Modern.az

Məqsəd vətəndaşların güzəranının yaxşılaşdırılmasıdır

Məqsəd vətəndaşların güzəranının yaxşılaşdırılmasıdır

19 Oktyabr 2021, 17:54

Bu gün dünyada demokratik, hərtərəfli inkişaf etmiş dövlət kimi özünə layiqli yer tutan Azərbaycanda əhalinin sosial müdafiəsinin təmin edilməsi müstəqil dövlətimizin qarşısında duran strateji vəzifələrdəndir. Prezident İlham Əliyevin rəhbərliyi altında ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi, sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir və mühüm uğurlar əldə olunur.

 

Modern.az xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

 

Hüquq müdafiəçisinin sözlərinə görə, dövlət başçımızın bir neçə gün əvvəl imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam ölkə vətəndaşlarının həyat tərzinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasətin mühüm prioritetlərindən biridir. Dünyanı koronavirus pandemiyası və maliyyə böhranının bürüməsinə baxmayaraq, ölkəmizdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması dövlət başçımızın diqqət mərkəzində saxladığı zəruri məsələlərdən olub. Bu istiqamətdə mütəmadi olaraq ardıcıl addımlar atılıb. Həmin məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilib, müavinət və təqaüdlərin məbləği artırılıb. Son 3 il ərzində orta aylıq nominal əməkhaqqının məbləğində 39, əmək pensiyalarının orta məbləğində 60 faiz, artım qeydə alınıb. Bununla yanaşı, sosial müavinətlərin orta məbləği də 2 dəfə artırılıb.

 

Ç.Qənizadə Prezident İlham Əliyevin 2019-cu il 25 fevral tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamını xatırladaraq həmin sənədin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində inqilabi dəyişiklik olduğunu bildirib. Çünki həmin Sərəncam bütün təbəqədən olan insanların həyat tərzinin yaxşılaşdırılmasını özündə ehtiva edirdi.

 

O, son 18 ildə Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayandığını diqqətə çatdırıb və həyata keçirilən bütün tədbirlərin, reallaşdırılan innovativ islahatların insanların sosial rifahının, güzəranının daha da yaxşılaşdırılmasına, müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətləndiyni vurğulayıb. Bildirib ki, son illər ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik. Şəhid ailələrinə diqqət və qayğı isə dövlət başçımızın xüsusi nəzarətindədir.

 

Ç.Qənizadə deyib: “Dövlətimiz Azərbaycanının ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Qürurverici haldır ki, dövlət hər bir qazi və şəhid ailəsinin yanındadır. Müharibə dövründə sağlamlığını itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilib. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi kömək göstərilməkdədir. İndiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonunadək mənzillər veriləcək. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilib. Dünyanın heç bir ölkəsində əhalinin aztəminatlı ailələrinə, əhalinin ən həssas təbəqəli qrupuna bu səviyyədə qayğı göstərilmir. Dövlət başçımızın 18 il prezidentlik fəaliyyəti dövründə xalqımız bunun şahididir”.

 

O bildirib ki, həyata keçirilən tədbirlər insana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindən olduğunu bir daha təsdiqləyir. Nəzərə alsaq ki, koronavirus pandemiyası hələ də tüğyan edir və ölkəmiz müharibədən yenicə ayrılıb, yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər bir an olsa, belə unudulmayıb. İqtisadiyyatın sürətli inkişafı yoxsulluğun səviyyəsinin azaldılması üçün geniş imkanlar açıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi kəskin şəkildə azalıb. Bu, onu göstərir ki, sosial siyasət çox düzgün aparılır və iqtisadi imkanlar çətin vəziyyətdə yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir.

 

Hüquq müdafiəçisi qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Ölkəmizin iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla qarşıdakı illərdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?