanın yarımçıq qalan döyüşünü davam etdirəcəkdi. Dörd il sonra, Vətən müharibəsində Şuşaya gedən zəfər yolunda o, həm qardaşının, həm də bütün şəhidlərimizin qisasını aldı və özü də şəhidlik zirvəsinə ucaldı. İndi Nurlan və İntiqam eyni amalın, eyni bayrağın kölgəsində əbədi qovuşublar.
Əsgərovlar ailəsində 30 yaşında şəhid olan İntiqamın Nur adlı qızı böyüyür. Aprel şəhidi olan əmisi Nurlanın şərəfinə onun adını Nur qoyublar. 

Bu hekayələr bir neçə ailənin deyil, bütün Azərbaycan xalqının taleyidir.

Bu gün Azərbaycan əsgərini harda görsək, ona hörmət və ehtiramla baxırıq.

Çünki bilirik ki, əsgər uniformasının arxasında minlərlə şəhidin əmanəti dayanır.

Və o əmanətin içində şəhid qardaşların da hekayələri var.

26 İyun - Silahlı Qüvvələr Günü həm də Vidadi, Xaqani, Hasil, Nazir, Tacir, Cavid, Çingiz, Elgün, Altay, Əli, İslam və Vətən uğrunda canından keçmiş bütün şəhid qardaşların müqəddəs xatirəsini ehtiramla anmaq günüdür.


Əfqan Qafarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada