Modern.az

Bu ölkədə 8 mindən çox vətəndaşımız yaşayır 

Bu ölkədə 8 mindən çox vətəndaşımız yaşayır 

Diaspor

Bu gün, 10:08

Gürcüstanda daimi yaşayan əcnəbi vətəndaşların sayı son 10 ildə əhəmiyyətli dərəcədə artıb. Onların arasında ən böyük qrupu Rusiya vətəndaşları təşkil edir.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin ("Sakstat") 2024-cü il əhalinin və kənd təsərrüfatının siyahıyaalınmasının nəticələrində qeyd olunub.

Məlumata görə, hazırda Gürcüstanda daimi yaşayan əcnəbi vətəndaşların sayı 133 min 857 nəfərdir. Onların təxminən üçdə biri - 37 min 715 nəfəri Rusiya vətəndaşıdır.

Siyahıyaalma nəticələrinə əsasən, Gürcüstanda yaşayan Rusiya vətəndaşlarının sayı 2014-cü illə müqayisədə təxminən 5 dəfə artıb. Belə ki, 2014-cü ildə ölkədə 7 min 620 Rusiya vətəndaşı yaşayırdısa, bu göstərici 2024-cü ildə 37 min 715 nəfərə yüksəlib.

Əcnəbilər arasında say baxımından növbəti yerlərdə Hindistan (23 min 925 nəfər), Ukrayna (11 min 542 nəfər), Azərbaycan (8 min 309 nəfər) və Ermənistan (5 min 381 nəfər) vətəndaşları qərarlaşıb.

Siyahıyaalmanın əsas nəticələrinə görə, Gürcüstan əhalisinin ümumi sayı 3 milyon 929 min 581 nəfər təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 5,8 faiz artım deməkdir.

Ölkə əhalisinin 3 milyon 775 min 415 nəfəri Gürcüstan vətəndaşıdır. Etnik gürcülərin sayı isə 3 milyon 304 min 75 nəfər olaraq qeydə alınıb.

Bununla yanaşı, bəzi etnik qrupların sayında da artım müşahidə olunub. Etnik azərbaycanlıların sayı 268 min 832 nəfərə çataraq 15,4 faiz artıb. Etnik ermənilərin sayı 169 min 296 nəfər, rusların sayı 42 min 545 nəfər olub ki, bu da əvvəlki siyahıyaalma ilə müqayisədə 60,8 faiz çoxdur. Hindlilərin sayı 23 min 996, ukraynalıların sayı isə 14 min 443 nəfər təşkil edib.

"Sakstat"ın məlumatına görə, Gürcüstan vətəndaşlarının ölkə əhalisindəki payı son 10 ildə 99,2 faizdən 96,1 faizə enib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!