Modern.az

Baki meriyasi məhkəmədə uduzdu

Baki meriyasi məhkəmədə uduzdu

15 Fevral 2010, 20:16

Bakı şəhər İcra Hakimiyyəti “Bakı şəhərində tarixi əhəmiyyətli binaların təmiri, bərpası, fəsadlarının gücləndirilməsi, təmir-bərpası, təmizlənməsi və işıqlandırılması” layihəsinin icrası üzrə bütün bilgiləri açıqlamalıdır. Azad İqtisadiyyata Yardım İctimai Birliyinin iddia ərizəsinə baxan Səbail Məhkəməsi belə qərar verib. Qərara əsasən, şəhər icra hakimiyyəti adıçəkilən layihəni kimin hazırladığı, hansı tenderlərin keçirildiyi, qaliblərin hansı meyarlar əsasında seçildiyi, nə qədər vəsait ayrıldığı, xərcləndiyi barədə bilgiləri ictimaiyyətə açıq tutmalı olacaq.  Bu barədə Modern.az-a Media Hüquqları İnstitutundan məlumat verilib.  

Azad İqtisadiyyata Yardım İctimai Birliyi 2009-cu ilin noyabrında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova bilgi sorğusu göndərərək “Bakı şəhərində tarixi əhəmiyyətli binaların təmiri, bərpası, fəsadlarının gücləndirilməsi, təmir-bərpası, təmizlənməsi və işıqlandırılması” layihəsi üzrə bilgilərin təqdim olunmasını istəyib. 7 iş günü ərzində sorğuya cavab verməli olan icra hakimiyyəti qanuni vəzifələrini yerinə yetirmədiyindən birlik məhkəməyə müraciət edib. İddiaçı birliyi məhkəmədə Media Hüququ İnstitutunun hüquqçuları təmsil edib. Birliyin təmsilçiləri Səbail Məhkəməsindən İcra Hakimiyyətinin bilgi sorğusuna cavab verməməsini  qanunsuz hesab etməyi, cavabdehin üzərinə sorğunu cavablandırmaq vəzifəsi qoymağı tələb ediblər.

 

İddia ərizəsinə Səbail Məhkəməsinin hakimi Rauf Əhmədov baxıb. Məhkəmə “İnformasiya əldə etmək haqqında” Qanuna istinad edərək iddianı təmin edib. Məhkəmənin qərarına əsasən icra hakimiyyətinin bilgi sorğusunu cavablandırmaması qanunsuz sayılıb, BŞİH-in üzərinə Azad İqtisadiyyata Yardım İctimai Birliyinin suallarını cavablandırmaq vəzifəsi qoyulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı