Modern.az

Beynəlxalq təşkilatlar jurnalistikaya qarşı terrora niyə susur...

Beynəlxalq təşkilatlar jurnalistikaya qarşı terrora niyə susur...

8 İyun 2021, 09:03

Azərbaycan jurnalistləri Məhərrəm İbrahimov (AZƏRTAC) və Sirac Abışovun (AzTV) işğaldan azad edilmiş Kəlbəcər rayonunda mina patrtlaması nəticəsində həlak olması bir daha Ermənistanın beynəlxalq təşkilatların qərarlarını nəzərə almadığını göstərdi. Bu hadisələrlə əlaqədar Azərbaycan hazırda dünyaya müxtəlif çağırışlar edir. Amma istənilən nəticə hələ də alınmayıb. Bəzi təşkilatlardan başsağlığı gəlsə də, Ermənistan terrorunu pisləyən, tənqid edənlər demək olar ki, yox səviyyəsindədir.  Əslində beynəlxalq təşkilatlar Azərbaycanda yaşanan bu hadisəyə qarşı hansı işləri görməli idi?

 

Mövzu ilə bağlı beynəlxalq jurnalist, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Modern.az-a açıqlama verib.


Onun sözlərinə görə, baş verən bu faciə həm də ümumilikdə jurnalistikaya qarşı bir terrordur:


“Hər iki həmkarımız əsasən cəbhə bölgəsindəki fəaliyyətləri ilə böyük peşəkarlıq göstərməklə yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə apardıqları çəkilişlərlə əslində həm də erməni vandalizminin miqyasının nə qədər dağıdıcı və böyük olması ilə bağlı vacib, əhəmiyyətli bir vəzifə yerinə yetirirdilər. Bu ağır terror yalnız öz peşə borcunu vicdanla, ləyaqətlə, peşəkarlıqla yerinə yetirən iki media quruluşumuza qarşı yönəlmiş bir akt deyil. Bu hətta yalnız Azərbaycan jurnalistikasına qarşı yönəlmiş bir qəsd kimi də qiymətləndiriməməlidir. Baş verən bu faciə həm də ümumilikdə jurnalistikaya qarşı bir qəsd, terrordur. Söz azadlığından, azad və sərbəst jurnalist fəaliyyətindən, insan hüquqlarından ağızdolusu danışan beynəlxalq təşkilatlar bu terrora səssiz qalmamalıdır. Çox təəssüf ki, vəzifə boclarını yerinə yetirərkən minaya düşərək həlak olan jurnalistlərimizlə  bağlı beynəlxal təşkilatların reaksiyası qaneedici deyil. Hətta belə deyə bilərik ki, bəyənatlar əsasən ümumi sözlərdən ibarət oldu, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən boyun qaçıran Ermənistanın ünvanına ümumiyyətlə heç bir söz deyilmədi. Ümumiyyətlə, beynəlxalq institutların baş verən faciəyə bu şəkildə münasibəti qəbuledilməzdir. Bəzi təşkilatlar isə ümumiyyətlə informativ xarakterli məlumat yaymaqla kifayətləniblər. Bu cür münasibət isə təəssüf doğurur. Halbuki, beynəlxalq ictimaiyyət Ermənistana minalanmış ərazilərin xəritələrini verməsi üçün təzyiq etməlidir. Avropa İnsan Haqları Konvensiyasına görə, aktiv əməliyyatlar bitdikdən sonra tərəflər bu xəritələri təqdim etməlidirlər. Başqa bir məqam odur ki, yaşayış məntəqələri ərazilərində, çay kənarlarında, yollarda və yol kəsişmələrində, qəbiristanlıqlarda və yaxınlıqlarında minaların basdırılması Minalar Əleyhinə Konvensiyanın prinsiplərinin kobud şəkildə pozulmasıdır. Elə bütün bu məqamlar, eləcə də peşə fəaliyyəti zamanı jurnalistlərimizin minadan həlak olması faktı bəs edir ki, Ermənistana qarşı ciddi beynəlxalq təzyiq olsun. Lakin biz bunu görmürük. Həmişə olduğu kimi, indi də beynəlxalq hüququn aliliyinin qorunması yerinə, ikili yanaşmanın şahidi olmaqdayıq”.

 

Beynəlxalq jurnalist Pərvanə İbrahimova isə bildirib ki, istənilən təşkilat, ilk növbədə, beynəlxalq jurnalist təşkilatları bu terror aktını qınamalıdır:

 
“Çünki Ermənistan 30 illik işğal dövründə və müharibə zamanı Qarabağı total şəkildə minalasa da, bu günə qədər minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırır və beynəlxalq konvensiyalara əməl etmir. Beynəlxalq jurnalist təşkilatları jurnalist həmkarlarının həlak olması ilə əlaqədar olaraq soyuq davranmalı deyil. Bu, beynəlxalq humanitar hüququn pozulması, jurnalistlərə və mülki insanlara qarşı terror hadisəsidir. Bununla əlaqədar olaraq beynəlxalq media qurumları bu terror hadisəsini kəskin şəkildə pisləməli, Ermənistanı və mina basdıran terrorçuları qınamalıdır”.


Pərvanə İbrahimova həmçinin qeyd edib ki, xarici mediada da bu mövzu ilə bağlı aktiv olmalıyıq:


“Dünən İordaniyanın gündəlik “Əl-Ənbat” qəzeti və saytında, İraqın “Agnaden” və “Sindibad” xəbər agentliklərində, Əlcəzairin "Əl-Hərir" portalında “Jurnalistlərin öldürülməsi səssiz qalınması mümkün olmayan cinayətdir” başlıqlı məqaləm yayımlandı. Məqalədə  qeyd etdiyim kimi, inanırıq ki, azərbaycanlı jurnalistlərin qəsdən, mənfurcasına qətlə yetirilməsindən sonra beynəlxalq media qurumları, ərəb ölkələrinin, islam aləminin və bütünlüklə dünya kütləvi informasiya vasitələrinin nümayəndələri ermənilərin törətdikləri cinayətlərə, peşə fəaliyyəti ilə məşğul olan azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olmasına səssiz qalmayacaq. Artıq adıçəkilən xəbər resurslarının əsas başlığında yer alan məqalə böyük marağa səbəb oldu və ərəbdilli jurnalistlər, o cümlədən məşhur iordaniyalı jurnalist, akademik Mərvan Sudah məqaləni sosial şəbəkə hesablarında paylaşaraq dəstəyini nümayiş etdirdi”.

 

Aysel Məhərrəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi