Modern.az

Şəhid kəşfiyyat komandirinin doğum günüdür

Şəhid kəşfiyyat komandirinin doğum günüdür

13 İyul 2021, 10:22

Bu gün Aprel döyüşlərinin şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor komandiri Mühüd Orucovun doğum günüdür.

Modern.az saytının məlumatına görə, Mühüd Orucov 1984-cü ilin 13 iyulunda Qazax rayonunun Fərəhli kəndində anadan olub. Orta məktəbi doğma kəndində oxuyan Orucov 8-ci sinfi bitirəndən sonra Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olub.

2002-ci ildə həmin məktəbi bitirərək, Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. 2006-cı ildə isə həmin məktəbin qoşun kəşfiyyatı ixtisasını bitirib.

2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində zabit ixtisası kursunu bitirərək, Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım komandiri vəzifəsinə təyin olunub. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksəlib.

2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək sertifikatlar alıb.

O, bir neçə uğurlu əməliyyatların iştirakçısı olub. 2014-cü ilin avqust ayında ön cəbhədə uğurlu əməliyyat həyata keçirib. Ermənilər həmin əməliyyatlarda böyük itkiyə məruz qalıb. Bu əməliyyatlardan sonra M.Orucov Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılıb.

Kapitan Mühüd Orucov 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucalıb.

Aprelin 12-si isə Mühüd Orucov doğulduğu Qazax rayonunun Fərəhli kəndində torpağa tapşırılıb.

Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.

Ailəli idi, əkiz övladları yadigar qalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir