Dünyada hökm sürən iqtisadi təlatümlər, gərginliklər və qeyri-müəyyənliklər fonunda Azərbaycan 2025-ci ildə də öz iqtisadi dayanıqlılığını və inkişaf dinamikasını qoruyub saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında çıxşıı zamanı deputat Soltan Məmmədov bildirib.
"Belə ki, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş proqnoza qarşı 2,2 faiz çox, ümumi daxili məhsul real ifadədə 1,4 faiz artmış, sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 39,5 fazi həcmində icra olunmuşdur ki bu da 2024-cü illə müqayisədə 4.1 faiz çoxdur. Xüsusi olaraq vurğulamaq istərdim ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsindən 4.5 milyard manat vəsait ayrılmışdır. Qeyd etdiyim bu göstəricilər bir daha sübut edir ki, 2025-ci ilin dövlət büdcəsinin icrası uğurla həyata keçirilmiş, qarşıya qoyulmuş sosial hədəflərə nail olunmuşdur. Əlbəttə bütün bunlar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik daxili siyasətin, çevik idarəetmə modelinin və iqtisadi islahatların məntiqi nəticəsidir",-deyə o qeyd edib.
Parlamentari əlavə edib ki, sosialyönümlü dövlət siyasətimizin prioritet istiqamətlərindən biri olan səhiyyə sahəsində icbari tibbi sığorta sisteminin uğurlu tətbiqi öz müsbət nəticələrini verməkdədir:
"Bu xüsusda bəzi məsələləri vurğulamaq istərdim. İcbari tibbi sığorta sistemi çərçivəsində xidmətlər zərfinin davamlı genişləndirilməsi, əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması və göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi önəmli məsələlərdir. Eyni zamanda düşünürəm ki, profilaktik tədbirlərin genişləndirilməsinə və ilkin səhiyyə xidmətləri sisteminin gücləndirilməsinə xüsusi önəm verilməlidir. Belə ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə xüsusilə COVİD19 pandemiyasından sonra vurğuladığım hər iki istiqamət üzrə xərclərin kifayət qədər artması qeydə alınıb. Avropa regionu ölkələrində ilkin səhiyyə xidmətlərinə ayrılan xərclərin ümumi səhiyyə xərclərindəki payı orta hesabla 15-20%, profilaktik tədbirlərə ayrılan vəsaitlərin payı isə 3%-7% təşkil edib. Profilaktik tədbirlərin və ilkin səhiyyə sistemindəki xərclərin artımı ümumi səhiyyə xərclərinin optimallaşdırılmasına, səhiyyə sisteminin yüklənməsinin qarşısının alınmasına xidmət edir. Bu baxımdan, hesab edirəm ki, gələcəkdə bu istiqamətdə islahatların dərinləşdirilməsinə ehtiyac vardır.
Təqdim olunan hesabatda 2025-ci ilin dövlət büdcəsinin səhiyyə xərcləri bölməsi üzrə sümük iliyi transplantasiyası əməliyyatlarının icrası üçün 5 milyon manat vəsaitin ayrılması çox təqdirəlayiq haldır və bizləri sevindirir. Belə ki, bu gün irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün bu dəstəyə böyük ehtiyac vardır. Son illər sümük iliyi transplantasiyası əməliyyatlarının ölkə xaricində icra edilməsi ilə bərabər ölkə daxilində də həyata keçirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. İstər dövlət, istərsə də özəl tibb müəssisələrində bu əməliyatların həyata keçirilməsi təqdirəlayiqdir. Bununla yanaşı, fikrimcə kadr potensialının genişləndirilməsinə, sümük iliyi donor bankının yaradılmasına və bu yolla ölkə daxilində bu əməliyyatların yalnız birinci dərəcəli qohum donorları ilə məhdudlaşdırılmasının aradan qaldırımasına ehtiyac vardır.
Bundan başqa, səhiyyə sahəsində illər ərzində uğurla həyata keçirilən dövlət proqramlarının müsbət nəticələrini nəzərə alaraq, irsi və nadir uşaq xəstəliklərinin müalicəsi üçün əlavə maliyyə vəsaitlərinin ayrılması istiqamətində işlərin davam etdirilməsinə ehtiyac olduğunu düşünürəm".