"İşğaldan azad olunmasından sonra Ağdam yenidən qurulur və Böyük Qayıdış prosesi davam edir".
Modern.az xəbər verir ki, bunu tədbirdə çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərdən danışarkən deyib.
O bildirib ki, Böyük Qayıdış davam edir, insanlar doğma yurdlarına qayıdır, şəhər və kəndlərimiz yenidən qurulur.
“30 il işğal altında qalmış, yerlə-yeksan edilmiş Ağdam möhtərəm cənab Prezidentin rəhbərliyi ilə qazanılmış tarixi zəfərdən sonra yenidən dirçəlir".
Onun sözlərinə görə, aqrobiznes festivalları fermerlərlə alıcılar, sahibkarlarla dövlət qurumları arasında əməkdaşlığın qurulması baxımından mühüm platformadır.
Xüsusi nümayəndə Ağdamın tarixən Qarabağın ən bərəkətli torpaqlarından biri və Azərbaycanın aparıcı kənd təsərrüfatı rayonlarından olduğunu vurğulayıb.
“İnanıram ki, bugünkü festival bu zəngin potensialın yenidən reallaşdırılmasına, yeni tərəfdaşlıqların və investisiya layihələrinin yaranmasına öz töhfəsini verəcək”, – deyə Emin Hüseynov bildirib.
Nicat Rüstəm