Modern.az

“Özünə hörmət edən telekanallar bu qüsurları nəzərə almalıdır” - Aparıcıların geyiminə REAKSİYA

“Özünə hörmət edən telekanallar bu qüsurları nəzərə almalıdır” - Aparıcıların geyiminə REAKSİYA

Media

2 İyun 2021, 12:09

Ekran ona zillənən gözləri gözəl görünüşlə cəlb etməlidir. Bu baxımdan televiziya aparıcıları üçün nitq, səs və görünüş çox vacib şərtlər sayılır. Hər bir televiziya aparıcısının vizual görünüşü və televiziyaya uyğun görkəmi əsasdır. Nahaq yerə demirlər ki, televiziyanın efirə çıxardığı hər bir aparıcı həmin telekanalın imici, simasıdır.

Sirr deyil ki, bir çox hallarda müxtəlif verilişlərin aparıcıları sponsor yardımından faydalanır. Hətta bəzən açıq şəkildə geyimləri təqdim etmiş mağaza və məşhur brendləri reklam edirlər. Halbuki, mütəxəssislər deyirlər ki, televiziya aparıcıları ekrana çıxarkən verilişin ruhuna, mövzusuna uyğun geyinməlidirlər. Əgər onlar bunu edə bilmirlərsə, zövqləri uyğun deyilsə, təbii ki, onlara yol göstərən kimsə olmalıdır.


Maraqlıdır, hazırda yerli telekanallarda aparıcıların geyimləri verilişlərə uyğundurmu?


Modern.az
 bununla bağlı tanınmış teletənqidçi Sevda Sultanovanın və media eksperti Qulu Məhərrəmlinin fikirlərini öyrənib.


Sevda Sultanovanın sözlərinə görə, teleaparıcı elə geyinməlidir ki, tamaşaçının fikirləri yayınmasın:


“Öncə onu qeyd edim ki, bizim televiziyalarımızda elə qüsurlar var ki, bunları görmək üçün peşəkar olmağa ehtiyac yoxdur. Yəni televiziyaların durumu ibtidai səviyyədədir. Geyim məsələsinə gəldikdə isə o verilişin profilindən asılı olur. Misal üçün,  əyləncəli verilişdə açıq-saçıq, daha parlaq qiyafətlər uyğundur. Müəllif verilişində - ola bilər burada özəl söhbətlərdən danışarsan - biraz seksual geyinə bilərsən. Belə geyimlərin olması normaldır. Amma təbii ki, hər şey eleqant, əndazəsində olmalıdır. Məsələn,  xəbər aparıcısı efirə çıxırsa, üzərində çox parlaq aksesuarlar olmamalı, həddindən çox makiyaj etməməlidir.

Xəbər aparıcısının işi tək informasiya vermək deyil. Aparıcı elə geyinməlidir ki, tamaşaçının fikrini yayınmasın”.


Qulu Məhərrəmli qeyd edib ki, televiziya aparıcısı bilməlidir ki, o tərz nümayiş etdirən adam deyil:


“Teleaparıcının verilişinə uyğun düzgün geyim seçməsi əlifbanı bilməyi qədər vacibdir. Televiziya aparıcısı apardığı verilişin məzmununa, formatına uyğun geyim seçməlidir. Məsələn, xəbər proqramı ciddi, şou proqramın geyimi biraz sərbəst, analitik-maarifçi proqramdırsa, burada biraz sərbəst, amma çox neytral olmayan geyim lazımdır. Rəng, biçim, dəb və digər nüanslar nəzərə alınır.

Teleaparıcı bilməlidir ki, tərz nümayiş etdirən adam deyil. Xalq qarşısına çıxan zaman geyiminə ciddi ölçülərlə yanaşmalıdır. Çünk geyim də bir element kimi diqqət cəlb edir. Bu məsələyə ən çox da televiziyanın bədii rəhbərləri, rejissorlar, produserlər diqqət yetirməlidir.

Düzünü desəm, mən ancaq xəbər proqramlarına baxıram. Xəbər aparıcıların da geyimlərini normal görürəm. AzTV, İTV-nin aparıcılarında bu qaydalar çox gözlənilir. Özəl televiziyalarda da pis deyil. Hər halda geyim, dizayn, estetik ölçülər peşəkarlıq göstəriciləridir. Özünə hörmət edən telekanallar bunu nəzərə almalıdır”.



Fidan İlqar

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?