Təəssüflə qeyd etmək lazımdır ki, Avropa Şurasının, ümumiyyətlə, bu qurumun bəzi üzvlərinin ölkəmizə qarşı qərəzi dayanmır. Bu qərəz davamlı xarakter alıb. Davamlı olaraq Azərbaycanı ittiham etmək, Azərbaycan haqqında fikir bildirmək və qərəzli mövqe nümayiş etdirmək artıq bir xəstəliyə və mərəzə çevrilib.
Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı şər-böhtandan əl çəkməyən üzvü Frank Şvabeyə çox ciddi suallarımız var. Bu yaxınlarda Ermənistanda seçki keçirildi. Bu seçkidə çoxlu proseslər baş verdi. Ermənistanın demək olar ki, keçmiş prezidentlərinin hamısına cinayət işi açılıb. Cənab Şvabe bir dəfə də olsun bu məsələyə münasibət bildiribmi? 2018-ci ildən bu proses gedir. Ermənistan baş naziri seçkidəki bütün opponentlərinin hamısına məhkəmə işi qaldırıb. AŞPA-da bu barədə heç nə danışmırlar, amma davamlı olaraq Azərbaycanı ittiham edirlər.
Ümumiyyətlə, nədir bu qərəz, hardan qaynaqlanır, nə üçün bu proses davam edir? Bunlar bizim çox ciddi suallarımızdır. Azərbaycanda bilmək istəyirlərsə, müxalifət də var, müxalifət partiyaları da var, bu gün də fəaliyyət göstərir və ölkədəki siyasi vəziyyətə münasibət bildirirlər. Azərbaycanda azadlıq da var, fikir plüralizmi də.
Azərbaycana qarşı açıq-aydın özünü göstərən bu qərəzli kampaniyanın arxasında Ermənistanın lobbisinin, diasporunun rolunu və əməyinin olduğunu qeyd etməliyik. Onlar davamlı olaraq ölkəmizə qarşı fəaliyyəti sürdürürlər. Yəni bu ilk dəfə deyil, belə proseslərin əvvəllər də şahidi olmuşuq.
Şvabe kimilərin bu canfəşanlığı ondan irəli gəlir ki, onlar erməni diasporundan davamlı olaraq pul alırlar. Və bu pulun məbləğini artırmaq, onun qarşılığını vermək üçün hər şeyə gedir, hər oyundan çıxırlar. Yenə deyirəm, Şvabe Ermənistandakı vəziyyət barədə bircə dəfə danışsın. Nə üçün ancaq Azərbaycandan danışılır? Bu, bir daha onu göstərir ki, qərəz var, Azərbaycana qarşı məqsədli şəkildə proses həyata keçirilir. Amma onlar bilsinlər ki, bu siyasət Azərbaycanın mövqeyinə təsir edə bilməz. Azərbaycanın öz yolu var, öz yolunu seçib və irəliyə doğru gedir. Bizim mövqeyimizə heç kim təsir göstərə bilməz.
Ceyhun Məmmədov,
Milli Məclisin deputatı