Modern.az

Xarici dövlət borcunun ÜDM-ə nisbəti azalıb  

Xarici dövlət borcunun ÜDM-ə nisbəti azalıb  

10 Avqust 2021, 16:42

İyulun 1-nə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq edilən müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə vaxtı çatmış və yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla birbaşa xarici dövlət borcu 7 milyard 839 milyon ABŞ dolları və ya Ümumi Daxili Məhsulun (ÜDM) 16,6 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 764,4 milyon ABŞ dolları və ya ÜDM-in 1,6 faizini təşkil etməklə, şərti öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 8 milyard 603,4 milyon ABŞ dolları və ya ÜDM-in 18,2 faizini təşkil edib.

 

Modern.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, iyulun 1-nə 2021-ci ilin əvvəli ilə müqayisədə xarici dövlət borcunun mütləq ifadədə 218,1 milyon ABŞ dolları və ya 2,5 faiz endirilməsinə nail olunub. COVID-19 pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatda müşahidə edilən canlanma meyilləri ÜDM-in artım trayektoriyasına qayıtmasını, habelə xarici dövlət borcunun ötən ilin sonuna artmış ÜDM nisbətinin cari ilin ilk 6 ayında azalmasını şərtləndirib. Belə ki, xarici dövlət borcunun ÜDM-ə nisbəti yanvarın 1-i ilə müqayisədə 20,7 faizdən 2,5 faiz bəndi azalaraq 18,2 faizə çatıb. İyulun 1-nə birbaşa daxili dövlət borcu 2 milyard 495,2 milyon manat və ya ÜDM-in 3,1 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 231,1 milyon manat və ya ÜDM-in 0,3 faizini təşkil etməklə, şərti öhdəliklər nəzərə alınmaqla daxili dövlət borcu 2 milyard 726,3 milyon manat və ya ÜDM-in 3,4 faizini təşkil edib. Birbaşa daxili dövlət borcunun 2 milyard 488,3 milyon manatını (99,7 faiz) daxili maliyyə bazarında emissiya edilmiş dövlət istiqrazları, 6,9 milyon manatını (0,3 faiz) isə Mərkəzi Bankın xeyrinə 2003-cü ildə buraxılmış dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edib.

 

2021-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 784 milyon manat məbləğində artıb ki, bunun da əsas səbəbi daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının, dolayısı ilə maliyyə-bank sektorunun dəstəklənməsi, dövlət borcu üzrə qısa və orta müddətli gəlirlik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi olub. Bu siyasət çərçivəsində dövlət istiqrazlarının emissiyasının xalis artım həcminin cari ildə 1,3 milyard manata çatdırılması nəzərdə tutulub.

 

Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 17 milyard 352 milyon manat və ya ÜDM-in 21,6 faizini təşkil edib. Məcmu dövlət borcunun 14 milyard 625,7 milyon manatı (8 milyard 603,4 milyon ABŞ dolları) və ya 84,3 faizi xarici dövlət borcunun, 2 milyard 726,3 milyon manatı və ya 15,7 faizi daxili dövlət borcunun payına düşür.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi