Ermənistanın Ədliyyə Nazirliyi yeni Konstitusiya layihəsinin mətnini bazar ertəsi dərc edəcək. Həmin gün Nikol Paşinyan xalqa müraciət edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı məlumat verib.
Xatırladaq ki, Konstitusiya dəyişikliyində müzakirənin əsas mövzularından biri qüvvədə olan Konstitusiyanın preambulasındakı Müstəqillik Bəyannaməsinə istinaddır. 1990-cı il bəyannaməsində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-lə birləşdirilməsi barədə 1989-cu il qərarına istinad edilir. Paşinyan yeni Konstitusiyada bəyannaməyə istinadın saxlanılmamasını müdafiə edir. Onun fikrincə, sənəddəki bu müddəalar Ermənistanı qarşıdurma xəttində saxlayır. Baş nazir konstitusiya islahatını Ermənistanın daxili siyasi gündəliyinin bir hissəsi kimi təqdim edir.
Rəsmi Bakı isə mövcud istinadı Azərbaycana qarşı ərazi iddiasının hüquqi əsası kimi qiymətləndirir və bunun aradan qaldırılmasını sülh sazişinin imzalanması üçün şərt sayır. Azərbaycanla Ermənistan sülh sazişinin mətnini 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflayıblar.
Layihədə dövlət qurumlarının formalaşdırılması ilə bağlı dəyişikliklər də nəzərdə tutulur. Paşinyanın sözlərinə görə, parlament müxalifətinə Ali Məhkəmə Şurasında və digər müstəqil kollegial qurumlarda kvota ayrılması təklif edilir.