Elbrus Hüseynov bu il ali təhsil müəssisəsinə qəbul olunan ən yaşlı, Gülşən Məmmədli isə ən gənc tələbədir.
58 yaşlı E. Hüseynov Azərbaycan Memarlıq və İnşaat Universitetinin,16 yaşlı G.Məmmədli isə Naxçıvan Dövlət Universitetinin tələbəsi adını qazanıb.
Modern.az xəbər verir ki, AzEdu.az yeni tədris ilinin başlaması münasibətilə hər iki tələbə ilə əlaqə saxlayıb. İlk günlərdə dərslərinin necə keçməsi, auditoriya mühitinə necə uyğunlaşmaları ilə bağlı maraqlanıb.
Ən yaşlı tələbə - Elbrus Hüseynov ilk dərs günündə başına gələn maraqlı əhvalatı bizimlə bölüşdü:

"Dərsin ilk günü auditoriyaya girəndə qrup yoldaşlarım məni müəllim zənn edib birdən ayağa qalxdılar. Mən də gülüb dedim ki, rahat əyləşin, müəllim deyiləm, mən də sizinlə birgə oxuyacağam, sizin kimi tələbəyəm.
Ümumiyyətlə, həm müəllim, həm də tələbələr tərəfindən çox səmimi qarşılandım. Bildirdilər ki, mənim burada təhsil almağım universitetin adını respublikada daha da yüksəklərə qaldırır. Müəllimlər və tələbə yoldaşlarımla münasibətimiz yüksək səviyyədədir. Əlimdən gəldiyi qədər, həyat təcrübəmdə nə varsa, hər dəqiqə, hər an tələbələrlə bölüşürəm. Qrup yoldaşlarımla birgə oturub çay süfrəsi arxasında həmsöhbət oluruq. Mənə müəllim deyə müraciət edirlər. Çoxlarına maraqlı gəlir ki, mühəndislik necə sənətdir və oxumağa dəyərmi. Mən də onlara bildirirəm ki, mühəndislik çox gözəl peşədir.
Dərslərdə əyləşəndə özümü gənclik illərimə qayıtmış kimi hiss edirəm. Mənim arzum universitetdə oxumaq olub və hazırda o gənclik dövrünü yenidən yaşayıram.
Amma bizim vaxtımızdakı mühitlə indiki dövr tamam fərqlidir. O zamanlar belə inkişaf və mobil telefonlar yox idi, hər şeyi asanlıqla əldə etmək mümkün deyildi. İndi isə hər şey çox rahat və əlçatandır. Gənclərə də tövsiyə edirəm ki, yüksək səviyyədə təhsil alsınlar, çünki mühəndisliyə ehtiyac böyükdür. İş tapmaq rahat olsa da, işin öhdəsindən gəlmək üçün dərin bilik lazımdır.
Nə qədər iş təcrübəm olsa da, oxumaq və bilik almaq hər zaman vacibdir. Buna görə də bakalavr təhsili ilə kifayətlənməyib, elə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində magistratura səviyyəsi üzrə təhsilimi davam etdirmək niyyətindəyəm".
16 yaşlı Gülşən isə bildirib ki, erkən yaşda ali məktəbə qəbul olmağım gələcək karyera planlarım üçün əlavə üstünlükdür və məni vaxt baxımından bir addım öndə saxlayır:

"İlk dərs günümə Naxçıvandan ailəmlə birgə gəlmişdik. Hazırda təhsilimlə bağlı anamla burada qalırıq, digər ailə üzvlərimiz isə müəyyən müddətdən sonra yanımıza gələcəklər. Universitetdə ilk günümüz elə bir məkanda keçdi, dərsimiz də anatomiya fənni üzrə idi. Bu addım məndə daha zəngin təəssürat formalaşdırdı. Dərsə qədər də təhsil müəssisəsi haqqında bizə ətraflı məlumat verilmişdi; proses kifayət qədər xoş və mütəşəkkil təşkil olunmuşdu. Eyni zamanda müəllim heyətinin diqqəti və münasibəti də çox müsbətdir. Qrup yoldaşlarıma gəlincə, bildiyim qədərilə onların böyük əksəriyyətinin 18-dən yuxarı yaşı var. Aramızda minimal 2 yaş fərq var.
Tədris prosesi başlamazdan öncə məni mətbuatdan və xəbərlərdən tanıyanlar var idi. Üzbəüz görüşəndə də həmin tələbə olduğumu dərhal bildilər. Mühitdə heç bir mənfi baxış və ya önyarğı ilə qarşılaşmadım, hər kəs məsələyə kifayət qədər anlayışla və normal yanaşdı. İlk dərs günü bir müəllimim adımı siyahıda görən kimi tanımışdı. Anatomiya dərsində lövhəyə çıxarkən müəllim əvvəlcə fərqində olmasa da, sonradan adımı və doğum ilimdəki rəqəm fərqini diqqətə alaraq həmin tələbə olduğumu anladı.
Tibb sahəsi mürəkkəb və məsuliyyətli istiqamətdir. Hesab edirəm ki, yalnız bakalavr təhsili ilə kifayətlənmək olmaz, ali təhsili başa vurduqdan sonra mütləq rezidentura pilləsi üzrə təhsil almaq vacibdir. Erkən yaşda ali məktəbə qəbul olmağım gələcək karyera planlarım üçün əlavə üstünlükdür və məni vaxt baxımından bir addım öndə saxlayır. Məqsədim 20-21 yaşlarımda bakalavr təhsilimi tamamlayaraq rezidentura mərhələsinə qədəm qoymaqdır.
Tədris proqramının mənimsənilməsində isə hər hansı bir çətinlik çəkmirəm və gələcəkdə də çəkəcəyimi düşünmürəm. Sadəcə boya-başa çatdığım Bakıdan uzaq bir yerdə yaşmaq azda olsa adaptasiya baxımından çətinlik yaradır mənə.
Təhsilimə hər zaman məsuliyyətlə yanaşmışam. Bu yaşda ali təhsil almağın zehni və ya akademik baxımdan mənə problem yaradacağını düşünmürəm. Məktəb illərində de eksternat imtahanları verərək sinfi vaxtından əvvəl bitirmişdim və o zaman da respublika üzrə bu göstəriciyə nail olan iki şagirddən biri idim. Hazırda da ölkənin ən gənc tələbəsi statusunu daşıyıram. Qazanılan hər bir uğur məni növbəti hədəflərə daha da həvəsləndirir və inşallah, daha böyük nailiyyətlər əldə etmək üçün fəaliyyətimi ardıcıl şəkildə davam etdirəcəyəm".