DÇ-2026 zamanı verdiyi qərarlarla ciddi müzakirələrə səbəb olan baş məşqçi Vinçenzo Montella ilə əməkdaşlığı davam etdirmək qərarına gələn Türkiyə Futbol Federasiyası (TFF) yığmada bir sıra dəyişikliklər etməyə hazırlaşır.
Modern.az xəbər verir ki, TFF rəhbərliyi ilə italiyalı mütəxəssis arasında keçirilən görüşlərdə UEFA Millətlər Liqası oyunları ərəfəsində komandanın strukturunda və oyun fəlsəfəsində müəyyən dəyişikliklərin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Məlumata görə, Vinçenzo Montellanın məşqçilər heyətində dəyişiklik ediləcək. Komandaya mütləq təcrübəli mentorun cəlb olunacağı, həmçinin atletik hazırlıq üzrə məşqçilər korpusunda da yeniliklərin edilə biləcəyi bildirilir.
Bundan əlavə, Montellanın yaxşı formada çıxış edən yeni futbolçulara daha çox şans verəcəyi vurğulanır. DÇ-2026 zamanı ciddi tənqidlərə məruz qalan nominal mərkəz hücumçusu olmadan oynamaq sistemi də yenidən nəzərdən keçiriləcək. Komanda ya fərqli taktiki sxemə keçəcək, ya da italiyalı mütəxəssis klassik mərkəz hücumçusundan istifadə variantına üstünlük verəcək.
Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da keçirdiyi üç oyundan cəmi 3 xal toplayaraq qrupu sonuncu pillədə başa vurub.